Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5987/2021 09.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 1100 manat və Cavabdeh2 isə 2660 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Dövlət Sərhəd Xidmətinə kiçik gizir kimi işə düzəlmək istədiyini X5 (***-***-**-**) adlı tanışına bildirmişdir. Orxan isə ona internetdə tanış olduğu “Rəşad” adlı şəxsin bu işlərlə məşğul olduğunu, ona məhz həmin şəxsin kömək edəcəyini bildirmişdir. Orxan ona Rəşad adlı şəxsin istifadəsində olan ***-***-**-** nömrəli telefonu vermiş və onunla əlaqə saxlamağı bildirmişdir. O, Rəşad adlı şəxsə zəng edərək Dövlət Sərhəd Xidmətinə işə düzəlmək istədiyini bildirmiş, Rəşad adlı şəxs onu Zaqatala rayonu ərazisində yerləşən N saylı hərbi hissəyə düzəldəcəyinə dair söz vermiş, 23 dekabr 2020-ci il tarixdə Rəşad adlı şəxsin verdiyi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hesab nömrələrinə o, e-manat vasitəsi ilə əvvəlcə 2000 manat, daha sonra 20 manat, 500 manat, 300 manat, 500 manat, daha sonra isə 300 manat ödəmişdir. 31 dekabr 2020-ci il tarixdə Rəşadla telefon əlaqəsi saxladıqda onun tibbi sənədlərinin hazır olması üçün 140 manat pulu onun verdiyi hesab nömrəsinə göndərmiş, işə nə üçün düzəlmədiyi ilə bağlı zəng etmiş, lakin onun zənglərinə cavab verməkdən boyun qaçırmışdır. Rəşad onun telefonlarına cavab vermədiyi təqdirdə o, polisə müraciət etmişdir. 29 yanvar 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Polisə şikayət ərizəsi ilə müraciət etdikdə bəlli olmuşdur ki, Rəşad adlı şəxs Cavabdeh1 və Cavabdeh2dur. Ona məxsus pullar cavabdehlərin hesabına köçürülmüşdür. Odur ki, cavabdehlər ona olan borcunu qaytarmaq istəmir, bu səbəbdən də o, cavabdehlərdən 3760 manat pulunu almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, o, İddiaçı tanımır, onlar arasında pul münasibəti olmamışdır. O, oteldə ofisiant işləyirdi, Nurlan adlı şəxs də onun çalışdığı oteldə iki aya yaxın müddətdə qalmışdır. Lakin Nurlanın otelə borcu qaldığından, onun kartını istəmiş və həmin pulu karta köçürəcəyini bildirmişdir. Səbəb isə otelin hesabının olmaması idi. Nurlan hazırda, Bakı İstintaq Təcridxanasında saxlanılır. Digər Cavabdeh2 isə o, ümumiyyətlə tanımır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 29.01.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, material üzrə izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki, 2005-ci ildə onunla qonşuluqda yaşayan X4 ilə tanış olmuşdur. Həmin tarixdən yaxın münasibəti olmuşdur. 2020-ci ilin oktyabr ayında şəxsi istifadəsi üçün “Rabitə Bank”a məxsus “Kartmane” plastik kartını almışdır. 2020-ci ilin təxminən noyabrdekabr ayında tanışı Sərxan söhbət əsnasında rayondan ona pul göndərildiyini, lakin bank hesabının olmadığına görə pulu göndərə bilmədiklərini bildirmişdir. Bu səbəbdən də ondan “Rabitə Bank”a məxsus “Kartmane” plastik kartı bir günlük istəmiş, Sərxanın xətrini istədiyinə görə kartı ona vermişdir, təxminən 2-3 gündən sonra Sərxan ona geri qaytarmışdır. Kart Sərxanda qalan zaman sözügedən plastik kartın hesabına 150-200 manat köçürülməsi barədə onun telefonuna bildiriş gəlmişdir. Sərxan kartı verdikdən 2-3 gün sonra yenidən ondan həmin kartı istəmiş və yenidən ona plastik kartı vermişdir. Bir neçə gündən sonra telefonuna 2000 manat nəğd pul köçürülməsi barədə bildiriş gəlmişdir. Bildirişi gördükdən sonra Sərxanla əlaqə saxlamış və nə baş verdiyini soruşduqda tanışı Rəşad adlı şəxsin əmək haqqısının onun hesabına köçürüldüyünü deyərək narahat olmamağını bildirmişdir. Həmin tarixdən dəfələrlə Sərxandan kartını geri qaytarılmasını tələb etsə də kartı geri qaytarmamış, kartın Rəşad adlı şəxsdə olduğunu demişdir. Bu səbəbdən məcbur olub sözügedən kartı bağlatmışdır. Qərardan daha sonra görünür ki, araşdırma zamanı hadisə ilə bağlı Rəşad adlı şəxsin izahatının alınması zərurəti yaranmışdır. Lakin Rəşad adlı şəxsin izahatını almaq mümkün olmamışdır. Bu səbəbdən də, Rəşad adlı şəxsin faktla bağlı mövqeyini öyrənmək, ortaya çıxmış ziddiyyətləri aradan qaldırılmaq mümkün olmamışdır. -Mülki iş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, müştəri Cavabdeh2 hesabına 2000 manat, 20 manat və 140 manat köçürülmüş, lakin digər qəbzlərdə yazılar pozulduğundan onların oxunması mümkün olmamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli arayışdan görünür ki, Həsənov X3 rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 13-cü küçə 27 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Ağsu rayonu Hacman kəndində qeydiyyatdadır. -Bakı-Binəqədi RPİ tərəfindən verilmiş 30.09.2013-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Mədən 2, 2-ci Korpus 93, 73A saylı evdə qeydiyyatdadır. -28.09.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 31 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı işə düzəlmək niyyəti ilə cavabdeh X2 müraciət etmiş və əldə olunmuş razılıq əsasında cavabdehlərin hesabına ödəniş qəbzlərinə əsasən müxtəlif müddətlərdə, müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Lakin cavabdehlərin vədinə əməl etməməsi nəticəsində iddiaçı ödənilmiş pul vəsaitlərinin cavabdehlərdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehlərdən pul vəsaitinin tutulmasına dair şikayət ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin qurumun 29.01.2021-ci il tarixli qərarına əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında iddiaçı məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərinə əsasən cavabdehlərə müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə ödəniş etdiyini və həmin ödənişlərin geri qaytarılmasını xahiş etsə də, mülki iş materiallarında olan ödəniş qəbzlərinə əsasən iddiaçının qeyd olunan pul vəsaitlərini həqiqətən də işə düzəlmək niyyəti ilə cavabdehlərə ödəməsi sübuta yetirilə bilməmişdir. Cavabdeh isə iddiaçını tanımadığını, hər hansı pul münasibətləri ilə bağlı iddiaçının qarşısında öhtəlik götürmədiyini bildirmiş, iddiaçı isə bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, iddia tələbinin əsaslığını sübut edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 31 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə, işin araşdırılan hallarını təhlil edib, qanunun yuxarıda göstərilən normalarını əsas tutub hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov.