Məhkəmə qərarları › İş №2(012)-5913/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5913/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5913/2021 11.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən, 2 ədəd telefon aksesuarı üçün 10 manat ödənilməmiş hissə, 3 manat cərimə, 28.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********46426 Samsung Galaxy A10 markalı telefon, Samsung qulaqlıq üçün 306 manat ödənilməmiş hissə, 91 manat olmaqla, ümumilikdə 410 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat pulun Cavabdeh və Zamin müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 28.10.2019-cu il tarixli, 01012410 saylı və 28.10.2019-cu il tarixli, 01012453 saylı müqavilələrə əsasən, 2 ədəd telefon aksesuarı və İMEİ Kodu **********46426 Samsung Galaxy A10 markalı telefon, Samsung qulaqlıq almış və nəticədə 410 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 28.10.2019-cu il tarixli, 01012410 saylı müqaviləyə əsasən alğı-satqı qiyməti 16 manat, 2 ədəd telefon aksesuarı üçün 10 manat ödənilməmiş hissə, 3 manat cərimə, 28.10.2019-cu il tarixli, 01012453 saylı müqaviləyə əsasən alğı-satqı qiyməti 409 manat olan İMEİ Kodu **********46426 Samsung Galaxy A10 markalı telefon, Samsung qulaqlıq üçün 306 manat ödənilməmiş hissə, 91 manat cərimə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi 109 manat təşkil edir. Həmçinin hər iki 28.10.2019-cu il tarixli müqavilənin təminatı olaraq 28.10.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış, Zamin "xxxx" MMC qarşısında alıcı Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 % -i həcmində mübahisəsiz penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50 %-nə qədər hissəsi penya ödənilməsinə yönələ bilər. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 28.10.2019-cu il tarixli, 01012410 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 2 ədəd telefon aksesuarı almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.10.2019-cu il tarixli, 01012453 saylı müqavilədən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********46426 Samsung Galaxy A10 markalı telefon, Samsung qulaqlıq almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.10.2019-cu il tarixli, 01012410 saylı zaminlik müqaviləsindən görünür ki, 28.10.2019-cu il tarixli, 01012410 saylı və 28.10.2019-cu il tarixli, 01012453 saylı müqavilələr üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Zaminlik müqavilələrinə əsasən, bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 28.10.2019-cu il tarixli, 01012410 saylı müqaviləyə əsasən Cavabdeh 10 manat ödənilməmiş hissə, 3 manat cərimə, 28.10.2019-cu il tarixli, 01012453 saylı müqaviləyə əsasən 306 manat ödənilməmiş hissə, 91 manat cərimə olmaqla ümumilikdə 410 manat borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 28.10.2019-cu il tarixli, 01012410 saylı və 28.10.2019-cu il tarixli, 01012453 saylı və 28.10.2019-cu il tarixli, 01012410 saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 28.10.2019-cu il tarixli, 01012410 saylı və 28.10.2019-cu il tarixli, 01012453 saylı müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, 28.10.2019-cu il tarixli, 01012453 saylı müqavilələrə əsasən, hesablanmış 91 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək 28.10.2019-cu il tarixli, 01012453 saylı müqaviləyə əsasən dəbbə pulu 5 manat məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh 28.10.2019-cu il tarixli, 01012410 saylı və 28.10.2019-cu il tarixli, 01012453 saylı müqavilələrdən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" MMC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Zamin öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 20 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-675-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 28.10.2019-cu il tarixli, 01012410 saylı müqaviləyə əsasən, 2 ədəd telefon aksesuarı üçün 10 manat ödənilməmiş hissə, 3 manat cərimə, və 28.10.2019-cu il tarixli, 01012453 saylı müqaviləyə əsasən, İMEİ Kodu **********46426 Samsung Galaxy A10 markalı telefon, Samsung qulaqlıq üçün 306 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla ümumilikdə 324 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat Cavabdeh və Zamin müştərək qaydada alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar