Məhkəmə qərarları › İş №2(012)-584/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-584/2024

25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-584/2024 25.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və aliment, habelə alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2011- ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci ildə 369 nömrəli aktla təsdiq olunmuş nikahın əlavə vaxt verilmədən pozulması, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən hər ay bir uşağa görə onun xeyrinə 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, nikah Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 04 06.2011-ci il tarixdə 369 nömrəli aktla təsdiq edilmişdir. Birgə nikahdan 16 mart 2012-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı 3 uşaq dünyaya gəlmişdir. Cavabdehlə hazırda faktiki ailə münasibətləri yoxdur, aralarında daima stress və gərginlik yaranır, bu səbəbdən nikaha xitam verilməsi qərara alınmışdır. Birgə təsərrüfatla məşğul olmurlar. Nikah faktiki pozulmuşdur, sadəcə formal xarakter daşıyır. Ailəni bərpa etmək artıq mümkün deyil. Hazırki vəziyyətdə münasibətlər daha gərgin fazaya keçdiyindən nikaha xitam verilməlidir. 16 mart 2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X9 üçün cavabdehdən nikah pozulmadan aliment tələb etmişdir. Cavabdehlə aralarındakı ailə münasibətləri pozulduğu üçün o, digər iki övladı üçün cavabdehdən aliment alır. Hazırda isə iki övladı üçün məhkəməyə alimentin artırılması tələbi ilə bağlı iddia ərizəsi vermişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 04 iyul 2016-cı il tarixli, 2(012)-4619/2016 saylı qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 üçün onun xeyrinə hər uşağa görə 117 (yüz on yeddi) manat, cəmi hər ay 234 (iki yüz otuz dörd) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq cavabdehdən hər ay bir uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4619/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 üçün onun xeyrinə hər ay hər uşağa görə 117 (yüz on yeddi) manat olmaqla, cəmi 234 (iki yüz otuz dörd) manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh ilə onun arasında 04 iyun 2011-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 369 saylı rəsmi nikah qeydə alınmışdır. O, nikah pozulmadan cavabdehdən aliment tələb etmişdir. Onlar bundan sonra yenidən barışmışlar və bu münasibətlərdən 25 iyul 2017-ci il təvəllüdlü X10 adlı uşaq doğulmuşdur. Hazırda onlar yenə də ayrı yaşayırlar və 3 övladı onun himayəsindədir. Onların maddi təminatını ödəməkdə çətinlik çəkir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5716/2023-cü il tarixli qəraradadı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair 2(012)- 5716/2023 saylı mülki iş İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair 2(012)-5632/2023 saylı mülki işə birləşdirilmişdir. İddiaçı məhkəmə iclasnda iddiasını müdafiə edərək onun təmin edilməsini və tərəflər arasında barışıq olmadığını bildirərək nikahın pozulmasında qərarlı olduğunu, alimentin artırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh boşanmağa və uşaqların analarının himayəsinə verilməsinə razı olduğunu, lakin hər üç uşaq üçün o, maddi vəziyyətilə əlaqədar olaraq ayda 400 manat aliment ödəyə biləcəyini və aliment təyin edilərkən bunun nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlanacaq): 19.1 maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İ № 678613 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 369 nömrəsi ilə qeyd edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İİ № 884856 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 825 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İİİ № 170303 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1749 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ № 985989 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 550 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. - Abşeron Rayon Məhkəməsinin 2(012)-4619/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunmuş, Cavabdeh 16 mart 2012-ci il tarixdə anadan olmuş X5 və 21 may 2013-cü il tarixdə anadan olmuş X3 üçün İddiaçı xeyrinə hər uşağa görə 117 (yüz on yeddi) manat olmaqla, cəmi hər ay 234 (iki yüz otuz dörd) manat məbləğində aliment tutulması qət edilmişdir. - Bakı 13 saylı Mediasıya Təşkilatı tərəfindən təsdiq edilmiş və tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01407 saylı barışıq sazişindən görünür ki, İddiaçı və Cavabdeh ilə qeyd olunan məzmunda razılığa gələrək 04 iyun 2011-cü il tarixində Abşeron rayon qeydiyyat şöbəsində bağladıqları, 369 sayı ilə qeydə alınan nikahı pozsunlar. Nikahın pozulması tələbi məhkəmələrin müstəsna səlahiyyətinə aid olduğundan (nikahın pozulması) tələbinin icra edilməsini müvafiq məhkəmə vasitəsilə iddia qaldırmaqla icra etsinlər. Tərəflər xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X6 və xx.xx.2017-cü il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi İddiaçı himayəsində saxlanılması barədə razılığa gəldilər. onlar alimentin verilməsi və artırılması məslələri üzrə razılığa gələ bilmədilər. Ailə Məcəlləsinin 20.1. maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə tədqiq olunmuş sübutları qiymətləndirib hesab edir ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı razı olduqlarından, tərəflərin ailə nikah münasibətləri bərpa olunmadığından, nikaha daxil olmaq könüllü olduğu kimi, nikah münasibətlərində qalmaq da tərəflərin iradəsindən asılı olan hal olduğundan iddia ərizəsi bu hissədə təmin edilərək tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1. maddəsinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması məsələsini həll etməlidir. Məhkəmə tərəflərin birgə nikahlarından olan uşaqların yaşını, anaya bağlılığını, eyni zamanda, hal-hazırda, anaları ilə birgə yaşamasını, cavabdehin razılığını və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X5, xx.xx.2013cü il təvəllüdlü X6 və xx.xx.2017-cü il təvəllüdlü X4 analarının (iddiaçının) yanında saxlanılmalıdır. Ailə Məcəlləsinin 22.2.2. maddəsinə əsasən, məhkəmə boşanmadan sonra aliment məsələsini həll etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin: 75.1., 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2023-cü ildə yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Məhkəmə qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhlarındаn оlаn uşаqların mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını nəzərə аlаrаq, xx.xx.2017-cü il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Cavabdeh İddiaçı хеyrinə Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən, yəni, xx.xx.2023-cü il tаriхdən bаşlаyаrаq hər аy bir uşaq üçün 200 mаnаt sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Bundan başqa, işdən görünür ki, birgə nikahdan doğulmuş digər iki uşaq üçün əvvəllər məhkəmə qətnaməsilə aliment qət edilmişdir və iddiaçı qət edilən bu məbləğin hər ay hər uaşaq üçün 220 manata qaldırılmasını da tələb edir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4619/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin olunmuş, Cavabdeh 16 mart 2012-ci il tarixdə anadan olmuş X5 və 21 may 2013-cü il tarixdə anadan olmuş X3 üçün İddiaçı xeyrinə hər uşağa görə 117 (yüz on yeddi) manat olmaqla, cəmi hər ay 234 (iki yüz otuz dörd) manat məbləğində aliment tutulması qət edilmişdir. Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4619/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş 117 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını təqdim etməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 16 mart 2012-ci il tarixdə anadan olmuş X5 və 21 may 2013-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-4619/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq, yəni, (220 manat x 1 (uşaq) = 220 manat, 220 manat x 12 ay = 2640 manat; 2 uşağa görə 440 - 234 = 206 manat x 12 ay = 2472 manat; 2640 + 2472 = 5112 manat) ödənilməli olan 71.12 manat dövlət rüsumunun 21.12 manat hissəsi cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməli, Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, xx.xx.2017-cü il təvəllüdlü X2 üçün aliment tutulması hissəsində qətnamə dərhal, 16 mart 2012-ci il tarixdə anadan olmuş X5 və 21 may 2013-cü il tarixdə anadan olmuş X1 üçün aliment tutulması hissəsində isə qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunmalıdır. Belə ki, MPM-nin 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 237-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində bağlanmış 369 nömrəli akt qeydli nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2013cü il təvəllüdlü X9 və xx.xx.2017-cü il təvəllüdlü X10 anaları İddiaçı yanında saxlanılsınlar. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2017-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tаriхdən bаşlаyаrаq hər аy 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Bu hissədə qətnamə dərhal icra edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4619/2016 saylı, 04 iyul 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 16 mart 2012-ci il tarixdə anadan olmuş X5 və 21 may 2013-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh ödəməkdən azad olunmuş dövlət rüsumuna görə 21.12 (iyirmi bir manat on iki qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar