Məhkəmə qərarları › İş №2(012)-576/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-576/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-576/2022 17.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə 17 yanvar 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 05 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1810.1 manat əsas borc, 190.98 manat faiz borcu və 05.07.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 21.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2022.33 manat borcun və 40.23 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 05.04.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 05 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 28 faizlə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 05 aprel 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 12 may 2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 05 iyul 2021-ci il tarixədək uzadılmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30.09.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 05 aprel 2019-cu il tarixli kredit müqaviləsi üzrə 1810.1 manat əsas borc, 190.98 manat faiz borcu və 05.07.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 21.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2022.33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -"xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.04.2019-cu il tarixli, 11-MZ-1- 0-746-19 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 24 ay müddətinə illik faiz dərəcəsi 28 faiz olmaqla 10000 manat kredit verməyi, borcalan isə həmin kredit məbləğini banka ödəməyi öhdəsinə götürmüşdür. -Müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 05.05.2019-cu il tarixdən başlayaraq, 05.04.2021-ci il tarixədək 10000 manat əsas, 3173.28 manat faiz olmaqla, cəmi 13173.28 manat borcu hissə-hissə ödəməklə banka qaytarmalıdır. -30.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 05.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1810.1 manat əsas borc, 190.98 manat faiz borcu və 05.07.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 21.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 2022.33 manat vardır. - "xxxx" İKB ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 05.04.2019-cu il tarixli, 11-MZ-1-0-746-19 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqavilənin predmetini 05.04.2019-cu il tarixli, 11-MZ-1-0-746-19 saylı kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün zaminin məsuliyyəti öz üzərinə götürməsi təşkil edir. -05.04.2019-cu il tarixli, 11-MZ-1-0-746-19 saylı kredit müqaviləsinə və 05.04.2019cu il tarixli, 11-MZ-1-0-746-19 saylı zaminlik müqaviləsinə 12 may 2020-ci il tarixli Əlavə Saziş 1 görünür ki, müqavilə üzrə kreditin müddəti 05.07.2021-ci il tarixədək uzadılmışdır. -20.09.2021-ci il tarixli xəbərdarlıqdan və qəbzlərdən görünür ki, cavabdehlərə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar xəbərdarlıq edilmiş, borcun ödənilməsi üçün 5 gün vaxt verilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 40.23 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" İKB ASC və Cavabdeh1 arasında bağlanmış 05.04.2019-cu il tarixli, 11-MZ-1-0-746-19 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə illik 28 faiz dərəcəsi 10000 manat məbləğində kredit verilmişdir. 12 may 2020-ci il tarixdə həmin müqaviləyə əlavə imzalanmış və müqaviləyə dəyişiklik edilərək müqavilənin müddəti 05.07.2021-ci ilədək müəyyən edilmişdir. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka 1810.1 manat əsas borc, 190.98 manat faiz borcu və 05.07.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 21.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2022.33 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.04.2019-cu il tarixli, 11-MZ-1-0-746-19 saylı kredit müqaviləsi ləğv edilməli, İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 1810.1 manat əsas borc, 190.98 manat faiz borcu və 05.07.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 21.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2022.33 manat borc və ödənilmiş dövlət rüsumuna görə 40.23 manat pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 217.4. maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05.04.2019-cu il tarixli, 11-MZ-1- 0-746-19 saylı kredit müqaviləsi ləğv edilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 05.04.2019cu il tarixli, 11-MZ-1-0-746-19 saylı kredit müqaviləsi üzrə 1810.1 manat əsas borc, 190.98 manat faiz borcu və 05.07.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 21.25 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 2022.33 manat borc və ödənilmiş dövlət rüsumuna görə 40.23 manat pul vəsaiti tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar