Məhkəmə qərarları › İş №2(012)-600/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-600/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-600/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, Cavabdeh2 vəkili-nümayəndəsi Kərimov Vüqar İlham oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə 07 aprel 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxx” İKB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 2848.88 manat əsas borc, 2544.06 manat faiz borcu, 202.98 manat cərimə və kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixdən 13 avqust 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 605.9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 6201.82 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 30 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 23 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 13 avqust 2020-ci ilədək Cavabdeh1 banka 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 2848.88 manat əsas borc, 2544.06 manat faiz borcu, 202.98 manat cərimə və kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixdən 13 avqust 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 605.9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 6201.82 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və mülki işə onun iştirakı olmadan baxaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkili nümayəndəsi təmsil etdiyi cavabdehə münasibətdə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Belə ki, Cavabdeh2 iş üzrə zamindir, hazırkı kredit müqaviləsinin və zaminlik müqaviləsinin müddəti 23.01.2018-ci il tarixdə bitmişdir, zaminə qarşı iddia bir müddət ərzində irəli sürülməmiş, iş materiallarından göründüyü kimi 25 sentyabr 2020-ci il tarixdə iddia qaldırılmışdır. İş materiallarından müəyyən edilir ki, Cavabdeh1 isə 16.10.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarından görünür ki, Kərimov Rəhim Fikrət oğlu adlı şəxsi etibarnamə ilə təmsil edən vəkil Kərimov Vüqar İlham oğlu ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh Kərimov Fikrət Tariyel oğlunun ölməsi ilə əlaqədar onun oğlu Kərimov Rəhim Fikrət oğlunun hüquq varisi kimi işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir.Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, Cavabdeh1 iddiaçı məhkəmədə iddia qaldıranadək ölmüş olduğundan, yəni iddia ölmüş şəxsə qarşı qaldırıldığından bu barədə iddia ərizəsinin ona münasibətdə MPM-nin 259.0.12-ci maddəsinə görə baxılmamış saxlanması barədə və Kərimov Rəhim Fikrət oğlu adlı şəxsi etibarnamə ilə təmsil edən vəkil Kərimov Vüqar İlham oğlu qeyd edilən ərizəsinin isə geri qaytarılması barədə ayrıca qərardad qəbul edilməlidir. Məhkəmə cavabdehin vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh2 münasibətdə iddia təmin edilməməlidir.. Mülki işin materiallarında olan 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-dən illik 30 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borc alanın kreditor qarşısında öhdəliklərini zamin olaraq öz üzərinə götürmüşdür.Kredit və zaminlik müqaviləsinin müddəti 23 yanvar 2018-ci il tarixdə bitir.İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia tələbi ilə 25 sentyabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Mülki işin materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, «xxxx» İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Mülki işin materiallarında olan maliyyə arayışdan müəyyən edilir ki, 13.08.2020-ci ilədək 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 ”İddiaçı” ASC-yə olan borcu 2848.88 manat əsas borc, 2544.06 manat faiz borcu, 202.98 manat cərimə və kredit müqaviləsi üzrə 23 yanvar 2018-ci il tarixdən 13 avqust 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 605.9 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 6201.82 manat təşkil edir. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi hazırki iş üzrə zaminlik müqaviləsi 23.01.2018-ci il tarixdə bitmiş, zaminə qarşı tələb isə 23.01.2019-cu il tarixədək irəli sürülməli olduğu halda, iddiaçı hazırkı iddia tələbi ilə 25.09.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddiaçı ASC-nin Cavabdeh2 qarşı kredit borcunun tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar