Məhkəmə qərarları › İş №2(012)-604/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-604/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-604/2024 22.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ondan aldığı 30000 manat məbləğində pul vəsaitinin və ödədiyi 180 manat məbləğində dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Aşurov X3 Araz Yaşar oğluna faizsiz olaraq 30000 manat məbləğində pulu verməyi, cavabdeh isə öz növbəsində xx.xx.2023-cü il tarixədək sözügedən məbləği ona geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetirməmiş və bugünkü günədək 30000 manat məbləğində olan borcunu qaytarmamışdır. O, pulun qaytarılması ilə bağlı cavabdehlə dəfələrlə telefon vasitəsilə əlaqə saxlasa və əlavə olaraq xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə pretenziya məktubu yollasa da, cavabdeh borcun qaytarılmasında heç bir addım atmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. O bildirdi ki, cavabdeh borcundan heç bir məbləğ ödəməmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədi. O bildirdi ki, cavabdeh iddiaçının işçisi olmuş və onlar arasında bağlanmış kredit müqaviləsi cavabdehin iradəsini ifadə etməməklə işəgötürəndən asılı vəziyyətdə məcburi qaydada bağlanılmışdır. Bununla belə, hədə-qorxu barədə polisə müraciət edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. X1 məhkəmə iclasında göstərdi ki, cavabdeh onun oğludur. Oğlu firmada işə düzəlmişdi. Orada o, avtomobillə təmin edilmişdi. Ona nə əmək haqqı, nə də avtomobilin təmiri xərcləri verilirdi. Yalnız satılacaq mallar verilirdi ki, həmin mallar da satıldıqdan sonra satışdan əldə edilən pul firmaya çatdırılırdı. Oğlu əmək fəaliyyətinə başladıqdan təxminən il yarım sonra məlum oldu ki, onun işlədiyi quruma borcu yaranmışdır. Həmin borc mağazalarda qalan malların pulundan, avtomobilin təmiri xərclərindən yaranırdı. Bu borcun məbləği 35000 manat idi. Borcun 5000 manat hissəsi ödənildi. Qalan 30000 manat borc oğlunun adına yazıldı. Həmin məbləğlə bağlı ona hədə-qorxu ilə borc müqaviləsi imzalatmışlar. Hədə-qorxu ilə bağlı isə hər hansı quruma hələ ki müraciət edilməmişdir. Mülki işin materiallarından olan Bakı şəhəri, 18 saylı Notariat Kontorunda xx.xx.2023cü ildə bağlanmış 3M-708 reyestr nömrə ilə təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2023-cü tarixində qaytarmaq şərti ilə Cavabdeh 30000 manat məbləğində borc pul vermişdir. İşdə olan bildirişdən görünür ki, Bakı şəhəri, 18 saylı Notariat Kontorunda xx.xx.2023-cü ildə bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə Cavabdeh İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli çekin surətindən görünür ki, İddiaçı 30000 manat vəsaiti notariat ofisinin depozitinə təqdim etmişdir. İşdə olan Bakı şəhəri, 18 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı notariat ofisinin depozitinə təqdim etdiyi 30000 manat vəsaitin borcalan Cavabdeh tərəfindən götürülməsi üçün müvafiq bank filialına göstəriş verilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı və cavabdeh arasında bağlanan müqavilənin şərtlərinə görə cavabdeh iddiaçıdan 2 aya qaytarmaq şərtilə faizsiz olaraq 30000 manat borc götürmüşdür. Lakin borcun qaytarılması müddəti çatsa da, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 30000 manat borcu iddiaçıya qaytarmamışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 30000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Cavabdeh tərəfin kredit müqaviləsinin hədə-qorxu altında imzalanması, borcun faktiki olaraq verilməməsi, cavabdehin əmək münasibətləri nəticəsində borclanmasının bu formada leqallaşdırılması barədə dəlilləri əsassızdır və iş materialları ilə təkzib olunur. Bu halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında ifadə verən şahid cavabdehin atası olmaqla, onun ifadəsi qanuni əsaslarla bağlanmış kredit müqaviləsinin etibarsızlığı barədə nəticəyə gəlmək üçün yetərli deyildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 180 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30000 manat və dövlət rüsumu üçün 180 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar