Məhkəmə qərarları › İş №2(3-8)-187/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-187/2026

24.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(3-8)-187/2026 24.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı mülki iş üzrə (Açar söz: müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3674/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılması və mənzilə köçürülmə barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 218-M nömrəli müqavilənin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok, 4-cü mərtəbədə yerləşən, 1 (bir) otaqdan ibarət, 62,87 kv.m sahəsi olan 008 nömrəli (əvvəlki 218 saylı) mənzildən Cavabdeh2 və digər şəxslərin çıxarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi bununla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC tərəfindən ünvan 1 ünvanında inşa edilən yeni yaşayın binasından xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 4-cü blok, 4-cü mərtəbə, ümumi sahəsi 62.87 kv.metr olan 008 (əvvəlki 218) saylı mənzili 31435 manata almışdır. İlkin olaraq Cavabdeh1 MMC-yə 04 iyul 2019-cu il tarixində 30435 manat ödəmiş, sonradan isə 09 dekabr 2019-cu il tarixidə 500 manat ödəmişdir. Cavabdeh1 MMC müqavilə şərtlərinə əməl etməyərək mənzili onun istifadəsinə verməmişdir. "xxxx" MMC ona qarşı Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC ilə cavabdeh İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 008 saylı müqavilənin etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə qaytarılması, cavabdeh tərəfindən ödənilmiş 30.435 manatdan həmin müqavilənin müvafiq maddəsinə əsasən 10% çıxıldıqdan sonra qalan 27.391 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə cavabdeh İddiaçı arasında Cəmiyyətin ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində, 1 otaqdan ibarət 008 №-li mənzilin tikintisi haqqında 04 iyul 2019-cu il tarixli, 008 saylı müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı (iddiaçı) ("xxxx" MMC-nin direktoru Rafiq Tağıyevin şəxsində bir tərəfdən) Abşeron rayon 1H başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində, 1 otaqdan ibarət 008 №-li mənzil, pay kimi "Payçı-ya verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 3.1-ci bəndinin tələbinə görə mənzil İddiaçı aid olduğu üçün müqavilənin 1 kv.m dəyəri 500 manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 31.435 manatdır. İddiaçı tərəfindən müxtəlif zamanlarda gecikdirməklə cəmi 30.435 manat şirkətə ödənilmişdir. Cavabdeh indiyədək üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozaraq 30.435 manatdan əlavə heç bir ödəniş etməmişdir. Cavabdeh həmin mənzil üçün tam şəkildə pulu ödəmədiyindən, müqavilənin şərtləri pozulmuş və belə olan halda həmin müqavilə etibarsız hesab edilməlidir. "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia və əlavə ərizə ilə müraciət edərək, İddiaçı ilə "xxxx" MMC (VÖEN **********) arasında 04 iyul 2019-cu il tarixli, 008 saylı "Mənzil tikintisi haqqında" bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən 008 saylı (əvvəlki 218), 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan mənzili həmin müqavilənin 2.1-ci maddəsində qeyd edilmiş şərtlər əsasında və qalıq 500 manat pulu ödəməklə İddiaçı istifadəsinə verilməsi, həmçinin həmin mənzilin qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı adına mülkiyyət hüquqlarının müvafiq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün zəruri olan bütün sənədləşmə işlərinin cavabdehə aid hissəsinin lazımi qaydada icra edilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış 04 iyul 2019-cu il tarixli, 008 saylı "Mənzil tikintisi haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayş binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən 008 saylı (əvvəlki 218), 1 otaqlı, 62.87 kv.m. sahəsi olan mənzili həmin müqavilənin 2.1-ci maddəsində qeyd edilmiş şərtlər əsasında pay kimi "payçıya" (hazırki qarşılıqlı iddia ərizəsi üzrə iddiaçıya) verməyi öz öhdəsinə götürmüşdür. Lakin qarşılıqlı iddiaçı tərəfindən həmin müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənişlər edilməsinə və müqavilənin imzalanmasından uzun müddət keçməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən adı çəkilən Müqavilənin maddələrindən və mahiyyətindən irəli gələn öhdəlikləri üzrsüz səbəbdən icra edilməmişdir. Bununla bağlı qarşılıqlı iddia üzrə cavabdehə dəfələrlə qarşılıqlı iddiaçı tərəfindən şifahi müraciətlər edilsə də, müraciətlər cavabsız qalmış, müvafiq addımlar atılmamış, mənzil qarşılıqlı iddiaçının istifadəsinə təhvil verilməmişdir. Şifahi müraciətlər hər hansı bir nəticə vermədiyinə görə qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı cavabdehə xx.xx.2022-ci il tarixdə yazılı olaraq müraciət edilmiş, pretenziya məktubu göndərilmişdir. Pretenziyaya hər hansı cavab verilməmişdir. Əksinə qarşılıqlı iddia üzrə cavabdeh hazırki iş üzrə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsi ilə müraciət edərək həmin qarşılıqlı iddiaçı ilə aralarında imzalanmış xx.xx.2019-cu il tarixli, 008 saylı müqavilənin etibarsız hesab edilməsi, əmlakın İddiaçının (qarşılıqlı cavabdehin) sahibliyinə qaytarılması, cavabdeh (qarşılıqlı iddiaçı) tərəfindən ödənilmiş 30435 manatdan həmin müqavilənin müvafiq maddəsinə əsasən 10% çıxıldıqdan sonra qalan 27391 manat məbləğində pulun cavabdehə (qarşılıqlı İddiaçıya) qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, qarşılıqlı cavabdeh iddiası əsassızdır və təmin edilməməlidir. Cavabdeh yuxarıda adı çəkilən mənzil tikintisi haqqında müqavilənin tələbləri qaydasında görə öz öhdəliyini icra etməli, bir ay ərzində mənzili qarşılıqlı iddiaçının sahibliyinə verməli və mənzilə dair mülkiyyət hüquqlarının qarşılıqlı iddiaçının adına dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə tələb edilən bütün zəruri sənədləşmə işlərini aparmalıdır. Gəncə şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə "xxxx" MMC-nin İddiaçı qarşı "əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilmiş, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çox mənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan 008 saylı mənzil həmin Cəmiyyət tərəfindən 500 manat pulun İddiaçı tərəfindən ödənilməsi ilə eyni vaxtda "xxxx" MMC və İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008 saylı müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı təhvil verilməsi, "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan 008 saylı (əvvəlki 218) mənzil üzrə İddiaçı adına mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb olunan və həmin Cəmiyyət tərəfindən təqdim edilməli olan sənədlərin verilməsi öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulması qət edimişdir. Qətnamə qüvvəyə minmiş və icra olunması üçün Abşeron İcra şöbəsinə göndərilmişdir. Abşeron İcra şöbəsi icra vərəqəsinin icra olunması üçün icra məmuru Qəribağa Mirhəşimova verilmişdir. İcra məmuru icra vərəqəsinin icrası ilə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan 008 saylı (əvvəlki 218) mənzilə gedərkən həmin mənzildə Cavabdeh2 və digər şəxslərin yaşamasını müəyyən etmişdir. Göründüyü kimi "xxxx" MMC ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan 008 saylı (əvvəlki 218) mənzil satdıqdan sonra başqa şəxsə satmış və bilə-bilə Gəncə şəhər məhkəməsində iddia qaldıraraq vaxt uzdaraq, həmin şəxsin mənzilə köçərək yaşamasını təşkil etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. Cavabdeh2 iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok (giriş), 4-cü mərtəbəsində yerləşən, 1 (bir) otaqlı, 62.87 kv.m sahəsi olan 218 saylı mənzili xx.xx.2020-ci il tarixli, 218-M nömrəli müqavilə ilə 35000 manata almışdır. O vaxt binada son tamamlama işləri görülürdü, ona bildirildi ki, mənzili 2021-ci ildən təmin edə bilər. Mənzilə qoyulacaq sayğaclar üçün 1100 manat ödəniş etdikdən sonra mənzilin açarını, 2021-ci ildən təmirə icazə barədə vəsiqə verilmişdir. Mənzili təhvil alarkən mənzil tam təmirsiz idi. Orada heç bir kənar əşya olmamışdır. 2021ci ilin əvvəlindən mənzili təmir etdirməyə başlamışdır. Mənzil yüksək səviyyədə təmir edilmiş, bir otaqdan 2 otağa düzəldilmişdir. Mənzilin təmiri bir ildən artıq çəkmiş, təmirə 34000 manat pul xərclənilmişdir. 2022-ci ilin may ayından mənzilə köçmüşdür. 2025-ci ilədək İddiaçı, nə də onun adından başqa kimsə onlara müraciət etməmişdir. xx.xx.2025-ci il tarixli Gəncə Şəhər Məhkəməsini qətnaməsi ilə əlaqədar icra və probasiya şöbəsinin əməkdaşları evə gəlmiş, akt tərtib etmişlər. Aktda qeyd edilmişdir ki, sənəddə göstərilən ünvanda 008 saylı mənzil aşkar edlməmişdir. Həmin mərtəbədə həmin ölçüdə olan 218 nömrəli mənzilə baxış keçirilib, mənzildə Cavabdeh2 yaşadığı müəyyən edilmişdir. İcra məmrularına həmin mənzilə dair müqavilə və maliyyə arayışı təqdim edilmişdir. İddiaçı ilə Cavabdeh1 MMC arasında olan mübahisəyə heç bir aidiyyəti yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir.

4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3674/2025 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hər iki cavabdehlə MMC arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri kimi görünsə də əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən görünür ki, mübahisəli mənzillə bağlı iddiaçı ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixli, cavabdehlər Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında isə xx.xx.2020-ci il tarixli müqavilələr bağlanmışdır. Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin MMC-yə ödənilməsi ilə bağlı arayış-order verilsə də həmin daşınmaz əmlaklarla bağlı nə İddiaçı, nə də Cavabdeh2 mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. İddiaçının əmlakın dəyərini MMC-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderi olsa da cavabdehin kassa mədaxil orderi mövcud deyildir. Bununla belə mübahisəli mənzilin Cavabdeh2 təhvil verilməsi və hazırda onun faktiki istifadəsində və sahibliyində olması işin mübahisəsiz hallarındandır. Bu faktı iddiaçı və Cavabdeh2 da öz izahatlarında vurğulamışlar. Mübahisəli mənzilə dair İddiaçılə və Cavabdeh2la MMC arasında bağlanmış müqavilələrdə mənzilin nömrəsi fərqli, yəni müvafiq olaraq 008 və 218 qeyd edilsə də, məhkəmə tərəfindən mübahisəli mənzilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqdan ibarət olmuş, 2 otağa düzəldilmiş, 62,87 kv.m sahəsi olan mənzili İddiaçı və Cavabdeh2 özününkü hesab edirlər. Yəni hər iki nömrə (008 və 218) eyni mənzilə məxsusdur. Məhkəmə hesab edir ki, mübahisəli mənzil Cavabdeh2 tərəfindən maneəsiz istifadə olunduğundan, ona təhvil verildiyindən və o, uzun müddətdir orada yaşadığından, habelə MMC tərəfindən buna heç bir etiraz olunmadığından onunla bağlı Cavabdeh2 İddiaçı nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab edilə bilməz. İddiaçı həmin mənzil üzərində üstünlük hüququ əldə edə bilməmiş, habelə mənzil ona təhvil verilməmiş, həmçinin mənzil üzərində onun hüquqları qanunla müəyyən edilmiş qaydada qeydə alınmamışdır. Belə olan halda, cavabdehin və digər şəxslərin mübahisəli mənzildən çıxarılmalarını və özünün həmin mənzilə köçürülməsini xahiş etməsi üçün iddiaçının subyektiv hüququ yoxdur.

6. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337, 389.1, 404.1, 404.2, 425, 452.1, 452.2, 646.1, 752.1, 752.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellaysiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3674/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 mart 2015-ci il tarixli qərarında göstərilmişdir ki, "Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, M.Hüseynovun cavabdeh "xxxx" MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Həmin maddəyə istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla cavabdeh "xxxx" MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda fərdi-müəyyən əşya olan mənzil sonradan cavabdeh "xxxx" MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin cavabdeh "xxxx" MTKdan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair" 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququ əldə etmişdir. Belə olan halda "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir. Göründüyü kimi satıcı "xxxx" MTK mənzilləri alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, E.Bağırlı ilə "xxxx" MTK arasında bağlanmış 6 iyul 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən "xxxx" MTK həmin binada dəyəri ödənilmiş üç otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan sonrakı məhkəmə araşdırılmaları zamanı məhz "xxxx" MTK-nın qanuna zidd herəkətləri nəticəsində bağlanmış müqavilə üzrə E.Bağırlıya təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə bilən tələb nəzərə alınmalıdır." Göründüyü kimi, Konstitusiya baxışının predmeti olmuş mülki işdə də hazırkı işdə olduğu kimi söhbət MMC tərəfindən mənzil bir şəxsə satıldıqdan sonra başqa şəxsə də satılmasından gedir və Konstitusiya Məhkəməsi işə baxmış məhkəmələr tərəfindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqini qanuni hesab etməmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mənzilin dəyəri ilkin alıcı tərəfindən ödənildikdən sonra həmin alıcı əmlaka (mənzilə) sahiblik və istifadə etmək hüququnu əldə edir və belə olan halda MMC-nin mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməsi, yəni sonradan mənzilə dair başqa şəxslə alqı-satqı müqaviləsi bağlaması mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır. ünvan 1 ünvanında inşa edilən yeni yaşayın binasından xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 4-cü blok, 4-cü mərtəbə, ümumi sahəsi 62.87 kv.metr olan 008 (əvvəlki 218) saylı mənzili 31435 manata almışdır. Həmin müqavilə bu gün də qüvvədədir, həmin müqavilə əsasında məhkəmələr mənzilin iddiaçıya təhvil verilməli olması qənaətinə gəlmiş və həmin məhkəmə qətnaməsi mübahisələndirilməmişdir. Məhkəmə iddiaçının mülkiyyət hüququ olmadığı üçün iddianı rədd edərkən mülkiyyət anlayışına məhdud yanaşmış, eyni zamanda çoxmənzilli binalrda mənzillərin bir neçə şəxsə satılarkən ilkin müqavilənin üstünlüyünü nəzərə almamışdır. Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı «əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması» barədə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 008 saylı mənzil həmin Cəmiyyət tərəfindən 500 manat pulun İddiaçı tərəfindən ödənilməsi ilə eyni vaxtda Cavabdeh1 MMC və İddiaçı arasında bağlanmış xx.xx.2019- cu il tarixli 008 saylı müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 008 saylı mənzil üzrə İddiaçı adına mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb olunan və həmin Cəmiyyət tərəfindən təqdim edilməli olan sənədlərin verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-643/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, qeyd olunan məhkəmə qətnamələri qanuni qüvvəyə minmiş olmaqla, həmin iş üzrə müəyyən edilmiş faktlar və hüquqi nəticələr həmin işdə iştirak etmiş tərəflər üçün məcburi xarakter daşıyır və sonrakı məhkəmə icraatlarında yenidən mübahisələndirilə və ya sübut predmetinə çevrilə bilməz. Xüsusilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi və bu qətnamənin Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılması nəticəsində, mübahisəli 008 saylı mənzilin xx.xx.2019-cu il tarixli müqavilə şərtlərinə uyğun olaraq İddiaçı təhvil verilməsi və onun adına mülkiyyət hüquqlarının qeydiyyatı üçün sənədlərin təqdim edilməsinin Cavabdeh1 MMC-nin öhdəliyi olduğu hüquqi cəhətdən qəti şəkildə müəyyən edilmişdir. Bu faktların və hüquqi vəziyyətin sonradan başqa bir məhkəmə prosesində şübhə altına alınması preyudisiallıq (préjudicielle) prinsipinə, habelə hüquqi müəyyənlik və məhkəmə qərarlarının sabitliyi prinsiplərinə ziddir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. Cavabdeh2 apellaysiya şikayətinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv.metr sahədən ibarət 218 saylı mənzil 2020-ci ildən onun istifadəsindədir. Belə ki, xx.xx.2020-ci il tarixli, 218-M saylı "Mənzil tikintisi haqqında müqavilə"nin surətindən görünür ki, "xxxx" MMC-nin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 218 saylı mənzil üçün tərəfindən hər kv.metri üçün 556,7 manat olmaqla, cəmi 35000 (otuz beş min) manat pul ödənilmişdir. Müqaviləyə əsasən "xxxx" MMC mənzili ona təhvil verməyə dair öhdəlik götürmüşdür. Bir payçı kimi mənzilin dəyərini tam ödəmiş və bu haqda ona maliyyə arayışı təqdim olunmuşdur. Qeyd edir ki, iddiaçının iddia etdiyi mənzilin dəyərini tam ödəməsi haqqında maliyyə arayışı yoxdur. Abşeron Rayon Məhkəməsinə təqdim etdiyi etirazda qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv.metr sahədən ibarət 218 saylı mənzilə qoyulacaq sayğaclar (qaz, su, elektirik) üçün əlavə 1100 (bir min yüz) manat da ödəniş etdikdən sonra ona mənzilin açarını və təmirə icazə haqqında vəsiqə verdilər. 218 saylı mənzili təhvil alarkən mənzil tam şəkildə təmirsiz olmuş, orada heç bir kənar əşya olmamışdır. Mənzil onun tərəfindən yüksək səviyyədə təmir edilmiş, bir otaqlıdan iki otaqlıya düzəldilmişdir. Mənzilin təmiri bir ildən çox çəkmiş, təmirə ailə büdcəsindən 34000 (otuz dörd min) manata yaxın pul xərclənmişdir. 2022-ci ilin may ayından mənzilə köçmüşlər. Nə təmir işləri gedən vaxt ustalara, nə də onlara 2025-ci ilə qədər İddiaçı özü, nə də onun adından heç kim müraciət etməyib. xx.xx.2025-ci il tarixində Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə əlaqədar Abşeron rayon icra və propasiya şöbəsininin işçiləri mənzilə gəlmiş, akt tərtib etmişlər. Aktda qeyd olunur ki, “sənəddə göstərilən ünvanda 008 saylı mənzil aşkar edilmədi. Həmin mərtəbədə, həmin ölçüdə olan 218 nömrəli mənzilə baxış keçirilib, mənzildə Cavabdeh2 yaşadığı müəyyən edildi. İcra nümayəndələrinə həmin mənzilə dair müqavilə və maliyyə arayışı təqdim edilib". Qeyd edir ki, "FAM-88” MMC ilə İddiaçı arasında mübahisəli məsələnin ona heç bir aidiyyəti yoxdur. Apellyasiya şikayətində istinad edilən Gəncə Şəhər Məhkəməsinin qətnaməsində həm iddiaçının (ilk iddiaçı: “FAM-88" MMC) iddia ərizəsində, həm də qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının (qarşılıqlı iddia üzrə iddiaçı: İddiaçı) ərizələrində tələblər Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 008 saylı mənzilə aid edilmişdir. Həmçinin İddiaçı sənədləri 008 saylı mənzilə aiddir, amma məhkəmə qətnaməsi icrası ilə bağlı binada icraçı tərəfindən mənzil müəyyən edilən zaman İddiaçı onun mənzilinin üzərində 218 nömrəsini görmüşdür və ondan sonra o, öz sənədlərinin üzərində qeyd aparmışdır (apellyasiya şikayətində qeyd olunur - 008, əvvəlki 218 saylı mənzil). Əgər İddiaçı və onun nümayəndəsi hesab edirsə ki, mənzil əvvəl 218 saylı olmuşdur, o zaman İddiaçı sənədlərində 218 rəqəmi yazılardı. Bəs, onda niyə İddiaçı sənədinin üzərində 008 yazılıb, niyə “FAM-88" MMC məhkəməyə 008 saylı mənzilə dair məhkəmədə mübahisə açır, niyə İddiaçı özü məhkəməyə 008 saylı mənzilə hüquq əldə etmək istəyir. Məhkəmə qətnaməsində 008 (əvvəlki 218) saylı mənzil ifadəsinə nə qətnamənin məzmununda, nə də ki qətnamənin "qət etdi" hissəsində rast gəlinmir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə ünvanındakı yaşayış binasında 008 saylı mənzil binanın 1-ci blok, 4-cu mərtəbəsində yerləşir. Lakin həmin mənzil təmirsiz olduğu üçun iddiaçını qane etmir. Təmirli mənzilə sahiblənmək iştahası ilə o, reallıq hissi itirmiş və heç bir hüquqi əsası olmayan iddialarla çıxış edir. O, xx.xx.2020-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 218 saylı mənzili hər kv.metri üçün 556,7 manat olmaqla, cəmi 35000 (otuz beş min) manat pul ödəmişdir. Mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmiş və həmin vaxtdan həmin mənzildə təmir işləri aparmaqla həmin mənzilə sahib olmuşdur. İddiaçı özü dediyi kimi qeyd olunan 008 saylı mənzilin dəyərini tam ödəməmiş, mənzilin yerləşdiyi yeri belə bilməmiş, nəticədə tikinti şirkəti yəni, Cavabdeh1 MMC pulu tam ödəmədiyinə görə İddiaçı məhkəməyə vermişdir. Sözü gedən məhkəmə qətnaməsi ilə öhdəlik "xxxx" MMC-nin üzərinə qoyulmuşdur. c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, tərəflər arasında ilk dəfə 2014-cü ildə müqavilə bağlanmış, daha sonra şirkət nömrələnmənin yenidən baş tutduğunu bildirərək 2019-cu ildə təmsil etdiyi şəxslə təkrarən müqavilə bağlamışdır. Mənzil indiyədək təhvil verilməmişdir. "xxxx" MMC təmsil etdiyi şəxsə qarşı Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC ilə cavabdeh İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 008 saylı müqavilənin etibarsız hesab edilməsi, əmlakın iddiaçının sahibliyinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər arasında 1-ci müqavilənin mübahisələndirilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcud olmuş, təmsil etdiyi şəxsin 2019-cu ildə Cavabdeh1 MMC ilə müqavilə bağlaması və həmin müqavilənin etibarsızlığı üçün əsasların olmadığı müəyyən olunmuşdur, həmin qətnamə preyudisial əhəmiyyət daşıyır. Məhkəmə qətnaməsində qeyd olunur ki, mübahisəli mənzilə dair İddiaçılə və Cavabdeh2la MMC arasında bağlanmış müqavilələrdə mənzilin nömrəsi fərqli, yəni müvafiq olaraq 008 və 218 qeyd edilsə də, məhkəmə tərəfindən mübahisəli mənzilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqdan ibarət olmuş, 2 otağa düzəldilmiş, 62,87 kv.m sahəsi olan mənzili İddiaçı və Cavabdeh2 özününkü hesab edirlər. Hazırda mənzillərin eyni olması işin mübahisəsiz halıdır, mənzil ilk olaraq onlara satılmışdır. Alqı-satqı müqaviləsi bağlandığı andan təmsil etdiyi şəxsin sahiblik və istifadə hüququ yaranmışdır. Məhkəmə yerli baxış iclası keçirmiş, həmin zaman 008 və 218 saylı mənzillərin eyni olduğu aşkar olunmuşdur. Şirkət Gəncə Şəhər Məhkəməsində iddiaçıya qarşı iddia qaldırıb, iddiaçı isə evin təhvil verilməsi barədə iddia qaldırmışdır. İddia qaldıranda mənzilin kimdə olduğunu bilməmiş, icra mərhələsində mənzilin kimin istifadəsinə olduğunu öyrənmişdir. İddiaçı 2020-ci ilədək mənzili gedib görə bilsə də ondan sonra ödənilməmiş pulla bağlı mübahisəyə görə onu evə buraxmayıblar. Ümumiyyətlə həmin binada mənzillərin əksəriyyəti təhvil verilməyib. Sonuncu dəfə 2020-ci ilin əvvəllərinə mənzili görüb, müqavilə dəyişdikdən sonra problemlər çıxıb, iddiaçı ona başqa mənzil verildiyini, şirkətin onu aldatdığını düşünüb, icra mərhələsində isə şirkət mənzil başqa şəxsə satıldığını bildirib. Məhkəmə qətnaməsindən xeyli müddət keçdikdən sonra icra məmurlarının cavabdehin yaşadığı ünvana getmələrinin səbəbi evin müəyyənləşdirilməsində problemlər yaranması, mənzilin tapılmaması olmuşdur. Cavabdeh iddia etdikləri mənzilin onun istifadəsində olan mənzil olmadığını bildirirsə, onu sübuta yetirməli və hansı mənzildirsə, tapıb onlara göstərməlidir. Təmsil etdiyi şəxs mənzili Gülməmmədli Elbəyidən alıb. Yerli baxış iclasında mənzilin yeri müzakirə olunub, komendant da cavabdehin yaşadığı mənzili göstərib. Ona görə qətnamə ilə razı deyil və apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mənzili 2020-ci ildə almış və təmir etdirmişdir. 2023-cü ildən mübahisəli mənzildə yaşayır. 2025-ci ilə qədər mənzillə bağlı müraciət edən olmayıb. 2025-ci ildə icra məmurları gəlmiş və 4-cü blok 4-cü mərtəbədə 008 saylı mənzil olmadığından Gəncə Şəhər Məhkəməsinin qətnaməsinin icrasının mümkün olmaması barədə akt tərtib etmişlər. O, isə öz növbəsində mənzilə dair sənədlərini təqdim etmişdir. Qarşı tərəf 2025-ci ildən sonra 008 saylı mənzili “əvvəlki 218” saylı mənzil adlandırmış, halbuki iddiaçının müqaviləsində 218 saylı mənzil qeyd olunmamışdır. Mənzillərin nömrələnməsi məsələsinə diqqəti çəkərək bildirir ki, nömrələnmə 1-ci blokdan başlayır, 4-cü blokda 008 saylı mənzilin olması ağlabatan deyil. Məhkəmə yerli baxış zamanı 1-ci blokda 008 saylı mənzili aşkarlamışdır. Hesab edir ki, iddiaçı həmin mənzili təmirsiz, pis halda olduğundan onu bəyənməmiş, onun mənzili barəsində tələb irəli sürmüşdür. Apellyasiya şikayətinin təmin olunmamasını xahiş edirəm.

12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

13. xx.xx.2019-cu il tarixli, 008 saylı Mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC Abşeron rayon İH başçısının 14 mart 2016-cı il tarixli, 38 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 008 saylı mənzili hər kv.metri üçün 500 manat olmaqla, 2 ay ərzində cəmi 31435 manat pul ödəməklə inşa edib İddiaçı təhvil verməyə dair öhdəlik götürmüşdür. Ödəmə barədə qrafik tərtib olunmuşdur.

14. xx.xx.2019-cu il tarxili və xx.xx.2019-cu il tarxili kassa mədaxil orderlərinin qəbzinin surətindən görünür ki, İddiaçı qeyd olunan 008 saylı mənzilə görə pay dəyəri kimi ümumilikdə 30435 manat pulu tam olaraq Cavabdeh1 MMC-yə ödəmişdir.

15. xx.xx.2020-ci il tarixli 218-M saylı Mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC Abşeron rayon İH başçısının 14 mart 2016-cı il tarixli, 38 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 218 saylı mənzili hər kv.metri üçün 556,7 manat olmaqla, cəmi 35000 manat pul ödəməklə inşa edib Cavabdeh2 təhvil verməyə dair öhdəlik götürmüşdür. Payçı tam ödənişi ödəmişdir.

16. Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı «əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması» barədə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 008 saylı mənzil həmin Cəmiyyət tərəfindən 500 manat pulun İddiaçı tərəfindən ödənilməsi ilə eyni vaxtda Cavabdeh1 MMC və İddiaçı arasında bağlanmış xx.xx.2019cu il tarixli 008 saylı müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanındakı yaşayış binasının 4-cü blok, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 008 saylı mənzil üzrə İddiaçı adına mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün tələb olunan və həmin Cəmiyyət tərəfindən təqdim edilməli olan sənədlərin verilməsi öhdəliyinin Cavabdeh1 MMC-nin üzərinə qoyulması qət edilmişdir.

17. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-643/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. xx.xx.2014-cü il tarixli Mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanındakı yaşayış binasının 4cü blok, 4-cü mərtəbəsində yerləşən 1 otaqlı, 62,87 kv. metr sahədən ibarət 218 saylı mənzili inşa edib X1 təhvil verməyə dair öhdəlik götürmüşdür.

19. xx.xx.2016-cı il tarixli etibarnamənin surətindən görünür ki, X2 bütün əmlakını sərəncam vermə səlahiyyəti də daxil olmaqla səlahiyyətlərini 10 il müddətinə İddiaçı etibar etmişdir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

144-1.1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq olaraq tikintisinə icazə alınmış, lakin həmin Məcəlləyə uyğun olaraq istismarına icazə verilməmiş binalar tikintisi başa çatmayan binalar hesab edilir. 144-1.2. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış mülkiyyətçi tikiləcək binanın tərkib hissələrinin sayına və sahəsinə mütənasib olaraq həmin torpaq sahəsini bu Məcəllənin 144.5-ci maddəsində nəzərdə tutulmuş qaydada bölünmə planı əsasında paylara bölə bilər və bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququnun qeydə alınmasını tələb edə bilər. 144-1.3. Mülkiyyətindəki torpaq sahəsində tərkib hissələrdən ibarət binanın tikintisinə icazə almış şəxs bölünmə planına əsasən yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra sərəncam verə bilər. 144-1.4. Bölünmə planına əsasən mülkiyyətindəki torpaq sahəsində yaranan paylara və tikintisi başa çatmayan binanın həmin paylara bağlı olan tərkib hissələrinə sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməli və tərkib hissələri əldə edən şəxslərin xeyrinə bu Məcəllənin 147-ci maddəsinə uyğun olaraq təminat qeydi aparılmalıdır. 144-1.5. Bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir. 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissəhissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

21. 15 dekabr 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin redaksiyası 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

22. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

23. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3674/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddiaçının apellyasiya şikayəti üzrə tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3674/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Məhkəmə kollegiyası iddiaçının qanuni qüvvəsini almış Gəncə Şəhər Məhkəməsinin 2(125)-171/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən mənzilin Cavabdeh1 MMC tərəfindən ona təhvil verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunan Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı iş üzrə cavabdeh X4 həmin işdə iştirak edən şəxs olmamaqla, qeyd edilən qətnamə üzrə müəyyən edilmiş faktlar hazırkı mübahisə üzrə preyudisial əhəmiyyət daşımamışdır. Buna görə də məhkəmə kollegiyası qeyd olunan hissədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

26. Məhkəmə kollegiyası iddiaçının məhkəmə təcrübəsi baxımından istinad etdiyi Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 mart 2015-ci il tarixli qərarında göstərilənlərə bağlı qeyd edir ki, həmin iş üzrə mübahisə hazırkı işdən fərqli olaraq, Məhdud Məsuliyyətli Cəmiyyətlə bağlanmış müqavilələr üzrə deyil, Mənzil Tikinti Kooperativi ilə bağlanmış müqavilələr üzrə yaranmış mübahisə olmuşdur. Qeyd olunan iş üzrə mübahisə müqavilələr bağlanarkən qüvvədə olmuş Mülki Məcəllənin 178.8-ci maddəsinin tələbinə müvafiq olaraq həll edilmişdir. Hərçənd ki, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 112.1-ci maddəsində nəzərdə tutulan norma daha əvvəl Mülki Məcəllənin 178.8-ci maddəsində də nəzərdə tutulmuşdur ki, həmin normalara əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Lakin, 15 dekabr 2017-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası qanunu ilə Mülki Məcəllənin 178.8-ci maddəsi yeni redaksiyada verilmişdir ki, yeni redaksiyada olan həmin norma tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında olan münasibətləri podrat münasibətləri hesab etməklə, həmin münasibətlərə uyğun həll edilməli olmasını müəyyən etmişdir. Hazırkı iş üzrə tərəflərə aid müqavilələr də məhz Mülki Məcəllənin 178.8-ci maddəsinin yeni redaksiyası qüvvəyə mindikdən sonra bağlanmışdır. Hazırkı iş üzrə iddiaçı, o cümlədən cavabdehlə bağlanmış müqavilələr Mənzil Tikinti Kooperativi arasında deyil, Məhdud Məsuliyyətli Cəmiyyət arasında bağlanmışdır ki, bununla da Mənzil Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə müvafiq olaraq, iddiaçı tərəfindən edilmiş ödənişlərə görə onun mənzil üzərində mülkiyyət hüququqnun yaranmasının iddia edilməsi əsassız olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mübahisəyə podrat və öhdəliklərin icra edilməməsi üçün məsuliyyətdən irəli gələn münaibətlər üzrə normaları tətbiq etmişdir.

27. Hazırkı işin hallarına görə isə müəyyən edilir ki, mübahisəli mənzillə bağlı İddiaçılə ilə Cavabdeh1 MMC arasında xx.xx.2019-cu il tarixli, Cavabdeh2la isə xx.xx.2020-ci il tarixli mənzil tikintisinə dair podrat müqavilələri bağlanmış, bina inşa edildikdən sonra mənzil Cavabdeh2 təhvil verilmiş, həmin mənzil onun tərəfindən yenidən planlaşdırılmaqla təmir edilmiş və hal-hazırda da onun tərəfindən istifadə edilməkdədir. İddiaçı ilə bağlanmış müqavilə Mülki Məcəllənin 144-1.4-cü maddəsinin tələbinə müvafiq olaraq notariat qaydasında bağlanmamış və mənzilə dair təminat qeydi aparılmamışdır. Bu hal həmçinin cavabdehlə bağlanmış müqaviləyə aid olmuşdur. Lakin, bağlanmış podrat müqaviləsi üzrə mənzil Cavabdeh2 mülkiyyət hüququ ilə verildiyindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbinə müvafiq olaraq, iddiaçının cavabdehdən mənzili tələb edə bilməsi ilə bağlı hüququ da aradan qalxmış, həmçinin cavabdehlə bağlanmış müqavilənin etibarsız hesab edilə bilməsi üçün hər hansı bir qanuni əsas da müəyyən edilməmişdir. Buna görə iddiaçının Cavabdeh1 MMC-dən Mülki Məcəllənin 452.2-ci maddəsinin tələbinə müvafiq olaraq, bağlanmış podrat müqaviləsi üzrə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

28. Məhkəmə kollegiyası əlavə olaraq qeyd ki, məhkəmə kollegyiasının iclasında cavabdeh ona təhvil verilmiş mənzilin iddiaçı ilə bağlanmış müqavilə üzrə verilməli olan mənzil olmamasını iddia etmişdir. Lakin, birinci instansiya məhkəməsi bağlanmış podrat müqavilələri üzrə mənzillərin eyni mənzil olmasını müəyyən etmiş, cavabdeh tərəfindən də qətnamədən şikayət verilməməklə, iddianın məhz qeyd edilən əsasla rədd edilməsi xahiş edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası podrat müqavilələri üzrə mənzillərin eyni mənzil olması baxımından iddianın rədd edilməli olmasını nəzərə alaraq, hazırkı şikayət çərçivəsində qeyd olunan halın araşdırılmasına da zərurət görməmişdir. Belə ki, iddiaçı mübahisəli mənzilin eyni mənzil olduğunu iddia etdiyi halda yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 452.2-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh1 MMC-dən zərərin əvəzinin ödənilməsini tələb etmək, eyni mənzil hesab etmədiyi halda isə mənzilinə qanunsuz sahiblənmiş şəxsə qarşı tələb irəli sürmək hüququna malik olacaqdır.

29. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuş, apellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3674/2025 nömrəli qətnaməsii dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-3674/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar