Məhkəmə qərarları › İş №2(012)-5809/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5809/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5809/2021 25.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi, İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Nikoyl İKB ASC ilə Cavabdeh arasında bağlanmış 11.06.2019-cu il tarixli 24-Y-3-0-920-19 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borca görə 6878.95 manat, faiz borcuna görə 958.94 manat, cəriməyə görə 272.41 manat olmaqla cəmi 8110.3 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq YeloBank Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 11.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Nikoyl İKB ASC-dən illik 20 faizlə 36 ay müddətinə 12000 manat kredit verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.08.2021-ci il tarixədək Cavabdeh banka kredit müqaviləsi üzrə əsas borca görə 6878.95 manat, faiz borcuna görə 958.94 manat, cəriməyə görə 272.41 manat olmaqla cəmi 8110.3 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilmiş, əsas borc məbləği azalmış, bu səbəbdən də hazırda cavabdehin banka əsas borca görə 1878.95 manat, faiz borcuna görə 1239.28 manat, cəriməyə görə 584.22 manat olmaqla cəmi 3702.45 manat borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, 11.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona Nikoyl İKB ASCdən illik 20 faizlə 36 ay müddətinə 12000 manat kredit verilmişdir. Vətən Müharibəsi döyüşlərində iştirak edib yaralanmışdır. Onun kredit müqaviləsi üzrə banka gecikməsi olmamış, lakin 4 ay müddətində Laçında döyüşlərdə olduğundan bank onunla əlaqə saxlaya bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Hazırda, onun kredit müqaviləsi üzrə banka müəyyən ödənişləri olmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Kredit verən Nikoyl İKB Açıq Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh arasında bağlanmış 11.06.2019-cu il tarixli 24-Y-3-0-920-19 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 20% hesabı ilə 12000 manat kredit verilmişdir. -11.06.2019-cu il tarixli məxaric orderindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə bankdan 12000 manat krediti imza edərək təhvil almışdır. -11.06.2019-cu il tarixli 24-Y-3-0-920-19 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcları bir ay sonradan, yəni 11.07.2019-cu il tarixdən başlayaraq, 11.06.2022-ci il tarixinədək hər ay banka 445.96 (sonuncu ay 446.13 manat) ödəməklə qaytarmalıdır. -YeloBank ASC tərəfindən kredit alan Cavabdeh ünvanlanmış 16.08.2021-ci il tarixli 13085 saylı xəbərdarlıqdan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. -YeloBank ASC-nin 27.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.06.2019-cu il tarixli 24-Y-3-0-920-19 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 6878.95 manat, faiz borcuna görə 958.94 manat, cəriməyə görə 272.41 manat olmaqla cəmi 8110.3 manat borcu vardır. -YeloBank ASC-nin 25.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11.06.2019-cu il tarixli 24-Y-3-0-920-19 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 1878.95 manat, faiz borcuna görə 1239.28 manat, cəriməyə görə 584.22 manat olmaqla cəmi 3702.45 manat borcu vardır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 03.02.2021-ci il tarixli, **********461600 nömrə ilə çıxarış verilmiş, əvvəlki qanuni təmsilçi X5, hazırki qanuni təmsilçi isə X6r. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC – adlı quruma, VÖEN **********, 203 dövlət qeydiyyatı nömrəsi ilə 25.02.1994-cü il tarixdə qeydə alınmış və 25.06.2021-ci il tarixli, **********620100 nömrə ilə çıxarış verilmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 25.05.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 18.08.2021-ci il tarixli arayışdan görünür ki, Sarıyev X3 rayonu Hökməli qəsəbəsi Yeni Məhəllə ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi borclu Cavabdeh bankdan kredit müqaviləsi üzrə borc götürmüş və kredit götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.1. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin araşdırılan hallarını və tədqiq edilmiş sübutları qiymətləndirib hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka əsas borca görə 6878.95 manat, faiz borcuna görə 958.94 manat, cəriməyə görə 272.41 manat olmaqla cəmi 8110.3 manat borcu yaranmış, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 25.11.2021-ci il tarixli maliyyə arayışına əsasən isə cavabdeh tərəfindən ödənişlər edilməsi nəzərə alınaraq kredit müqaviləsi üzrə 1878.95 manat, faiz borcuna görə 1239.28 manat, cəriməyə görə 584.22 manat olmaqla cəmi 3702.45 manat borcunun qalması müəyyən olunmuşdur. Məhkəmə maliyyə arayışlarını iddia tələbi ilə paralel şəkildə qiymətləndirib əsas borc məbləğinin azalmasını nəzərə alaraq, Cavabdeh kredit müqaviləsi üzrə əsas borca görə 1878.95 manat pul vəsaitinin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda, qeyd edir ki, kredit müqaviləsi üzrə borcun tutulmasını təsdiq edən maliyyə arayışlarına əsasən cavabdehin banka faiz borcuna görə 958.94 manat və 1239.28 manat borcu hesablanmışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə istinad edərək, iddia tələblərindən kənara çıxmayaraq cavabdehdən iddiaçının xeyrinə faiz borcuna görə 958.94 manat borcun tutulmasını məqsədəmüvafiq hesab edir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə cərimə borcuna münasibət bildirərək qeyd edir ki, maliyyə arayışlarına əsasən cavabdehin banka kredit müqaviləsi üzrə cərimə borclarına görə 272.41 manat və 584.22 manat borcu hesablanmışdır. Məhkəmə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə istinad edərək, iddia tələblərindən kənara çıxmayaraq cavabdehdən iddiaçının xeyrinə cərimə borcuna görə 272.41 manat borcun tutulmasına hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 272.41 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə əsas borc üzrə hesablanmış 272.41 manat məbləğində cərimənin azaldılaraq 5 (beş) manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Nikoyl İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.06.2019-cu il tarixli 24-Y-3-0-920-19 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 1878.95 manat, faiz borcuna görə 958.94 manat, cəriməyə görə 5.00 manat olmaqla cəmi 2842.89 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Nikoyl İKB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 11.06.2019-cu il tarixli 24-Y-3-0-920-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 11.06.2019-cu il tarixli 24-Y-3-0-920-19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 1878.95 (min səkkiz yüz yetmiş səkkiz manat doxsan beş qəpik) manat, faiz borcuna görə 958.94 (doqquz yüz əlli səkkiz manat doxsan dörd qəpik) manat, cəriməyə görə 5.00 (beş) manat olmaqla cəmi 2842.89 (iki min səkkiz yüz qırx iki manat səksən doqquz qəpik) borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar