Məhkəmə qərarları › İş №2(012)-5719/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5719/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5719/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 28.12.2018-ci il tarixli müqaviləyə əsasən, Samsung Paltaryuyan üçün 402 manat ödənilməmiş hissə, 120 manat dəbbə; 28.12.2018-ci il tarixli müqaviləyə əsasən, Venus markalı çarpayı, dolab, masa Venetsiya mebel əşyası, Doshek Uretan üçün 1672 manat ödənilməmiş hissə, 501 manat dəbbə; 11.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********60125 Samsung Galaxy A70 markalı telefon üçün 345 manat ödənilməmiş hissə, 99 manat dəbbə pulu, ümumilikdə, 3139 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə bağladığı 28.12.2018-ci il, 28.12.2018-ci il və 11.08.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung Paltaryuyan, Venus markalı çarpayı, dolab, masa Venetsiya mebel əşyası, Doshek Uretan, İMEİ Kodu **********60125 Samsung Galaxy A70 markalı telefon almış və nəticədə 3139 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.12.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1330 manat (19 ay x 67 manat + 57 manat ilkin ödəniş) Samsung Paltaryuyan üçün ümumilikdə, 522 manat olmaqla ondan, 402 manat ödənilməmiş hissə, 120 manat dəbbə; 28.12.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3652 manat (24 ay 152 manat + 4 manat ilkin ödəniş) Venus markalı çarpayı, dolab, masa Venetsiya mebel əşyası, Doshek Uretan üçün ümumilikdə, 2173 manat olmaqla ondan, 1672 manat ödənilməmiş hissə, 501 manat dəbbə; 11.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1041 manat (12 ay x 83 manat + 45 manat ilkin ödəniş) İMEİ Kodu **********60125 Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə, 444 manat olmaqla ondan, 345 manat ödənilməmiş hissə, 99 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3604 manat təşkil edir. Müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC ilə bağladığı 28.12.2018-ci il, 28.12.2018-ci il və 11.08.2019-cu il tarixli müqavilələrə əsasən, Samsung Paltaryuyan, Venus markalı çarpayı, dolab, masa Venetsiya mebel əşyası, Doshek Uretan, İMEİ Kodu **********60125 Samsung Galaxy A70 markalı telefon almışdır. Müqavilələr üzrə öhdəliklərini yerinə yetirsə də pandemiya dövründə maddi çətinlikləri yaranmışdır. Müqavilələr üzrə əsas borc məbləğini qəbul edir, lakin cərimə borcu ilə razı deyildir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 28.12.2018-ci il tarixli 00442935 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 31.01.2019-cu il tarixdən 31.07.2020-ci il tarixədək hər ay 67 manat ödəniş etməklə almışdır. -28.12.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 28.12.2018-ci il tarixli 00442967 saylı müqaviləndən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 31.01.2019-cu il tarixdən 31.12.2020-ci il tarixədək hər ay 152 manat ödəniş etməklə almışdır. -28.12.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 11.08.2019-cu il tarixli 00840330 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 24.09.2019-cu il tarixdən 24.08.2020-ci il tarixədək hər ay 83 manat ödəniş etməklə almışdır. -11.08.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -"xxxx" MMC tərəfindən verilmiş 21.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 28.12.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1330 manat (19 ay x 67 manat + 57 manat ilkin ödəniş) Samsung Paltaryuyan üçün ümumilikdə, 522 manat olmaqla ondan, 402 manat ödənilməmiş hissə, 120 manat dəbbə; 28.12.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3652 manat (24 ay 152 manat + 4 manat ilkin ödəniş) Venus markalı çarpayı, dolab, masa Venetsiya mebel əşyası, Doshek Uretan üçün ümumilikdə, 2173 manat olmaqla ondan, 1672 manat ödənilməmiş hissə, 501 manat dəbbə; 11.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1041 manat (12 ay x 83 manat + 45 manat ilkin ödəniş) İMEİ Kodu **********60125 Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə, 444 manat olmaqla ondan, 345 manat ödənilməmiş hissə, 99 manat dəbbə pulu hesablanmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, Cavabdeh müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 11.11.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 09.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri R.Axundov küçəsi 1/1 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinə əsasən, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər üç müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 28.12.2018-ci il tarixli 00442935 saylı Müqavilə üzrə 402 manat ödənilməmiş hissə üzrə hesablanmış 120 manat, 28.12.2018-ci il tarixli 00442967 saylı Müqavilə üzrə 1672 manat ödənilməmiş hissə üzrə hesablanmış 501 manat, 11.08.2019-cu il tarixli 00840330 saylı Müqavilə üzrə 345 manat ödənilməmiş hissə üzrə hesablanmış 99 manat məbləğində cərimələrin azaldılaraq 28.12.2018-ci il tarixli 00442935 saylı Müqavilə üzrə 5.00 manat, 28.12.2018-ci il tarixli 00442967 saylı Müqavilə üzrə 10.00 manat, 11.08.2019-cu il tarixli 00840330 saylı Müqavilə üzrə 5.00 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 28.12.2018-ci il tarixli 00442935 saylı Müqavilə üzrə 402 manat əsas, 5.00 manat cərimə olmaqla cəmi 407 manat, 28.12.2018-ci il tarixli 00442967 saylı Müqavilə üzrə 1672 manat əsas, 10 manat cərimə olmaqla cəmi 1682 manat, 11.08.2019-cu il tarixli 00840330 saylı Müqavilə üzrə 345 manat əsas, 5.00 manat cərimə olmaqla cəmi 350 manat borc, və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. • 28.12.2018-ci il tarixli 00442935 saylı Müqavilə üzrə 402 (dörd yüz iki) manat əsas, 5.00 (beş) manat cərimə olmaqla cəmi 407 (dörd yüz yeddi) manat, • 28.12.2018-ci il tarixli 00442967 saylı Müqavilə üzrə 1672 (min altı yüz yetmiş iki) manat əsas, 10.00 (on) manat cərimə olmaqla cəmi 1682 (min altı yüz səksən iki) manat, • 11.08.2019-cu il tarixli 00840330 saylı Müqavilə üzrə 345 (üç yüz qırx beş) manat əsas, 5.00 (beş) manat cərimə olmaqla cəmi 350 (üç yüz əlli) manat, Müqavilələr üzrə cəmi 2439 (iki min dörd yüz otuz doqquz) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar