Məhkəmə qərarları › İş №2(012)-59/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-59/2024

29.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-59/2024 29.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilə köçürmə və mənzildən çıxarılma tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “X6”-ə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilə köçürmə və mənzildən çıxarılma barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 58,7 kvm. ibarət olan 08 saylı mənzilinə dair «X5» ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, mənzil tikintisi haqqında 0143 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, onun həmin mənzilə köçürülməyi, mənzilin tam boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, «X5» in rəhbəri X9 ilə 02 aprel 2021-ci il tarixdə mənzil tikintisi haqqında 0129 saylı müqavilə bağlayaraq Abşeron rayonu, Masazır kəndində 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 1 otaqdan ibarət olan ümumi sahəsi 58,7 kvm. ibarət olan 08 saylı mənzilin pay dəyəri olan 38.155 manat məbləğində pul ödəyərək almışdır. xx.xx.2021-ci il tarixdə ona həmin pulun ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Həmin bina təhvil verilmədiyi üçün orada yaşayış olmamışdır. Təxminən bir ay bundan qabaq aldığı mənzilə gəlib baxanda orada yaşayış olmasını görmüşdür. Lakin həmin vaxt mənzilin qapısı bağlı olduğundan orada yaşayanların kim olmasını müəyyən edə bilməmişdir. Bununla bağlı o, yaşayış kompelksinin rəhbərliyinə müraciət etmişdir. Akim Rəcəbovun atası Tofiq adlı şəxs ona demişdir ki, mənzilə görə ödədiyi pulu ona 1 ay müddətində qaytaracaqdır. O, da razılşıb getmişdir. Lakin həmin müddət keçməsinə baxmayaraq kompleks tərəfindən ona ödədiyi pul geri qaytarılmamışdır. xx.xx.2022-ci il tarixdə o, həyat yoldaşı, qaynata və qaynanası ilə həmin mənzilə gəlmiş və həmin vaxt orada bir nəfərin kirayədə yaşadığını müəyyən etmişdir. Evi onlara Şəmsi adlı şəxsin kirayə verdiyini bildimişdir. O, həmin Şəmsi adlı şəxslə telefonla əlaqə saxlayaraq onu ora dəvət etmişdir. Şəmsi ona demişdir ki, mənzili kompleksdən almışdır və onu həmin mənzilə dair sənədləri vardır. Şəmsi orada ona heç bir sənəd təqdim etməmiş və onların oradan çıxıb getməyini tələb etmiş, sonra isə polisə şikayət etmişdir. Sonra bu işlə bağlı polisdə araşdırma aparılmışdır. Orada ona məlum olmuşdur ki, «X5» ona satdığı mənzili xx.xx.2021-ci il tarixdə Cavabdeh1 da satmışdır. Odur ki, həmin müqavilə etibarsız hesab edilməli, Cavabdeh1 mənzildən çıxarılmalı və o, həmin mənzilə köçürülməlidir. Belə ki, həmin mənzillə bağlı ilk dəfə onunla müqavilə bağlanmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair ərizə ilə müraciət edərək, cavabdeh “X6”-in əsl cavabdeh X10 ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə edib təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzil iddiaçıya təhvil verilməsə də, ilk müqavilə iddiaçı ilə bağlanmışdır. Lakin o, mənzilə görə heç bir ödəniş etməmiş, bunun müqabilində beton vermişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, mənzil alındıqdan sonra onu təmir etmiş və hazırki vaxtadək həmin mənzildə yaşamışdır. Bütün kommunal ödənişlər onun adınadır və onun tərəfindən həyata keçirilir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 iddia tələbinə etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Cavabdeh2 vəkili Vəkil2 iddia ərizəsinə etiraz edərək bildirdi ki, iş materiallarında olan sənədlərdən də görünür ki, Cavabdeh2 anası hazırki iş üzrə iddiaçıya qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi vermişdir. Amma Ali Məhkəmənin qərarına əsasən subyektiv hüququ olmadığına görə iddia tələbi rədd edib. Cavabdeh2 bu işə gec cəlb olunub və onun hazırki iddiaçıya qarşı ərizəsi var və iki iş Abşeron Rayon Məhkəməsinin icraatındadır. Bununla bağlı məhkəmə sədrindən ərizə ilə xahiş etmişdir ki, icraat birləşdirilsin. Sənədlər və hazırki iş üzrə iddia ərizəsinə etirazı məhkəməyə təqdim etmişdir. Həmin etirazı müdafiə edir və hesab edir ki, iddia tələbi əsassızdır. Sonda iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - X1 rəhbəri X9 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0129 nömrəli mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 8 mərtəbəli yaşayış binasının 1 blok, 2-ci mərtəbə, 08 №-li mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi verməyi öz üzərinə götürür. Mənzilin ümumi sahəsi 58.7 kv.m-dir. Mənzilin 1 kv.m-nin qiyməti 650 manat olmaqla, mənzilin ümumi dəyəri 38155 manatdır. - xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən çoxmərtəbəli yaşayış binası X7 məxsusdur. Bu binanın 1 giriş 2-ci mərtəbəsində, ümumi sahəsi 58.7 m2 olan, 1 otaqlı, 08 saylı mənzilin pay dəyərindən 38155 (otuz səkkiz min bir yüz əlli beş) manat payçı, İddiaçı tərəfindən ödənilmişdir. Qalıq borcu yoxdur. - X1 rəhbəri X9 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0143 nömrəli mənzil tikintisi haqqında müqavilədən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 8 mərtəbəli yaşayış binasının 1 blok, 2-ci mərtəbə, 08 №-li mənzil, izolə olunmuş 1 otaqdan ibarət bir pay kimi verməyi öz götürür. Mənzilin ümumi sahəsi 58.7 kv.m-dir. Mənzilin 1 kv.m-nin qiyməti 700 manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 41090 manatdır. Payçı ilkin olaraq 13000 manat məbləğində avans ödəyir. - xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən çoxmərtəbəli yaşayış binası X7 məxsusdur. Bu binanın 1 giriş 2-ci mərtəbəsində, ümumi sahəsi 58.7 m2 olan, 1 otaqlı, 08 saylı mənzilin pay dəyərindən 2600 (iki min altı yüz) manat payçı Cavabdeh1 tərəfindən ödənilmişdir. Qalıq borcu yoxdur. - Abşeron rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə, əsasən Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış kompleksi, ev 98, mənzil 93-də yaşayan Cavabdeh1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmış, Cavabdeh1 və İddiaçı isə ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4034/2022 nömrəli qətnaməsinə əsasən iddiaçı X2 cavabdehlər İddiaçı və X3 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi rədd edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-966/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-4034/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarına əsasən, kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-966/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2-ci maddəsinə görə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Məhkəmə ilk öncə qeyd edir ki, hər iki tərəflə X9 arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də, əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən görünür ki, mübahisəli 08 saylı mənzillə bağlı iddiaçı ilə X9 arasında xx.xx.2021-ci il tarixli, cavabdehlər X9 ilə Cavabdeh1 arasında isə xx.xx.2021-ci il tarixli müqavilələr bağlanmışdır. Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də, lakin əmlakın dəyərini kompleksin hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderi mövcud deyildir. Həmçinin həmin daşınmaz əmlakla bağlı nə İddiaçı, nə də Cavabdeh1 mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bununla belə, mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi və hazırda faktiki istifadəsində və sahibliyində olması işin mübahisəsiz hallarındandır. Bu faktı iddiaçı və digər cavabdeh də öz izahatlarında vurğulamışdır. Həmçinin məhkəmənin tərəflərin iştirakı ilə keçirilmiş xx.xx.2024-cü il tarixli yerli baxışda da, mübahisəli mənzilə baxış keçirilmiş, mənzilin tam təmirli, yaşayışa yararlı olması, həmin mənzildə Cavabdeh1 öz ailəsi ilə birlikdə yaşaması müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, mübahisəli mənzil Cavabdeh1 tərəfindən maneəsiz istifadə olunduğundan və ona təhvil verildiyindən (2 ildən artıq müddət ərzində orada yaşadığından), habelə Kompleks tərəfindən buna heç bir etiraz olunmadığından onunla bağlı Cavabdeh1 İddiaçı nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab edilə bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPMnin 77-ci maddəsinə əsasən hazırki mübahisə üzrə sübutetmə yükü onun üzərinə düşürdü. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə qənaətə gəlir ki, iddiaçı əqdin etibarsızlığı barədə məhkəməyə heç bir mötəbər və legitim sübut təqdim edə bilmədiyindən onun Abşeron rayonu, Masazır kəndində 8 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində 1 otaqlı, ümumi sahəsi 58,7 kvm. ibarət olan 08 saylı mənzilinə dair «X5»(şərti ad olaraq) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, mənzil tikintisi haqqında 0143 saylı müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, iddiaçının həmin mənzilə köçürülməyi, mənzilin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbi təmin edilmədiyindən, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, mülki iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilə köçürmə və mənzildən çıxarılma barədə barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar