Məhkəmə qərarları › İş №2(012)-570/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-570/2025

28.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-570/2025 28.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 7756.77 USD, faiz borcu üzrə 950.42 USD, cərimə borcu üzrə 115.66 USD olmaqla, cəmi 8822.85 USD borcun tutularaq iddiaçıya ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 03 iyun 2016-ci il tarixli 2(012)-4546/2016 saylı əmri ilə xx xxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş ünvan 1 ünvanında yaşayan Cavabdeh1, 01 yanvar 1963-cü il tarixdə Tovuz rayonunda anadan olmuş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yaşayan X1, xx xxxxxx 1983-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuş Abşeron rayonu, Masazır kəndində yaşayan Cavabdeh2 və xx xxxxx 1963-cü il tarixdə Bərdə rayonunda anadan olmuş Abşeron rayonu, Masazır kəndində yaşayan Cavabdeh3 müştərək qaydada 7756,77 (yeddi min yeddi yüz əlli altı dollar, yetmiş yeddi sent) ABŞ dolları əsas borc, 950,42 (doqquz yüz əlli dollar, qırx iki sent) ABŞ dolları faiz borcu və 115,66 (yüz on beş dollar, altmış altı sent) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8822,85 (səkkiz min səkkiz yüz iyirmi iki dollar, səksən beş sent) ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul vəsaitinin əvəzi tutulub "xxxx" KB ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4546/2016 saylı qərardadına əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(012)- 4546/2016 saylı məhkəmə əmri ləğv edilərək, işə iddia icraatı qaydasında mahiyyəti üzrə baxılması qərara alınmışdır. İddiaçı "xxxx" KB ASC iddianın aid olduğu 183micXRD/15 nömrəli kredit müqaviləsi üzrə tələb hüquqları xx.xx.2021-ci il tarixli 02/21UB №li nömrəli müqavilə əsasında "xxxx" KB ASC-dən İddiaçı ASC-yə keçdiyi üçün iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini xahiş etmiş və bu vəsatət məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında təmin edilərək iddiaçı "xxxx" KB ASC əsl İddiaçı ASC ilə əvəz edilmişdir. Məhkəmə gedişində İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. O qeyd etdi ki, ilk dəfə bağlanmış 2011-ci il tarixli müqavilə üzrə zamin olmuş, lakin sonradan bağlanmış müqavilədə, yəni hazırki tələb üzrə müqavilədə iştirak etməmiş və müqaviləni imzalamamışdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, borcu olduğunu qəbul edir. İlk dəfə 2011-ci ildə, sonuncu dəfə 2015-ci ildə "xxxx" KB ASC-dən kredit götürmüşdür. 2011-ci il tarixli müqavilədə Cavabdeh2 zamin kimi iştirak etmiş olsa da, 2015-ci il tarixli müqavilə imzalanarkən Cavabdeh2 iştirak etməmişdir. İddianın qismən təmin edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli, 653micXRD/13-EM saylı əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" KB ASC-dən 60 ay müddətinə 20000 manat məbləğində kredit xətti açılmışdır. X3 və Cavabdeh2 həmin müqavilə üzrə zamin kimi öhdəlik götürmüşlər. Mülki işin materiallarından olan xx.xx.2015-ci il tarixli, 183micXRD/15 saylı əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh1 "xxxx" KB ASC-dən aylıq faiz dərəcəsi 27% оlmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 9500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Mülki işin materiallarından olan xx.xx.2015-ci il tarixli sazişdən görünür ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 653micXRD/13-EM saylı əsas kredit müqaviləsinə əsasən Cavabdeh3 zamin kimi öhdəlik götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2025-ci il tarixli BOA-20436 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 183micXRD/15 saylı kredit müqaviləsi üzrə 8343,17 USD məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/2030 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, "xxxx" KB ASC ilə Cavabdeh2 adlarından olan xx.xx.2013-cü il tarixli, 653micXRD/13-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin kserosurətində “Zamin Cavabdeh2” qrafasında əks olunmuş imzanın Cavabdeh2 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən (sənədin kserosurət olması, tədqiq olunan imzada qrafik materialın azlığı və s.) səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri 126 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 5/861 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2013-cü il tarixli, 653micXRD/13-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin surətinin ikinci vərəqindəki “Zamin”: “Cavabdeh2” yazıların altındakı imza elektrofotoqrafik çap qurğusunda (surətçıxaran, lazer printer və s.) çap edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə xətşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 653micXRD/13-EM saylı əsas kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 60 ay müddətinə 20000 manat kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən X3 və Cavabdeh2 zamin kimi öhdəlik götürmüşlər. Bundan sonra "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 183micXRD/15 saylı əlavə kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 27 % ödəmək şərtilə 9500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə Cavabdeh3 zamin kimi öhdəlik götürmüşdür. "xxxx" KB ASC müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdehlər götürdükləri öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişlər. Cavabdeh1 xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə banka 8343,17 USD məbləğində borcu yaranmışdır. İddiaçı bu borcları özünün maliyyə arayışı ilə təsdiq etmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 8343,17 USD məbləğində borcu vardır. Mübahisənin daha obyektiv həll edilməsi məqsədilə məhkəmənin müvafiq qərardadına əsasən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert tədqiqatı ilə xx.xx.2013-cü il tarixli, 653micXRD/13-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin kserosurətində “Zamin Cavabdeh2” qrafasında əks olunmuş imzanın Cavabdeh2 tərəfindən icra olunub-olunmamasını müəyyən etməyin mümkün olmadığı, sonrakı ekspertizada isə müqavilənin surətinin ikinci vərəqindəki “Zamin”: “Cavabdeh2” yazıların altındakı imzanın elektrofotoqrafik çap qurğusunda (surətçıxaran, lazer printer və s.) çap edildiyi müəyyən edilmişdir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edərək, onunla razılaşır. Belə olduğu təqdirdə, "xxxx" KB ASC tərəfindən tərtib edilmiş xx.xx.2013-cü il tarixli, 653micXRD/13-EM saylı kredit müqaviləsi üzrə Cavabdeh2 zamin kimi öhdəlik daşımadığından məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Belə ki, qeyd edilən müavilədə olan imzanın zamin Cavabdeh2 məxsusluğu ekspertiza tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin qeyd edilən müqavilənin əsli də, ekspertiza tədqiqatına iddiaçı tərəfindən mövcud olmaması səbəbindən təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə bu halı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşdüyündən və bu xüsusat təsdiq edilmədiyindən iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin qalan hissəsi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər həmin Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Göstərilən Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq norması) Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. İşin faktiki hallarından müəyyən edilir ki, Cavabdeh1 müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə eyni zamanda digər Cavabdeh3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin ödənilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, "xxxx" KB ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqaviləsi bağlanmasına baxmayaraq onlar üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirmədiklərindən və bununla da onların əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən 8343,17 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla), həmçinin ödənilmiş dövlət rüsumuna görə 20 manat pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, ekspertiza keçirilməsi zərurəti zamin Cavabdeh2 münasibətdə mövcud olduğundan və ona münasibətdə iddia tələbi təmin edilmədiyindən ekspertiza xərci kimi tələb edilən 226 (100+126) manat pul İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh3 8343,17 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və dövlət rüsumu olaraq 20 manat pul müştərək qaydada tutularaq İddiaçı ASCyə ödənilsin. Ekspertizanın dəyəri kimi 226 manat pul İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar