Məhkəmə qərarları › İş №2(012)-6067/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6067/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6067/2021 18.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 13.02.2020-ci il tarixli 854616/20200213 saylı baş saziş üzrə şəxsi bank hesabında olan qalıq vəsaitindən artıq miqdarda xərclədiyi 672.6 manat borc və 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Expressbank ASC ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 13 fevral 2020-ci il tarixli qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən onun adına plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibi olan Cavabdeh açılmış AZ23AZEN******************** saylı plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etməyi və hesaba salmağı, hesabdan pul vəsaitlərini köçürməyi və verməyi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqavilənin şərtlərinə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki overdraft yaranır (Overdraft - hesabda olan qalıq vəsaitdən artıq miqdarda vəsaitin xərclənməsi) və hesab sahibi bankın tələbi ilə müvafiq vəsaiti banka dərhal qaytarmalıdır. Lakin cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilmiş və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 3.9-cu və 3.11-ci bəndlərini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 21 sentyabr 2021-ci il tarixinə borclunun qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişə əsasən yaranmış overdraft üzrə 672.6 manat əsas borcu yaranmışdır. Qeyri-kredit bank xidmətlərinin göstərilməsi haqqında baş sazişin şərtlərinə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişləri banka ödənilməsini öhdəsinə götürmüşdür. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə 30.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 04.10.2021-ci il tarixdə məhkəmə cavabdehə Prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada Prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin Prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Borcverən Expressbank ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 13.02.2020-ci il tarixli 854616/20200213 saylı baş sazişdən görünür ki, bank borcalana onun sifarişi əsasında qanunvericiliyə, bank daxili qaydalara uyğun olduğunu təsdiq etdiyi halda təqdim edilən sənədlər əsasında kart hesabı açmış və həmin hesab üzrə hesablaşmalar aparmışdır. -13.02.2020-ci il tarixli 854616/20200213 saylı baş sazişə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh 13.02.2020-ci il tarixdən 29.05.2024-cü il tarixədək olan müddətdə hər ay 24.06 manat, sonuncu ay isə 23.97 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. -İddiaçı ASC tərəfindən verilmiş 21.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh overdraft hesabında istifadə edilmiş vəsait üzrə 672.6 manat borcu vardır. -İddiaçı ASC tərəfindən Cavabdeh verilmiş plastik kart barəsində period əməliyyatlarından görünür ki, Cavabdeh 28.01.2021-01.02.2021-ci il tarixlərində pul vəsaitindən yararlanmış və artıq vəsait olaraq 672.60 manat xərcləmişdir. -08.04.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc qaytarılmadığı təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 02.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Məmmədli ərazi dairəsi Məmmədli kəndi E.Əliyev küçəsi 13C saylı evdə qeydiyyatdadır. İşin araşdırılan hallarından və tədqiq olunmuş sənədlərdən təsdiq olunur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, onun iddiaçı qarşısında overdraft hesabında istifadə edilmiş vəsait üzrə 672.6 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, ərizə təmin edilməli, Cavabdeh 13.02.2020-ci il tarixli 854616/20200213 saylı baş saziş üzrə overdraft hesabında istifadə edilmiş vəsait üzrə 672.6 manat borc və 30.40 manat dövlət rüsumu tutulub X2 Cəmiyyətinin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Cavabdeh 13.02.2020-ci il tarixli 854616/20200213 saylı baş saziş üzrə şəxsi bank hesabında olan qalıq vəsaitdən artıq miqdarda xərclədiyi vəsait üzrə 672.6 (altı yüz yetmiş iki manat altmış qəpik) manat borc və 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər barəsində çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar