Məhkəmə qərarları › İş №2(012)-5804/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5804/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5804/2021 26.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 24.10.2019-cu il tarixli müqaviləyə əsasən, Samsung Led televizor üçün 1034 manat ödənilməmiş hissə, 309 manat dəbbə; 18.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********21324 Huawei Y7 prime markalı telefon üçün 408.8 manat ödənilməmiş hissə, 120.2 manat dəbbə; 03.02.2020-ci il tarixli müqaviləyə əsasən, LG Qabyuyan üçün 1980 manat ödənilməmiş hissə, 528 manat dəbbə pulu olmaqla, ümumilikdə, 4380 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh "xxxx" MMC ilə bağladığı 24.10.2019-cu il, 18.02.2020-ci il və 03.02.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung Led televizor, İMEİ Kodu **********21324 Huawei Y7 prime markalı telefon, LG Qabyuyan almış və nəticədə 4380 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 24.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1850 manat (12 ay x 129 manat + 302 manat ilkin ödəniş) Samsung Led televizor üçün ümumilikdə, 1343 manat olmaqla ondan, 1034 manat ödənilməmiş hissə, 309 manat dəbbə; 18.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 490.8 manat (12 ay x 40 manat 90 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********21324 Huawei Y7 prime markalı telefon üçün ümumilikdə, 529 manat olmaqla ondan, 408.8 manat ödənilməmiş hissə, 120.2 manat dəbbə; 03.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1980 manat (18 ay x 110 manat + 0 manat ilkin ödəniş) LG Qabyuyan üçün ümumilikdə, 2508 manat olmaqla ondan, 1980 manat ödənilməmiş hissə, 528 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 898 manat təşkil edir. Müqavilənin ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin ödəniş cədvəlinin 3-cü bəndinə əsasən ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, "xxxx" MMC ilə bağladığı 24.10.2019-cu il, 18.02.2020-ci il və 03.02.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung Led televizor, İMEİ Kodu **********21324 Huawei Y7 prime markalı telefon, LG Qabyuyan almışdır. Belə ki, müqavilə üzrə aldığı mobil telefonu o, qızına almış və həmin məhsulun dəyərini də qızı və oğlu birlikdə ödəməli idi. Lakin oğlu tutulduğundan maddi çətinliyi yaranmış və ödənişlərində gecikmələri başlamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 24.10.2019-cu il tarixli 01002251 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 30.11.2019-cu il tarixdən 31.10.2020-ci il tarixədək hər ay 129 manat ödəniş etməklə almışdır. -24.10.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 18.02.2020-ci il tarixli 20112347 saylı müqaviləndən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyalara görə 31.03.2020-ci il tarixdən 28.02.2021-ci il tarixədək hər ay 40.9 manat ödəniş etməklə almışdır. -18.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyaları ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış 03.02.2020-ci il tarixli 20077808 saylı müqavilədən və 1 saylı əlavədən görünür ki, cavabdeh aldığı əşyaya görə 10.03.2020-ci il tarixdən 10.08.2021-ci il tarixədək hər ay 110 manat ödəniş etməklə almışdır. -03.02.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən əşyanı ABC Telecom MMC-dən tam qüsursuz halda təhvil almışdır. -"xxxx" MMC tərəfindən verilmiş 14.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh 24.10.2019-cu il, 18.02.2020-ci il və 03.02.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung Led televizor, İMEİ Kodu **********21324 Huawei Y7 prime markalı telefon, LG Qabyuyan almış və nəticədə 4380 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 24.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1850 manat (12 ay x 129 manat + 302 manat ilkin ödəniş) Samsung Led televizor üçün ümumilikdə, 1343 manat olmaqla ondan, 1034 manat ödənilməmiş hissə, 309 manat dəbbə; 18.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 490.8 manat (12 ay x 40 manat 90 qəpik + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********21324 Huawei Y7 prime markalı telefon üçün ümumilikdə, 529 manat olmaqla ondan, 408.8 manat ödənilməmiş hissə, 120.2 manat dəbbə; 03.02.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1980 manat (18 ay x 110 manat + 0 manat ilkin ödəniş) LG Qabyuyan üçün ümumilikdə, 2508 manat olmaqla ondan, 1980 manat ödənilməmiş hissə, 528 manat dəbbə pulu hesablanmışdır. -İş materiallarında olan xəbərdarlıq və poçt qəbzindən görünür ki, Cavabdeh müqavilələr üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 12.03.2015-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 17.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Novxanı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.2 maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1. maddəsinə əsasən əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən yuxarıda qeyd olunan müqavilələrə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə əşyalar almış, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər üç müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış 24.10.2019-cu il tarixli 01002251 saylı müqavilə üzrə 1034 manat ödənilməmiş hissə üzrə hesablanmış 309 manat, 18.02.2020-ci il tarixli 20112347 saylı müqavilə üzrə 408.8 manat ödənilməmiş hissə üzrə hesablanmış 120.2 manat, 03.02.2020-ci il tarixli 20077808 saylı müqavilə üzrə 1980 manat ödənilməmiş hissə üzrə hesablanmış 528 manat cərimələrin azaldılaraq hər bir müqavilə üzrə 10.00 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, 24.10.2019-cu il tarixli 01002251 saylı müqavilə üzrə 1034 manat əsas, 10.00 manat cərimə olmaqla cəmi 1044 manat, 18.02.2020-ci il tarixli 20112347 saylı müqavilə üzrə 408.8 manat əsas, 10.00 manat cərimə olmaqla cəmi 418.8 manat, 03.02.2020-ci il tarixli 20077808 saylı müqavilə üzrə 1980 manat əsas, 10.00 manat cərimə olmaqla cəmi 3452.8 manat borc, və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220 və 222.2ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. 24.10.2019-cu il tarixli 01002251 saylı müqavilə üzrə 1034 (min otuz dörd) manat əsas, 10 (on) manat cərimə olmaqla cəmi 1044 (min qırx dörd) manat, 18.02.2020-ci il tarixli 20112347 saylı müqavilə üzrə 408.8 (dörd yüz səkkiz manat səksən qəpik) manat əsas, 10.00 (on) manat cərimə olmaqla cəmi 418.8 (dörd yüz on səkkiz manat səksən qəpik) manat, 03.02.2020-ci il tarixli 20077808 saylı müqavilə üzrə 1980 (min doqquz yüz səksən) manat əsas, 10 (on) manat cərimə olmaqla cəmi 1990 (min doqquz yüz doxsan) manat, müqavilələr üzrə cəmi 3452.8 (üç min dörd yüz əlli iki manat səksən qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMCnin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar