Məhkəmə qərarları › İş №2(012)-6048/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6048/2021

09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6048/2021 09.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 31.03.2015-ci il tarixli 2-31-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 54883.76 manat əsas, 22149.31 manat faiz olmaqla cəmi 77033.07 manat borcun və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 31.03.2015-ci il tarixli, 2-31-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə illik 10% dərəcəsi ilə hesablanmaqla 63020 manat kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borclu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri, gecikmə zamanı hesablanmış cərimə məbləğlərini və bankın xidmət şərtləri və tariflərindən irəli gələn digər xidmət haqlarını qaytarmağı öz öhdəsinə götürmüşdür. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla "xxxx" MMC arasında 31.03.2015-ci il tarixli, 2-31- 03-2015-YS-AAAF-AE saylı zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdehlər müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. 31.03.2015-ci il tarixli, 2-31-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsinə əsasən 27.09.2021-ci il tarixinə Cavabdeh2 əsas borc üzrə 54883.76 manat, faiz borcu üzrə 22149.31 manat olmaqla, cəmi 77033.07 manat borcu mövcuddur. Kredit müqaviləsi üzrə borcalan tərəfindən sonuncu ödəniş 29.12.2017-ci il tarixdə 833 manat olmuşdur. Mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün pretenziya ilə müraciət edilsə də bir nəticəsi olmamışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, Cavabdeh2 iddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyəti ilə bağladığı 2-31-03-2015-YS-AAAF-AE saylı 31.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə mənzilin alınması məqsədilə illik 10 faizlə 120 ay müddətinə 63000 manat kredit verilmiş və həmin kredit vəsaiti hesabına Cavabdeh2 AAAF-İnşaat MMC-dən mənzil almış, AAAF-İnşaat MMC isə borcalanın kredit müqaviləsi üzrə öhdəliyinə zamin dayanaraq bank qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Belə ki, Cavabdeh2 tərəfindən ödəniş şərtləri pozulduğundan bank müqavilə şərtlərinə əsasən 90 gün müddətində tədbirlərini görməli idi. Bu səbəbdən də, AAAF-İnşaat MMC iddiaçı Azərbaycan Beynəlxalq X9 Cəmiyyətinin iddia tələblərini cavabdeh AAAF-İnşaat MMC-yə münasibətdə əsas borc hissəsində qəbul edir, iddia tələbləri ilə qalan hissədə razılaşmır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kredit verən Azərbaycan Beynəlxalq Bankı ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış 31.03.2015-ci il tarixli 2-31-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsindan görünür ki, kredit verən 120 ay müddətinə illik 10 faiz dərəcəsi ilə 63000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 30.04.2015-ci il tarixdən başlayaraq, 31.03.2025-ci il tarixinə kimi hər ay banka 832.90 manat (sonuncu ay isə 815.35 manat) ödəməklə qaytarmalıdır. -31.03.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, bank tərəfindən kredit alan Cavabdeh2 hesabına həmin tarixdə 62389 manat pul vəsaiti köçürülmüşdür. -Kreditor Azərbaycan Beynəlxalq Bankı ASC, kredit alan Cavabdeh2 və zamin Cavabdeh1 arasında bağlanmış 31.03.2015-ci il tarixli 2-31-03-2015-YS-AAAF-AE saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -27.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 Azərbaycan Beynəlxalq Bankı ASC-yə olan borcu 27.09.2021-ci il tarixinə 54883.76 manat əsas, 22149.31 manat faiz olmaqla cəmi 77033.07 manat təşkil edir. -Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1nə ünvanlanmış 08.05.2021-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Şirvan ŞPŞ tərəfindən verilmiş 16.07.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Şirvan şəhəri S.Vurğun küçəsi 8 saylı evin 4 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi, borcalan Cavabdeh2 iddiaçı bankdan kredit borcu götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında, digər Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 31.03.2015-ci il tarixli 2-31-03- 2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 54883.76 manat əsas, 22149.31 manat faiz olmaqla cəmi 77033.07 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 31.03.2015-ci il tarixli 2-31-03-2015-YS-AAAF-AE saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən 54883.76 (əlli dörd min səkkiz yüz səksən üç manat yetmiş altı qəpik) manat əsas, 22149.31 (iyirmi iki min yüz qırx doqquz manat otuz bir qəpik) manat faiz olmaqla cəmi 77033.07 (yetmiş yeddi min otuz üç manat yeddi qəpik) manat borc və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu iddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar