Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5990/2021 10.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, İsmayılova Nərmin Allahverdi qızının katibliyi, İddiaçı Rabitəbank ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Rabitəbank ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rabitəbank ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Rabitəbank ASC ilə Cavabdeh arasında bağlanmış 03.12.2020-ci il tarixli YSNPU-04789 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 6427.62 manat, faiz borcuna görə 238.55 manat, cərimə borcuna görə 436.22 manat olmaqla cəmi 7102.39 manat borcun və 30 manat dövlət rüsumunun Rabitəbank ASC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Rabitəbank ASC-nin nümayəndəsi X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ödəniş edilməsinin nəzərə alınaraq, iddiaçı Rabitəbank ASC ilə Cavabdeh arasında bağlanmış 03.12.2020-ci il tarixli YSNPU-04789 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 5827.62 manat, faiz borcuna görə 449.32 manat, cərimə borcuna görə 1938.64 manat olmaqla cəmi 8215.58 manat borcun və 103 manat dövlət rüsumunun Rabitəbank ASC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Rabitəbank ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçı Rabitəbank ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış 03 dekabr 2020-ci il tarixli, YSNPU-04789 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 16% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 10000 manat kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4-cü bəndləri). Kredit müqaviləsinin şərtlərinə görə borcalan kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 3-dən gec olmayaraq 628,57 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 6427.62 manat, faiz borcuna görə 238.55 manat, cərimə borcuna görə 436.22 manat olmaqla cəmi 7102.39 manat təşkil edir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilmiş, hazırda onun banka kredit müqaviləsi üzrə əsas borca görə 5827.62 manat, faiz borcuna görə 449.32 manat, cərimə borcuna görə 1938.64 manat olmaqla cəmi 8215.58 manat borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, Gəncə quru qoşunlarında hərbiçi işləyir. 22.09.2020-ci il tarixdə bank tərəfindən ona 7102.39 manat kredit verilmişdir. Maaşı əvvəl yüksək olmuş, hər ay davamlı olaraq kredit müqaviləsi üzrə ödənişlərini etmişdir. Lakin sonradan ailədaxili problemləri yaranmış, həmçinin, maaşı azalmış, bu səbəbdən də banka yaxınlaşaraq kredit müqaviləsi üzrə hər ay 600 manat deyil, 300 manat ödəmək imkanı olduğunu bildirmiş, lakin bank razılaşmamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Borcverən Rabitəbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03.12.2020ci il tarixli YSNPU-04789 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 16% olmaqla 18 ay müddətinə, 10000 manat kredit verilmişdir. -03.12.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan Cavabdeh kredit müqaviləsi üzrə bankdan 10000 manat krediti imza edərək təhvil almışdır. -03.12.2020-ci il tarixli YSNPU-04789 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcunu bir ay sonradan, yəni 03.01.2021-ci il tarixdən başlayaraq, 03.06.2022-ci il tarixinədək hər ay banka 628.55 (sonuncu ay 628.95 manat) ödəməklə qaytarmalıdır. -Rabitəbank ASC tərəfindən verilmiş 23.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Rabitəbank ASC-yə 22.09.2021-ci il tarixinə olan borcu əsas borca görə 6427.62 manat, faiz borcuna görə 238.55 manat, cərimə borcuna görə 436.22 manat olmaqla cəmi 7102.39 manat təşkil edir. -Rabitəbank ASC tərəfindən verilmiş 09.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Rabitəbank ASC-yə 09.12.2021-ci il tarixinə olan borcu əsas borca görə 5827.62 manat, faiz borcuna görə 449.32 manat, cərimə borcuna görə 1938.64 manat olmaqla cəmi 8215.58 manat təşkil edir. -Rabitəbank ASC-nin Cavabdeh ünvanladığı 10.09.2021-ci il tarixli bildirişdən görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borcunu 3 iş günü müddətində ödəmədiyi təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 04.05.2015-ci il tarixli AZE № ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əliyev X3 rayonu Xırdalan şəhəri M.Hüseynzadə küçəsi 3 saylı evdə qeydiyyatdadır. -Dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin Məhkəməyə verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşə əlavə olunmuş arayışlardan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka əsas borca görə 5827.62 manat, faiz borcuna görə 449.32 manat, cərimə borcuna görə 1938.64 manat olmaqla cəmi 8215.58 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 1938.64 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 5827.62 manat əsas borc üzrə hesablanmış 1938.64 manat cərimənin azaldılaraq 5.00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsi 29.09.2021-ci il tarixdə məhkəməyə təqdim edilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq 30 manat dövlət rüsumu ödənilmiş, iddiaçı iddia tələbinə artıma verərkən cavabdehdən qanunvericiliyin dəyişməsi ilə əlaqədar 103 manat ödənilmiş dövlət rüsumu tələb etmişdir. Məhkəmə qeyd edir ki, 01 oktyabr 2021-ci il tarixdən qanuni qüvvəsini almış Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən dövlət rüsumunun məbləğində dəyişikliklər edilmiş, rüsum artırılmışdır. Lakin iddia tələbi qanun qəbul edildiyi vaxtdan əvvəl verildiyindən qanunda dəyişikliklər hazırkı iddia tələbinə tədbiq edilməməlidir. Bu səbəbdən də məhkəmə iddia ərizəsində tələb olunan 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə 5827.62 manat əsas, 449.32 manat faiz, 5.00 manat cərimə olmaqla, ümumilikdə cəmi 6281.94 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 03.12.2020-ci il tarixli YSNPU-04789 saylı kredit müqaviləsi üzrə 5827.62 (beş min səkkiz yüz iyirmi yeddi manat altmış iki qəpik) manat əsas, 449.32 (dörd yüz qırx doqquz manat otuz iki qəpik) manat faiz, 5.00 (beş) manat cərimə olmaqla, ümumilikdə cəmi 6281.94 (altı min iki yüz səksən bir manat doxsan dörd qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçı X4 Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5990/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5990/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver