Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-592/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə 06 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 004R********** saylı kredit razılaşması üzrə 607,63 ABŞ dolları kredit borcu, 717,65 ABŞ dolları faiz borcu və 300,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1625 ABŞ dolları borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia ərizəsində tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.06.2014-cü il tarixli, 04L000005552 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 05.02.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 07.12.2015-ci il tarixli 004R**********S saylı, 29.02.2016-cı il tarixli 004R**********SA saylı, 09.02.2017-ci il tarixli 004R**********SB saylı, 05.09.2017-ci il tarixli 004R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Lakin cavabdeh bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh3. Cavabdeh2 və Cavabdeh4 ilə bank arasında 04S000010299 saylı, 004S**********02 və 004S**********01 saylı zaminlik müqavilələri bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Bu borc Prezidentin fərmanının təsirinə düşsə də, vətəndaş banka yaxınlaşmadığı üçün yenidən müqavilə bağlanmayıb. Bunlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Belə ki, o, iddiaçı təşkilatdan 4500 dollar kredit götürmüşdür. Belə ki, 2018-ci il tarixdə dövlət kredit borcunun bir hissəsini silmiş və bundan sonra onun banka 1032 manat borcu qalmışdır. İddiaçı təşkilata borcu hissə-hissə ödəməyi təklif etsə də, razılaşmadılar. O, hal-hazırda usta yanında günəmuzd köməkçi olaraq işləyir və yeni qrafik açıldığı halda aya 30-50 manat ödəməyə razıdır. Borcu ödəməkdən boyun qaçırmır, lakin hal-hazırda kredit borcunu tam bağlamaq iqtidarında deyil və yeni qrafik açılmasını xahiş edir. Cavabdeh3 məhkəmə iclasında izahatında digər Cavabdeh1 izahatına uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 27.06.2014-cü il tarixli, 04L000005552 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında müqavilə bağlanılmış və bu müqaviləyə əsasən Cavabdeh1 İddiaçı QSC-dən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 05.02.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşmalarından görünür ki, Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,5 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 07.12.2015-ci il tarixli 004R**********S saylı, 29.02.2016-cı il tarixli 004R**********SA saylı, 09.02.2017-ci il tarixli 004R**********SB saylı, 05.09.2017-ci il tarixli 004R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan 04S000010299 saylı, 004S**********02 və 004S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı QSC-nin Xırdalan filialı, bundan sonra zamin adlandırılacaq Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh1 arasında 27.06.2014-cü il tarixdə Bakı şəhərində bağlanmış 04L000005552 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmalar üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışlar. İş materiallarında olan 01.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 05.02.2015-ci il tarixli 004R********** saylı kredit razılaşmasına əsasən 607,63 ABŞ dolları əsas, 717,65 ABŞ dolları faiz, 300,65 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1625,93 ABŞ dolları məbləğində borcu yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında 05.02.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması və 07.12.2015-ci il tarixli, 004R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi barədə müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh1 ilə bağlanılmış 05.02.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması və 07.12.2015-ci il tarixli 004R**********S saylı, 29.02.2016-cı il tarixli 004R**********SA saylı, 09.02.2017-ci il tarixli 004R**********SB saylı, 05.09.2017-ci il tarixli 004R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi barədə müqavilələr üzrə cavabdeh (kreditalan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, 05.02.2015-ci il tarixli 004R********** saylı kredit razılaşmasına əsasən, hesablanmış 300,65 ABŞ dolları məbləğində cərimə borcu cavabdehin onsuzda ağır olan maddi durumunu daha da ağırlaşdıra bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 10 ABŞ dolları məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh1 05.02.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması və 07.12.2015-ci il tarixli,004R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilməsi barədə müqavilələrdən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı QSC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdehlər olan Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 manat dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 24,65 manat pul vəsaiti də cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 05.02.2015-ci il tarixli 004R********** saylı kredit razılaşması üzrə 607,63 ABŞ dolları kredit borcu, 717,65 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1335,28 ABŞ dolları borc və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 24,65 manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №2(012)-592/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-592/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver