Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5721/2021 23.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 27.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********01674 iPhone Xs markalı telefon, Apple Airpods üçün 2724 manat ödənilməmiş hissə, 817 manat dəbbə, 21.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Led televizor üçün 880 manat ödənilməmiş hissə, 264 manat dəbbə pulu olmaqla ümumilikdə, 4685 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ABC X2 Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 27.09.2019-cu il və 21.10.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********01674 iPhone Xs markalı telefon, Apple Airpods, Samsung Led televizor almış və nəticədə 4685 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4104 manat (18 ay x 227 manat + 18 manat ilkin ödəniş) İMEİ Kodu **********01674 iPhone Xs markalı telefon, Apple Airpods üçün ümumilikdə, 3541 manat olmaqla ondan, 2724 manat ödənilməmiş hissə, 817 manat dəbbə; 21.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1584 manat (18 ay x 88 manat + 0 manat ilkin ödəniş) Samsung Led televizor üçün ümumilikdə, 1144 manat olmaqla ondan, 880 manat ödənilməmiş hissə, 264 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2084 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 27.09.2019-cu il tarixli 00941756 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 31.10.2019-cu il tarixdən 31.03.2021-ci il tarixədək hər ay 227 manat ödəniş etmək şərti ilə almışdır. -27.09.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 21.10.2019-cu il tarixli 00996160 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 21.11.2019-cu il tarixdən 21.04.2021-ci il tarixədək hər ay 88 manat ödəniş etməklə almışdır. -21.10.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyanı ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -"xxxx" MMC tərəfindən verilmiş 01.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 27.09.2019-cu il və 21.10.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********01674 iPhone Xs markalı telefon, Apple Airpods, Samsung Led televizor almış və nəticədə 4685 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 27.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4104 manat (18 ay x 227 manat + 18 manat ilkin ödəniş) İMEİ Kodu **********01674 iPhone Xs markalı telefon, Apple Airpods üçün ümumilikdə, 3541 manat olmaqla ondan, 2724 manat ödənilməmiş hissə, 817 manat dəbbə; 21.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1584 manat (18 ay x 88 manat + 0 manat ilkin ödəniş) Samsung Led televizor üçün ümumilikdə, 1144 manat olmaqla ondan, 880 manat ödənilməmiş hissə, 264 manat dəbbə pulu hesablanmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, Cavabdeh müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Abşeron RPİ tərəfindən verilmiş 30.06.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 05.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167, 12-ci küçə, 3 saylı evin 46 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər iki müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 27.09.2019-cu il tarixli 00941756 saylı müqaviləyə əsasən 2724 manat ödənilməmiş hissə üzrə hesablanmış 817 manat məbləğində cərimənin azaldılaraq 50 manat, 21.10.2019-cu il tarixli 00996160 saylı müqaviləyə əsasən isə 880 manat ödənilməmiş hissə üzrə hesablanmış 264 manat məbləğində cərimənin azaldılaraq 20 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 27.09.2019-cu il tarixli 00941756 saylı müqavilə üzrə 2724 manat əsas, 50 manat cərimə olmaqla cəmi 2274 manat, 21.10.2019-cu il tarixli 00996160 saylı müqavilə üzrə 880 manat əsas, 20 manat cərimə olmaqla cəmi 3674 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 27.09.2019-cu il tarixli 00941756 saylı müqavilə üzrə 2724 (iki min yeddi yüz iyirmi dörd) manat əsas, 50 (əlli) manat cərimə olmaqla cəmi 2774 (iki min yeddi yüz yetmiş dörd) manat borc, 21.10.2019-cu il tarixli 00996160 saylı müqavilə üzrə 880 (səkkiz yüz səksən) manat əsas, 20 (iyirmi) manat cərimə olmaqla cəmi 900 (doqquz yüz) manat borc, müqavilələr üzrə cəmi 3674 (üç min altı yüz yetmiş dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov