Məhkəmə qərarları › İş №2(012)-5851/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5851/2021

28.12.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5851/2021 28.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 24.06.2016-cı il tarixli 054 saylı müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 5-ci blok 4-cü mərtəbə, 120.69 kv.m-dən ibarət, izolə olunmuş 3 (üç) otaqlı 289 saylı mənzilin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili X3 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində texniki yanlışlığa yol verilərək Cavabdeh1 cavabdeh qismində qeyd olunduğu bildirilərək sonuncunun cavabdehlər sırasından çıxarılması, Cavabdeh2 ilə İddiaçı MMC arasında bağlanmış 24.06.2016-cı il tarixli 054 saylı müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 5-ci blok 4-cü mərtəbə, 120.69 kv.m-dən ibarət, izolə olunmuş 3 (üç) otaqlı 289 saylı mənzilin qaytarılması və Cavabdeh2 tərəfindən ödənilmiş 40000 manat pul vəsaitinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili X3 Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, 42318 manat pul vəsaitinin cavabdehə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsivəkili X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 24 iyun 2016-cı il tarixdə 054 nömrəli "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X2 ilə Cavabdeh2 arasında müqavilə bağlanmışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı hal-hazırda dəyişdirilərək,İddiaçı kimi qeydiyyatdan keçmişdir. 24 iyun 2016-cı il tarixdə 054 nömrəli müqaviləyə əsasən sifarişçi ünvan 1 ünvanında yerləşən 5-ci blok 4-cü mərtəbə, 120.69 kv.m-dən ibarət, izolə olunmuş 3 (üç) otaqlı 289 saylı mənzili bir pay kimi payçıya verməyi, payçı isə öz növbəsində, 47020 manat ödəniş etmiş, yerdə qalan məbləği isə 40 ay müddətində 2020-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 24 iyun 2016-cı il tarixli 054 nömrəli müqavilənin xüsusi şərtlərində qeyd olunmuş 5.2-ci bəndinə əsasən payçı 3 (üç) gündən artıq aylıq ödəmələri gecikdirdikdə yaşayış sahəsinin qiymətlərinə yenidən baxılır və gecikdirilmiş hər 1 (bir) gün üçün 1%, 1 aya 30% cərimə tətbiq olunur. Müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə müqavilə cəmiyyət tərəfindən birtərəfli qaydada pozulur və payçı tərəfindən ödənilmiş məbləğdən 10 % miqdarında cərimə çıxıldıqdan sonra payçıya geri qaytarılır. Bununla bağlı İddiaçı tərəfindən 21 iyun 2021-ci il tarixli akt tərtib olunmuş və akta əsasən 24 iyun 2016-cı il tarixdə İddiaçı və Cavabdeh2 arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin şərtləri pozulduğuna və ödəmə gecikdiyinə görə imzalanmış müqavilənin birtərəfli qaydada pozulması, ödəmiş olduğu məbləğdən 10% cərimə pulunun tutularaq geri qaytarılması, qeyd edilən 120.69 kv.m-dən ibarət 289 saylı mənzilin MMC-nin balansına qaytarılması nəzərdə tutulmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı Afşaran-A Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh2 arasında bağlanmış 24.06.2016-cı il tarixli, 054 saylı mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, icraçı Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 14.03.2016-cı il tarixli 38 saylı sərəncamı ilə ünvan 2 ünvanında 5-ci blok, 4-cü mərtəbə 3 otaqlı 289 saylı mənzili izolə olunmuş şəkildə bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2-ci bəndinə əsasən payçı bu müqavilədə göstərilmiş məbləği razılaşmaya müvafiq olmaqla vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən sahəsi 120.69 kv.m olan mənzilin 1 kv.m-nin dəyəri 500 manat olmaqla ümumi dəyəri 60345 manat təşkil edir, payçı hər ay 928 manat olmaqla ödəniş etməli, kreditin müddəti isə 40 ay müəyyən edilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən payçı aylıq ödənişi 5 gündən artıq gecikdirdikdə mənzilin aylıq ödəniləcək məbləğindən gecikdirilmiş hər 10 gün üçün 1 faiz məbləğində cərimə tətbiq olunur. Müqavilənin 5.5-ci bəndinə əsasən bu müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə payçı mənzili yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina etdikdə, üzvlükdən çıxdıqda müqavilə cəmiyyət tərəfindən birtərəfli qaydada pozulur və mənzilin dəyərinin payçı tərəfindən ödənilmiş hissəsinin 10 faizi miqdarında cərimə məbləği çıxıldıqdan sonra payçıya qaytarılır. Müqavilənin 6.1-ci bəndinə əsasən müqavilə hər iki tərəfin imzaladığı tarixdən qüvvəyə minir və bu müqavilənin 3.6-cı bəndinə əsasən tikinti-quraşdırma işləri başa çatdıqdan sonra mənzil payçıya verilənədək bu müqavilə öz qüvvəsini saxlayır. -Cavabdeh2 Afşaran-A MMC-yə ünvanlandığı 24.06.2016-cı il tarixli ərizədən görünür ki, alıcı müqavilə üzrə mənzilin dəyərindən ödəmiş olduğu cəmi 23220 manat pul vəsaitinin ilkin ödəniş olaraq qəbul edilməsini xahiş etmişdir. -Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 ünvanlandığı təklifdən görünür ki, MMC tərəfindən alıcıya müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və lazımi şəkildə yerinə yetirilməməsinə görə müqavilənin ləğv edilməsi, mənzilin geri qaytarılması və gecikdirilməyə görə ödənilmiş məbləğin 10 faiz pulun tutulması barədə məktubun alındığı gündən 5 iş günü müddətində geri qaytarılması xahiş olunmuşdur. -Fam-88 MMC-nin təsisçisi X2, direktoru X11, iş icraçısı X8, mühasibi X9 şəxsində MMC daxilində iclas keçirilmiş və onların imzaları ilə təsdiq olunmuş 21.06.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı direktoru X11 bildirmişdir ki, Şükürov X10 rayonu İcra Hakimiyyəti başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 3 ünvanında tikilməkdə olan 14 mərtəbəli yaşayış binasından, 24.06.2016-cı il tarixində, 4-cü blok, 5-ci mərtəbə, 289 saylı, 120.69 kvadrat metr izolə olunmuş 3 (üç) otaqlı yaşayış sahəsini müqavilə əsasında satın almış, 120.69 kvadrat metr 289 saylı mənzilə payçı olmuş və ödəniş kimi 47020 manat ödəmiş, geriyə qalan məbləği isə 40 ay müddətinə müqavilə bağlanmasına baxmayaraq 2020-ci ilə qədər ödəyib tamamlamamışdır. Bu, bağlanmış olan müqavilədə də öz əksini tapır. Həmçinin imzalanmış müqavilənin 5.2 bəndində qeyd edildiyi kimi, 3 (üç) gündən artıq aylıq ödəmələr gecikdirildikdə yaşayış sahəsinin qiymətlərinə yenidən baxılır və gecikdirilmiş hər 1 (bir) gün üçün 1%, 1 aya 30% cərimə tətbiq olunur. Müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə müqavilə cəmiyyət tərəfindən birtərəfli qaydada pozulur və payçı tərəfindən ödənilmiş məbləğdən 10% miqdarında cərimə çıxıldıqdan sonra payçıya geri qaytarılır. Bütün bu şərtləri nəzərə alaraq, Fam-88 MMC-nin təşkil etdiyi iclasda aşağıda imza edənlərin yekun qərarı ilə belə nəticəyə gəlindi ki, 24.06.2016-cı il tarixdə Fam-88 MMC və Cavabdeh2 arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin şərtləri pozulduğuna və ödəmə gecikdirdiyinə görə imzalanmış müqavilə birtərəfli qaydada pozulsun, ödəmiş olduğu məbləğdən 10% cərimə pulu tutularaq pulu geri qaytarılsın, qeyd edilən 120.69 kvadrat metr, 289 saylı mənzil yaşayış sahəsi MMC-nin balansına geri qaytarılsın. -Müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 müqavilə üzrə mənzilin dəyərindən ilkin ödəniş olaraq 24.06.2016-cı il tarixdə 23220 manat ödəniş etmiş, 21.07.2016-cı il tarixdən 08.03.2020-ci il tarixədək isə hər ay ödəniş etməklə ilkin ödəniş də daxil olmaqla cəmi 47020 manat ödəniş etmişdir. -Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh2 müqavilə üzrə mənzilin dəyərindən 24.06.2016-cı il tarixdə 23220 manat, 21.07.2016-cı il tarixdə 800 manat, 19.08.2016-cı il tarixdə 700 manat, 24.09.2016-cı il tarixdə 800 manat, 24.10.2016-cı il tarixdə 700 manat, 23.11.2016-cı il tarixdə 700 manat, 24.12.2016-cı il tarixdə 700 manat, 31.01.2017-ci il tarixdə 200 manat, 24.02.2017-ci il tarixdə 200 manat, 29.03.2017-ci il tarixdə 300 manat, 25.04.2017-ci il tarixdə 300 manat, 24.05.2017-ci il tarixdə 500 manat, 24.06.2017-ci il tarixdə 500 manat, 25.07.2017-ci il tarixdə 400 manat, 28.08.2017-ci il tarixdə 400 manat, 19.09.2017-ci il tarixdə 600 manat ödəniş etmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, İddiaçı ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 16.07.2018-ci il tarixli, **********840600 nömrə ilə çıxarış verilmiş, qanuni təmsilçi X6r. -Abşeron RPŞ tərəfindən verilmiş 10.02.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Şükürov X7 rayonu Niyazqullar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, satıcı Afşaran-A Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh-alıcı Cavabdeh2 arasında bağlanmış 24.06.2016-cı il tarixli, 054 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən, icraçı ünvan 2 ünvanında 5-ci blok, 4-cü mərtəbə 3 otaqlı 289 saylı mənzili izolə olunmuş şəkildə bir pay kimi payçıya verməyi, payçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyəri olaraq, 60345 manatı ilkin ödəniş olaraq 23220 manat ödənilməklə, 40 ay müddətində, yəni 2020-ci ilədək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə əsasında, iddiaçı öz öhdəliyini yerinə yetirərək mənzili cavabdehə təhvil vermiş, lakin cavabdeh mənzili təhvil alsa da müqavilə üzrə müəyyən olunmuş müddətlərdə və məbləğdə mənzilin dəyərindən ödənişlər etməyərək müqavilə şərtlərini pozmuşdur. Alıcının mənzil aldığı şirkətin adı əvvəl Afşaran-A MMC olmuş, hazırda, həmin şirkətin adı dəyişdirilərək Fam-88 MMC olmuş, bu səbəbdən də iddiaçı Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyəti müqavilənin ləğv edilməsi və mənzilin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti üzrə qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulması ilə nəticələnə bilər.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası mülkiyyət hüququnu təsbit etməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudlarını müəyyən etmişdir. Lakin xüsusi nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Avropa Məhkəməsinin presedent hüququna əsasən, mülkiyyətə edilən istənilən müdaxilə qanuni olmalıdır. Mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir. (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfındən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçünçü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 6.1.5 maddəsinə əsasən müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1 maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442 maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567 maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki iş materiallarına əlavə olunmuş, tərəflər arasında bağlanmış 24.06.2016-cı il tarixli, 054 saylı müqaviləyə əsasən, satıcı mənzili alıcıya təhvil verməklə öz öhdəliyini yerinə yetirmiş, lakin alıcı mənzilin dəyərindən ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozmuşdur ki, bu hal Fam-88 MMC-nin təsisçisi X2, direktoru X11, iş icraçısı X8, mühasibi X4 imzaları ilə təsdiq olunmuş 21.06.2021-ci il tarixli aktla da öz təsdiqini tapmışdır. Belə ki, həmin akta əsasən, 24.06.2016-cı il tarixdə Fam-88 MMC və Cavabdeh2 arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin şərtləri pozulduğuna və ödəmə gecikdirdiyinə görə imzalanmış müqavilənin birtərəfli qaydada pozulması, ödəmiş olduğu məbləğdən 10% cərimə pulunun tutularaq pulun geri qaytarılması, qeyd edilən 120.69 kvadrat metr, 289 saylı mənzil yaşayış sahəsinin MMC-nin balansına geri qaytarılması qərara alınmışdır. Belə ki, alıcı mənzilin dəyərindən 47020 manat ödəniş etmiş, qalan məbləği 40 ay müddətinə ödəməli olduğu halda ödənişlərini etməmişdir. Bu səbəbdən Mülki Məcəllənin 373.2-ci maddəsinin tələblərinə əsasən, müqavilə üzrə iddia müddətini ötürməmiş iddiaçının müqavilənin ləğvinin və mənzilin geri qaytarılması tələbinə dair məhkəmə qaydasında müdafiəsi üsulu yaranmışdır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Belə ki, Mülki Məcəllənin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.2-ci və 5.5-ci bəndinə əsasən, payçının aylıq ödənişi 5 gündən artıq gecikdirdikdə mənzilin aylıq ödəniləcək məbləğindən gecikdirilmiş hər 10 gün üçün 1 faiz cərimənin tətbiq olunması, bu müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verdikdə isə payçının mənzili yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina etdikdə, üzvlükdən çıxdıqda müqavilənin cəmiyyət tərəfindən birtərəfli qaydada pozulması və mənzilin dəyərinin payçı tərəfindən ödənilmiş hissəsinin 10 faizi miqdarında cərimə məbləği çıxıldıqdan sonra payçıya qaytarılması hüququnu yaratmışdır. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. Mülki Məcəllənin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər Kooperativin verdiyi mənzil, bağ, qaraj və ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə hüququ əldə edirlər. Kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 112.1-ci maddəsinə əsasən kooperativ üzvünün kooperativdən çıxmaq ixtiyarı vardır. Bu halda ona payının dəyəri ödənilməli və ya payına uyğun əmlak verilməli, habelə Kooperativin nizamnaməsində nəzərdə tutulan digər ödənişlər verilməlidir. Kooperativin çıxan üzvünə payın dəyərinin ödənilməsi və ya başqa əmlakın verilməsi, əgər Kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, maliyyə ili qurtardıqdan və Kooperativin mühasibat balansı təsdiq edildikdən sonra həyata keçirilir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları ümumiləşdirib, qanunvericiliyin tələblərini qiymətləndirib belə qənaətə gəlir ki, iddia tələbi müqavilə şərtlərinə uyğundur və təmin edilməli, Afşaran-A MMC ilə Cavabdeh2 arasında bağlanmış 24.06.2016-cı il tarixli, 054 saylı mənzil tikintisi haqqında müqavilə ləğv edilməli, ünvan 2 ünvanında 5-ci blok, 4-cü mərtəbə 3 otaqlı 289 saylı mənzil İddiaçı MMC-yə təhvil verilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 42318 manat pul vəsaitinin cavabdehə qaytarılmasına dair münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndinə əsasən, mənzilin dəyərindən ödənilmiş məbləğin 10 faizi cərimə qismində hesablanaraq qalan məbləğ cavabdehə geri qaytarılmalıdır. Belə ki, cavabdeh tərəfindən 47020 manat pul vəsaiti mənzilin dəyərindən ödəniş olaraq ödənilmiş, həmin məbləğin 10 faizi çıxılmaqla, (47020 x 10 faiz : 100 = 7020, 47020-7020=42318) yəni, 42318 manat pul vəsaiti cavabdehə geri qaytarılmalıdır. Bu səbəbdən də iddia ərizəsi bu hissədə də əsaslı hesab edilib təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. Afşaran-A Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 24.06.2016-cı il tarixli, 054 saylı mənzil tikintisi haqqında müqavilə ləğv edilsin. ünvan 2 ünvanında 5-ci blok, 4-cü mərtəbə 3 otaqlı 289 saylı mənzil Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilsin. Fam-88 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 42318 (qırx iki min üç yüz on səkkiz) manat pul vəsaiti Cavabdeh2 geri qaytarılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar