Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5855/2025 10.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 10.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun baldızı qızıdır. 2023-cü ilin yanvar ayında həbsdə saxlanılan oğlu Ənvərin azadlığa buraxdırılmasında ona köməklik edəcəyi adı altında iddiaçını aldadaraq ümumilikdə 8500 manat pulunu ələ keçirmiş, həmin məbləğin 1500 manatının geri qaytarılmasına baxmayaraq qalan hissəsini bu günə kimi qaytarmamışdır. İddiaçı cavabdehin qanunsuz hərəkətlərindən hüquq mühafizə orqanlarına şikatət etmiş, Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılmış, izahatlarları alınmışdır. Həmin Polis İdarəsinin müstəntiqi Ş.Rüstəm tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərar qəbul edilmiş, müraciətinin mülki xarekterli olduğu bildirilmişdir. Cavabdeh söhbət əsasında Şahin adlı türmə rəisinin onun tanışı olduğunu bildirmiş və Ənvəri həbsdən azad etdirəcəyini deyərək, bu məqsədlə cavabdehin ona göndərdiyi müxtəlif bank kartlarına cəmi 8500 manat pul ödəmişdir. Onunla bu danışıqlarda gəlini X1 da yaxından iştirak etmiş, lazım gələrsə məhkəmədə şahid kimi iştirak edə biləcəyini bildirmişdir. Bir müddət sonra heç bir nəticə olmadığını görərək cavabdehin onu aldatdığına əmin olmuşdur. İddiaçının nömrəsini Whatsapp hesabında bloka atdığı üçün aralarında olan mesajlar silinmiş, lakin onun bu məsələ ilə bağlı gəlini ilə olan yazışmaları qalmışdır. Cavabdeh ona münasibətdə dələduzluq edərək pulunu ələ keçirmiş, 2 ildən artıqdır ki, 7000 manat pulunu cavabdeh geri qaytarmamışdır. Həmin məbləği ona başqalarından borc alaraq verdiyini, İndiyə kimi borclarını ödəyib qurtarmadığını, vaxtında onun pulunu qaytarmadığı üçün əlavə olaraq 3000 manat əldən çıxmış fayda olaraq ziyana məruz qaldığını bildirmişdir. Nəticədə iddiaçı 10000 (on min) manat məbləğində maddi ziyana məruz qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. O bildirdi ki, cavabdehə əvvəlcə 8500 manat pul vermiş, cavabdeh isə bu məbləğdən cəmi 1500 manat qaytarsa da, qalan 7000 manat pulu qaytarmamışdır. Həmçinin cavabdehin hərəkətləri nəticəsində ona əlavə olaraq 3000 manat ziyan dəymişdir. Beləliklə, cavabdehin ona cəmi 10000 manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli HK-1/774 saylı Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin qərarına əsasən, İddiaçı və Cavabdeh arasında olan münasibətlər mülki xarakterli olduğundan, aparılmış istintaq zamanı cinayət hadisəsinin baş verməsi müəyyən edilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN Yasamal RPİ-də aparılan araşdırma zamanı verdiyi izahatdan görünür ki, Cavabdeh iddianı qismən qəbul etmiş, İddiaçı qızılla bağlı 4000 manat borcu qaldığını, lakin şər atmaqla ondan 7000 manat tələb etdiyini bildirmişdir. İşdən görünür ki, cavabdeh iddianı qismən qəbul edərək iddiaçıya 4000 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh iddiaçıdan 5500 manat pul almış və bu günə qədər onu sadəcə 1500 manat həcmində icra etmişdir. Qalan 4000 manat pulu iddiaçıya qaytarmamaqla onun hesabına əsassız varlanmışdır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 4000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəymiş ziyan üçün 3000 manat pulun tutulması hissəsi ilə bağlı olaraq qeyd edir ki, bu hissədə iddia tələbi sübut edilmədiyindən təmin edilə bilməz. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4000 manat və dövlət rüsumu kimi 60 manat pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5855/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5855/2025
10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver