Məhkəmə qərarları › İş №2(012)-6053/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6053/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6053/2021 18.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Yelobank ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Yelobank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Nikoyl İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.11.2019-cu il tarixli 11-MZ-1-0-2672-19 saylı kredit müqaviləsi üzrə 1360.41 manat əsas, 160.45 manat faiz borcu olmaqla cəmi 1520.86 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 15.11.2019-cu il tarixli 11-MZ-1-0- 2672-19 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 25 faizlə 18 ay müddətinə 2000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq borclu Cavabdeh2 ilə 15.11.2019cu il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. 02.12.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 15.11.2021-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 28.09.2021-ci il tarixədək Cavabdeh1 banka kredit müqaviləsi üzrə banka 1360.41 manat əsas, 160.45 manat faiz borcu olmaqla cəmi 1520.86 manat borcu vardır. Bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 30.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 01.10.2021-ci il tarixdə məhkəmə cavabdehlərə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehlərə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Nikoyl İKB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 15.11.2019-cu il tarixli 11-MZ-1-0-2672-19 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana 18 ay müddətinə illik 30 faiz olmaqla 2000 manat kredit verilmişdir. -15.11.2019-cu il tarixli 11-MZ-1-0-2672-19 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit üzrə əsas və faiz borclarını 15.12.2019cu il tarixdən başlayaraq, 15.05.2021-ci il tarixədək olan müddətdə hər ay 111.11 manat, sonuncu ay isə 111.13 manat ödəməyi öhdəsinə götürmüşdür. -15.11.2019-cu il tarixli 11-MZ-1-0-2672-19 saylı kredit müqaviləsinə 04.05.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3.-cü bəndləri ləğv edilmiş, kreditin müddəti 04.08.2021-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz müəyyən edilmişdir. -15.11.2019-cu il tarixli 11-MZ-1-0-2672-19 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit üzrə əsas və faiz borclarını 04.06.2020ci il tarixdən başlayaraq, 04.08.2021-ci il tarixədək olan müddətdə hər ay 137.82 manat, sonuncu ay isə 137.81 manat ödəməyi öhdəsinə götürmüşdür. -15.11.2019-cu il tarixli 11-MZ-1-0-2672-19 saylı kredit müqaviləsinə 02.12.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3.-cü yarımbəndləri ləğv edilmiş, kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 1829.78 manat, kreditin müddəti 15.11.2021-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz müəyyən edilmişdir. -15.11.2019-cu il tarixli 11-MZ-1-0-2672-19 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit üzrə əsas və faiz borclarını 15.12.2020ci il tarixdən başlayaraq, 15.11.2021-ci il tarixədək olan müddətdə hər ay 187.85 manat, sonuncu ay isə 187.86 manat ödəməyi öhdəsinə götürmüşdür. -Yelobank ASC-nin 28.09.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 müqavilə üzrə 1360.41 manat əsas, 160.45 manat faiz borcu olmaqla cəmi 1520.86 manat borcu vardır. -20.09.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən borcalanlara kredit müqaviləsi üzrə borc 5 gün müddətində qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Nikoyl İKB ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 15.11.2019-cu il tarixli 11- MZ-1-0-2672-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsi üzrə borcalan ilə birlikdə öhdəliklərin icrasına təminat vermişdir. -15.11.2019-cu il tarixli 11-MZ-1-0-2672-19 saylı zaminlik müqaviləsinə 04.05.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, kreditin müddəti 04.08.2021-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz müəyyən edilmişdir. -15.11.2019-cu il tarixli 11-MZ-1-0-2672-19 saylı zaminlik müqaviləsinə 04.05.2020-ci il tarixli 1 saylı əlavə sazişdən görünür ki, kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 1829.78 manat, kreditin müddəti 15.11.2021-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz müəyyən edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 22.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri 20 məhəllə, 1 saylı evin 63 saylı mənzilində qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 22.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsi döngə 4, 44C saylı evdə qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdehlər müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onların iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda, ərizədən göründüyü kimi bankla Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən əsas borclu Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və sonuncu bank qarşısında əsas borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirib, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15.11.2019-cu il tarixli 11-MZ-1-0-2672-19 saylı kredit müqaviləsi üzrə 1360.41 manat əsas, 160.45 manat faiz borcu olmaqla cəmi 1520.86 manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulub iddiaçı Yelobank ASC-nin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15.11.2019-cu il tarixli 11-MZ-1-0-2672-19 saylı kredit müqaviləsi üzrə 1360.41 (min üç yüz altmış manat qırx bir qəpik) manat əsas, 160.45 (yüz altmış manat qırx beş qəpik) manat faiz borcu olmaqla cəmi 1520.86 (min beş yüz iyirmi manat səksən altı qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutulub iddiaçı Yelobank ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər barəsində çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar