Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6047/2021 09.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X4 Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, İddiaçı X4 Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Accessbank QSC ilə Cavabdeh2 arasında bağlanmış 16.07.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasının, 18.05.2020-ci il tarixli 005R**********S saylı və 14.08.2020-ci il tarixli 005R**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 3863.52 manat əsas, 601.72 manat faiz, 1106.51 manat cərimə olmaqla cəmi 5571.75 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Accessbank QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 16.07.2019-cu il tarixli 005L**********77 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 100000 manat kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 16.07.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 manat kredit götürmüşdür. Tərəflərin imzaladıqları 18.05.2020-ci il tarixli 005R**********S saylı, 14.08.2020-ci il tarixli 005R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 16.12.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü kredit borcundan 2136.48 manat ödəmiş, onun 3863.52 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 20.09.2021-ci il tarixə 278 gün üçün hesablanmış faiz borcu 601.72 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, İddiaçı QSC ilə bağladığı 16.07.2019-cu il tarixli 005L**********77 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 100000 manat kredit xətti açılmışdır. Həmin kredit müqaviləsi üzrə İddiaçı QSC ilə bağladığı 16.07.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması əsasında isə 24 ay müddətinə 6000 manat kredit götürmüşdür. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 zaminlik müqavilələri üzrə onun bank qarşısında kredit borcuna zamin dayanmışdır. Əvvəllər ödənişlərini yerinə yetirsə də, sonradan pandemiya ilə əlaqədar olaraq kredit müqaviləsi üzrə ödənişlərində gecikmələri yaranmışdır. Salon işlədirdi, sonradan da müharibənin başlaması səbəbindən ödənişlər edə bilməmişdir. Belə ki, bank tərəfindən tələb olunan cərimə borcunun məbləğinin yüksək olduğunu hesab etdiyindən cərimə məbləği ilə razılaşmır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kredit verən Accessbank QSC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 16.07.2019-cu il tarixli 005L**********77 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana 120 ay müddətinə 16.07.2029-cu il tarixdən gec olmayaraq 100 000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit verən Accessbank QSC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 16.07.2019-cu il tarixli 005R********** saylı kredit razılaşmasından görünür ki, kredit verən kredit alana şəxsi məqsədlər üçün 24 ay müddətinə illik 2.1667 faiz dərəcəsi ilə 6000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 16.08.2019-cu il tarixdən başlayaraq, 16.07.2021-ci il tarixinə kimi hər ay banka 325.00 manat (sonuncu ay isə 317.87 manat) ödəməklə qaytarmalıdır. -29.11.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan Cavabdeh2 hesabına kredit müqaviləsi üzrə bankdan 6000 manat kredit köçürülmüşdür. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 18.05.2020-ci il tarixli 005R**********S saylı sazişdən görünür ki, 16.07.2019-cu il tarixli 005L**********77 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 16.07.2019-cu il tarixdə bağlanmış 017R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 18.05.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 19.05.2020-ci il tarixdən başlayaraq, 18.01.2021-ci il tarixinə kimi hər ay banka 324.00 manat (sonuncu ay isə 333.05 manat) ödəməklə qaytarmalıdır. -Borcverən AccessBank QSC ilə borcalan Cavabdeh2 arasında bağlanmış kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında 14.08.2020-ci il tarixli 005R**********SA saylı sazişdən görünür ki, 16.07.2019-cu il tarixli 005L**********77 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 16.07.2019-cu il tarixdə bağlanmış 017R********** saylı kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 14.08.2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 18.08.2020-ci il tarixdən başlayaraq, 18.01.2022-ci il tarixinə kimi hər ay banka 323.00 manat (sonuncu ay isə 332.24 manat) ödəməklə qaytarmalıdır. -Kreditor Accessbank QSC ilə zamin Cavabdeh1 arasında bağlanmış 16.07.2019-cu il tarixli 005S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Kreditor Accessbank QSC ilə zamin Cavabdeh3 arasında bağlanmış 16.07.2019-cu il tarixli 005S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Kreditor Accessbank QSC ilə zamin Cavabdeh4 arasında bağlanmış 16.07.2019-cu il tarixli 005S**********04 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -22.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Accessbank QSC-yə 16.09.2019-cu il tarixinə olan borcu 3863.52 manat əsas, 601.72 manat faiz, 1106.51 manat cərimə olmaqla cəmi 5571.75 manat təşkil edir, cərimə hesablanmış günlərin sayı 278 gün təşkil edir. -Accessbank QSC tərəfindən Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 ünvanlanmış xəbərdarlıqlardan görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -28.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Accessbank QSC-yə 16.09.2019-cu il tarixinə olan borcu 3755.07 manat əsas, 572.42 manat faiz, 1313.46 manat cərimə olmaqla cəmi 5641.15 manat təşkil edir, cərimə hesablanmış günlərin sayı 357 gün təşkil edir. -16.07.2019-09.12.2021-ci il tarxlərini əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 tərəfindən sonuncu dəfə 24.09.2021-ci il tarixdə 100 manat ödəniş edilmişdir. -Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından görünür ki, İddiaçı QSC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və qanuni təmsilçi Evgenia Gashikulina olmaqla hüquqi ünvanı ünvan 1t tərəfindən verilmiş 29.03.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 09.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Abşeron rayonu Xırdalan qəsəbəsi Quşçuluq Y/M 6-cı küçə dalan 9, 18 saylı evdə qeydiyyatdadır. -Asan3 tərəfindən verilmiş 15.11.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava 101 saylı evdə qeydiyyatdadır. -Qaradağ RPİ tərəfindən verilmiş 12.11.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 Bakı şəhəri Qaradağ rayonu E.Quliyev küçəsi 50 saylı evin 23 saylı mənzilində qeydiyyatdadır. -Qaradağ RPİ tərəfindən verilmiş 29.05.2013-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 Bakı şəhəri Qaradağ rayonu E.Quliyev küçəsi 50 saylı evin 23 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh2 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, işə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka əsas borca görə 3863.52 manat əsas, 601.72 manat faiz, 1106.51 manat cərimə olmaqla cəmi 5571.75 manat borcu yaranmış, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 08.12.2021-ci il tarixli maliyyə arayışına əsasən isə cavabdeh tərəfindən ödənişlər edilməsi nəzərə alınaraq kredit müqaviləsi üzrə 3755.07 manat əsas, 572.42 manat faiz, 1313.46 manat cərimə olmaqla cəmi 5641.15 manat borcunun qalması müəyyən olunmuşdur. Məhkəmə maliyyə arayışlarını paralel şəkildə qiymətləndirib əsas borc məbləğinin azalmasını nəzərə alaraq, Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borca görə 3755.07 manat əsas, 572.42 manat faiz borcunun tutulmasını məqsədəmüvafiq hesab edir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zaminlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 bank qarşısında, digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 1106.51 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 16.07.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 3863.52 manat əsas borc üzrə hesablanmış 1106.51 manat məbləğində cərimənin azaldılaraq 50.00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Accessbank QSC ilə Cavabdeh2 arasında bağlanmış 16.07.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması, 18.05.2020-ci il tarixli 005R**********S saylı və 14.08.2020-ci il tarixli 005R**********SA saylı sazişlər ləğv edilməli, cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 3755.07 manat əsas, 572.42 manat faiz, 50.00 manat cərimə borcu olmaqla cəmi 4377.49 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat iddiaçı Accessbank QSC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Accessbank QSC ilə Cavabdeh2 arasında bağlanmış 16.07.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması, 18.05.2020-ci il tarixli 005R**********S saylı və 14.08.2020-ci il tarixli 005R**********SA saylı sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 16.07.2019-cu il tarixli 005R********** saylı kredit razılaşması üzrə 3755.07 (üç min yeddi yüz əlli beş manat yeddi qəpik) manat əsas, 572.42 (beş yüz yetmiş iki manat qırx iki qəpik) manat faiz, 50.00 (əlli) manat cərimə borcu olmaqla cəmi 4377.49 (dörd min üç yüz yetmiş yeddi manat qırx doqquz) manat borc və 30 (otuz) manat dövlət rüsumu iddiaçı X4 Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-6047/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6047/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver