Məhkəmə qərarları › İş №2(012)-5844/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5844/2022

24.10.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5844/2022 24.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlu tərəfindən, İddiaçı Cavabdehnə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsini və iddia ərizəsinə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən inşa edilmiş və onun balansında olan ünvan 1 ünvanında yerləşən 5-ci mərtəbədəki sahəsi 165 kv.m olan 26 saylı mənzilə dair xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin cavabdeh tərəfindən tanınması və X1 qeyd olunan müqavilə əsasında mənzilin istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 35.1 maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2. maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Mülki iş materiallarından göründüyü kimi, E-Taxes.gov.az internet saytından çıxarılmış kommersiya qurumlarının dövlət reyestri barədə məlumata əsasən, Cavabdeh MMC-nin hüquqi ünvanı Vöen ********** olmaqla AZ1029 ünvan 2anı olduğu halda, iddiaçı Abşeron rayon Məhkəməsinə müraciət etmiş, bununla da ərazi aidiyyəti qaydalarına riayət etməmişdir. Mülki Prosessual Məcəllənin 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Hazırki iddia tələblərindən məlum olduğu kimi isə, mübahisə predmeti daşınmaz əmlak deyil, həmin əmlak barəsində bağlanmış müqavilənin tanınmasıdır ki, həmin iddia tələbi də ümumi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə məhkəmədə baxılmalıdır. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddia tələbində iddiaçı mənzilin X1 istifadəsinə verilməsini xahiş etsə də, həmin şəxsi cavabdeh qismində qoymamış, bununla da iddia tələbinin forma və məzmununa riayət etməmişdir. Mülki Prosessual Məcəllənin: 151.1 maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin hüquqi ünvanı Abşeron rayonu ərazisi olmadığından iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 35.1, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar