Məhkəmə qərarları › İş №2(012)-6032/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6032/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6032/2025 15.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1960 manat, dövlət rüsumuna görə ödənilən 40 manat olmaqla, cəmi 2000 manat pul vəsaiti alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun maşınını ilkin alqı-satqı müqaviləsinə əsasən etibarnamə ilə idarə edən şəxsdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə onunla Bakı şəhər 43 saylı notariat ofisində ilkin alqı-satqı müqaviləsi bağlayaraq, onun adına olan Azərbaycan Respublikası DİN BDYPİ QİS tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli, BA 392533 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən BAN nömrəsi KNEDE**********83 və buraxılış ili 2007ci il olan “Kia Rio minik” markalı, 77DH926 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin verilməsi barədə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. İlkin alqı-satqı müqaviləsinin şərtinə görə alıcı Cavabdeh ona günlük 25 manat xx.xx.2027-ci il tarixinədək ödəməlidir və götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi avtomaşını idarə etmiş, müqavilənin şərtini pozmuşdur. Cavabdeh müqavilənin şərtinə görə 1960 manat pulu ödəməmişdir. Lakin cavabdehə dəfələrlə şifahi və yazılı pretenziya qaydasında olaraq, müqavilənin şərtinə əməl etməsini xahiş və tələb etsə də cavabdeh buna əməl etməmişdir. Bu səbəbdən o, məcbur olub məhkəmədə iddia qaldırmaq məcburiyyətində olmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməli və ona olan borcunu qaytarmalıdır. Göstərilənlərə əsasən o, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, o, ilkin alqı-satqı müqaviləsinə əsasən “Kia Rio minik” markalı, 77DH926 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh satmalı, bunun müqabilində cavabdeh gündəlik 25 manat olmaqla ödəniş etməli olmuşdur. Sözügedən maşını etibarnamə əsasında cavabdehə vermiş, lakin cavabdeh ona gündəlik olaraq ödəniş etməmiş, nəticədə 1960 manat borcu yaranmışdır. Bildirir ki, maşın onların mülkiyyətindədir, belə ki, cavabdeh avtomobili ona geri qaytarmışdır. Maşını təhvil-təslim edərkən hər hansı akt tərtib olunmamışdır. Cavabdeh maşını yolun ortasında qoyub çıxıb getmişdir. Qeyd edir ki, Cavabdeh ona indiyənədək əlbəəl 100 manat ödəmişdir və təqribən son üç ay ərzində ödəniş etməmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, İddiaçı aldığı avtomobili sonradan qaytarmalı olduğunu, hazırda onun iddiaçıya 1960 manat borcu olduğunu bildirdi. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisində satıcı İddiaçı (onun əvəzinə X2) ilə alıcı Cavabdeh arasında bağlanmış 11 iyun 2024-cü il tarixli, 3M-1742 reyestr nömrəli Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsindən görünür ki, tərəflər Az.Res. DİN BDYPİ QİŞ tərəfindən BA392533 seriyalı, xx.xx.2024-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “Kia Rio minik” markalı (Mühərrik nömrəsi: N/Z SİL, Ban nömrəsi: KNEDE**********83, buraxılış ili: 2007, DQN: 77DH926) avtomobil satıcı İddiaçı həbsdə və girovda olmaması barədə (müayinə) arayışı aldıqdan sonra 27000 manata alıcı Cavabdeh satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağlamış, satıcı İddiaçı satılacaq Az.Res. DİN BDYPİ QİŞ tərəfindən BA392533 seriyalı, xx.xx.2024-cü il tarixli qeydiyyat şəhadətnaməsinə əsasən “Kia Rio minik” markalı (Mühərrik nömrəsi: N/Z SİL, Ban nömrəsi: KNEDE**********83, buraxılış ili: 2007, DQN: 77DH926) avtomobili 27000 manata qiymətləndirmiş və gələcəkdə avtomobili həmin qiymətə satmağı, alıcı Cavabdeh isə ilkin alqı-satqı müqaviləsi bağlayaraq avtomobili 27000 manata almağı, həmçinin satış məbləğini 36 ay müddətində, ayda 750 manat, gündəlik 25 manat olmaqla xx.xx.2027-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə həmin müqavilədə alıcı Cavabdeh avtomobili almaqdan imtina edərsə, həmin ana qədər ödədiyi məbləğin alıcıya qaytarılmayacağı qeyd edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 425.2-ci, 442-ci, 448.1-ci və 739.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı Cavabdeh İddiaçı 1960 manat məbləğində borcu olması iddiaçının nümayəndəsinin və cavabdehin məhkəmədə verdikləri izahatı, həmçinin tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş ilkin alqı-satqı müqaviləsi ilə yanaşı iş materiallarında olan digər sənədlər ilə də tam təsdiq olunur. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat ofisində İddiaçı (onun əvəzinə X2) ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2024-cü il tarixli, 3M-1742 reyestr nömrəli Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsindən göründüyü kimi tərəflər “Kia Rio minik” markalı, 77DH926 dövlət qeydiyyat nişanlı avtomobilin 27000 manata Cavabdeh satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqavilə bağlamış, İddiaçı satılacaq avtomobili 27000 manata qiymətləndirmiş və gələcəkdə avtomobili həmin qiymətə satmağı, Cavabdeh isə ilkin alqı-satqı müqaviləsi bağlayaraq avtomobili 27000 manata almağı, həmçinin satış məbləğini 36 ay müddətində, ayda 750 manat, gündəlik 25 manat olmaqla xx.xx.2027-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüş, bundan əlavə həmin müqavilədə Cavabdeh avtomobili almaqdan imtina edərsə, həmin ana qədər ödədiyi məbləğin ona qaytarılmayacağı qeyd edilmişdir. Cavabdeh sözügedən müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və müqavilədə nəzərdə tutulmuş məbləğ üzrə ödəniş etmədiyindən iddiaçıya 1960 manat borcu yaranmışdır. Cavabdeh avtomobili almaqdan imtina etmiş və maşını iddiaçıya qaytarmış, lakin uzun müddət keçməsinə baxmayaraq iddiaçıya olan borcunu indiyədək qaytarmamışdır. Qarşı tərəf iddia tələbində göstərilənləri təkzib edəcək sübutları məhkəməyə təqdim etməmiş, hətta cavabdeh məhkəmə iclasında iddiaçıya ilkin alqı-satqı müqaviləsi üzrə 1960 manat borcu olduğunu etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 1960 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə İlə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 40 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1960 manat pul və 40 manat dövlət rüsumu olmaqla, cəmi 2000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar