Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6004/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bank Technique ASC ilə Cavabdeh arasında bağlanmış 07.11.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borca görə 29981.20 manat, faiz borcuna görə 15556.25 manat, cəriməyə görə 1430.46 manat olmaqla cəmi 46967.91 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq YeloBank Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən X5 Cəmiyyətindən illik 14 faizlə 105 ay müddətinə 34700 manat kredit verilmişdir. Texnikabank ASC ilə Yelo Bank ("xxxx" İKB) ASC arasında bağlanmış tələbin güzəşti barədə 29 yanvar 2016-cı il tarixli müqaviləyə əsasən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcun tələb etmək hüququ İddiaçı ("xxxx" İKB) ASC-yə ötürülmüşdür. 15 avqust 2016-cı il tarixli əlavə sazişə əsasən kreditin müddəti 07 noyabr 2024-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il sentyabrın 28-dək Cavabdeh banka 07 noyabr 2014-cü tarixli kredit müqaviləsi üzrə 29981,20 manat əsas, 15.556,25 manat faiz və 1430,46 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 46967,91 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, 07 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona X5 Cəmiyyətindən illik 14 faizlə 105 ay müddətinə 34700 manat kredit verilmişdir. O, mühafizə polisində işləyirdi, sonra işdən çıxdığından kredit müqaviləsi üzrə borcu ödəyə bilməmişdir. Bu səbəbdən də, hazırda, iddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin iddia tələblərini qismən qəbul edir, cərimə borcu yüksək hesablandığından həmin hissədə borc məbləği ilə razılaşmır, ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Kredit verən X8 Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh arasında bağlanmış 07.11.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin müqaviləyə əsasən bank tərəfindən borcalana 120 ay müddətinə, illik 14% hesabı ilə 34700 manat kredit verilmişdir. -07.11.2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə bankdan 34171 manat krediti imza edərək təhvil almışdır. -07.11.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcları bir ay sonradan, yəni 07.12.2014-cü il tarixdən başlayaraq, 07.11.2024-cü il tarixinədək hər ay banka 538.78 (sonuncu ay 538.65 manat) ödəməklə qaytarmalıdır. -Bank Technique ASC ilə Nikoyl İKB ASC arasında bağlanmış 29.01.2016-cı il tarixli tələbin güzəşti barədə müqavilənin və müqaviləyə 1 saylı əlavənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, kredit verən X8 Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh arasında bağlanmış 07.11.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsi üzrə öhdəliklər Nikoyl İKB ASC-yə güzəşt edilmişdir. -07.11.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsinə 15.08.2016-cı il tarixli əlavənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, kredit müqaviləsi üzrə nəzərdə tutulmuş 105 ay müddəti 120 ay müddəti ilə, kreditin bağlanma tarixi 07.11.2024cü il, kreditin illik faiz dərəcəsi 14 faiz müəyyən edilmişdir. -07.11.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcları 07.09.2016-cı il tarixdən başlayaraq, 07.11.2024-cü il tarixinədək hər ay banka 560.96 (sonuncu ay 560.62 manat) ödəməklə qaytarmalıdır. -YeloBank ASC-nin 28.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07.11.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 29981.20 manat, faiz borcuna görə 15556.25 manat, cəriməyə görə 1430.46 manat olmaqla cəmi 46967.91 manat borcu vardır. -YeloBank ASC tərəfindən kredit alan Cavabdeh ünvanlanmış 06.04.2021-ci il tarixli 5324 saylı xəbərdarlıqdan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 09.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi borclu Cavabdeh bankdan kredit müqaviləsi üzrə borc götürmüş və kredit götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.1. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin araşdırılan hallarını və tədqiq edilmiş sübutları qiymətləndirib hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Səfərov Habil Əhməd oğlu kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka əsas borca görə 29981.20 manat, faiz borcuna görə 15556.25 manat, cəriməyə görə 1430.46 manat olmaqla cəmi 46967.91 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Səfərov Habil Əhməd oğlu həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 1430.46 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 29981.20 manat əsas borc üzrə hesablanmış 1430.46 manat məbləğində cərimənin azaldılaraq 50,00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, X8 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.11.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 29981.20 manat, faiz borcuna görə 15556.25 manat, cəriməyə görə 50 manat olmaqla cəmi 45587.45 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. X8 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07.11.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 07.11.2014-cü il tarixli 14/230 saylı kredit müqaviləsi üzrə əsas borca görə 29981.20 (iyirmi doqquz min doqquz yüz səksən bir manat iyirmi qəpik) manat, faiz borcuna görə 15556.25 (on beş min beş yüz əlli altı manat iyirmi beş qəpik) manat, cəriməyə görə 50 (əlli) manat olmaqla cəmi 45587.45 (qırx beş min beş yüz səksən yeddi manat qırx beş qəpik) borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat iddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov