Məhkəmə qərarları › İş №2(012)-607/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-607/2022

11.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-607/2022 11.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi X5, Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elçin qızından və X2 müştərək qaydada ümumilikdə 6700 manat borc məbləği və dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elçin qızından və X2 müştərək qaydada ümumilikdə 6700 manat borc məbləği, dövlət rüsumunun əvəzi olaraq 100 manat, vəkilə ödənilmiş 100 manat və iddianın təmin tədbiri barədə ərizəyə görə ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X10 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ümumilikdə 53000 manat pul götürmüşlər. Tərəflərin aralarında yazılı razılaşma da olmuşdur. Razılaşmada hər üç cavabdeh imza etmişlər. Cavabdehlərlə razılaşmaya əsasən, Masazır qəsəbəsində yerləşən və iddiaçının mülkiyyətində olan evi satdıqdan sonra iddiaçı 53000 manat məbləğində pulunu və qızıllara görə hesablanmış faizləri götürəcəkdir. Lakin mənzil 50000 manata satılmış və həmin vaxtı da üzərindən pul götürdükləri üçün cavabdehlər iddiaçıya 4000 manat əlavə olaraq pul ödəməli idilər. Bu barədə tərəflər arasında qəbz yazılmışdır. Hazırda isə cavabdehlər iddiaçının pulunu ödəməkdən imtina edirlər. Cavabdehlər qızıla görə ümumilikdə 1500 manat və razılaşmalarına görə isə əlavə 4000 manat məbləğində pul ödəməli idilər. İddiaçı özü lombard müdiridir. Həmin pullar üzərinə hesablanmalıdır. Çünki lombardın xüsusiyyəti budur. Ona görə hər ay 10 % olmaqla 4000 manatın üzərinə faizlər hesablanmalıdır. Buda ki, üç ay ərzində 1200 manat təşkil edir. İddiaçı cavabdehlərdən dəfələrlə pulunu tələb etsə də cavabdehlər pulu geri qaytarmaqdan imtina etmişlər. Ümumilikdə cavabdehlər 4000 manat əsas borc, 1200 manat faiz borcu, qızıllara görə isə borclu olduqları faiz borc 1500 manat, ümumilikdə 6700 manat məbləğində pul ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsaəsn, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, hahelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər, (maddə 1097.3) 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmədə izahatında və etirazında bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdiyi məlumatlar yalan və böhtandır. X3 ilə təxminən 6 ildir ki, tanışdırlar və faizçi kimi müxtəlif vaxtlarda qızıl, maşın və mülk qoyaraq pul götürmüşlər. 30.04.2021-ci il tarixində 0.0047 ha torpaq sahəsində olan 2 otaqlı evi iddiaçının adına keçirərək 15000 manat, 2 ay keçdikdən sonra 5000- 6000 dəyəri olan qızil zinət əşyaları girov qoyaraq 14700 manat pul vəsaiti götürmüşlər. Üstündən 4 ay keçəndən sonra iddiaçı ona zəng edərək bildirmişdir ki, bu pula bu mülk azdır, qızının adına olan 2 mərtəbəli evi də iddiaçının adına keçirtməlidir, yoxsa adına həbs qoyduracaqdır. O, evi iddiaçının adına keçirtmək istəməmişdir. O da 20 gündən sonra məcbur olub qızılları və 0.0047 ha torpaq sahəsində olan 2 otaqlı evi geri götürmüş və iddiaçıya olan ümumilikdə 29700 manat borcun əvəzinə 15.09.2021-ci il tarixində qızının adına olan 2 mərtəbəli 70000 manatlıq evi iddiaçının adına girov qoymuşdur. Bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, onun iddiaçıya olan 29700 manat borcun əvəzinə girov qovduğu evi iddiaçı 50000 manata satmış və yerdə qalan 20300 manat vəsaiti mənimsəmişdir. Həmin vaxt yerdə qalan pul üstə aralarında mübahisə olmuşdur. O, tez-tez iddiaçı ilə polis şöbələrində üzləşmiş, həmçinin də kənddə yas mərasimi düşdüyü üçün başı qarışmışdır. O, iddiaçıya qarşı 20300 manat pul tələbi ilə məhkəməyə müraciət etmək istəyərkən, artıq iddiaçı onu məhkəməyə vermişdir. Həmçinin iddiaçı onun övladı Cavabdeh2 zəng edərək, onların iddiaçıya 4000 manat borcunun olduğunu bildirmiş, X1 Namili aldadaraq, guya onun 4000 manat borcu olduğunu demiş və oğluna boş kağıza qol çəkdirmişdir. Hesab edir ki, onların iddiaçıya borcu yoxdur, iddiaçının onlara 20300 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. Mübahisə predmeti olan mənzil onun adına olmuşdur. Anası Cavabdeh1 ilə iddiaçı 7-8 ildir ki, dost olmuş və anası dəfələrlə iddiaçıdan faizə pul götürmüşdür. Sonuncu dəfə anasına pul lazım olduğu üçün ayrı-ayrı vaxtlarda iddiaçıdan 29700 manat məbləğində faizə pul götürmüşdür. O, anasının adına baş etibarnamə verdiyi üçün, anası Cavabdeh1 onun mənzilini pulun müqabilində girov qoymuşdur. Lakin iddiaçı onları aldadaraq, mübahisə predmeti olan mənzili dəyərindən qat-qat aşağı qiymətə onların xəbərləri olmadan satmışdır. Hazırda onların iddiaçıya borcları yoxdur. X8rdaşı Cavabdeh2 aldadaraq, anasının 4000 manat borcu olduğunu demiş və boş kağıza qol çəkdirmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirmiş və digər cavabdehlərin izahatına uyğun izahat verdi. İş materiallarında olan 09.10.2020-ci il tarixli İddiaçı tərəfindən yazılmış və imzalanmış ərizədən görünür ki, Cavabdeh3 maşını ** CE *** “Kia Optima” maşınını onun adına keçirmişdir. 4500 manat 10 faizlə ona məxsus olan lombarddan pul almışdır. Bir ay 09.11.2020-ci il tarixdə pulu yeni faiz qarışıq ödəməzsə, maşın satılacaqdır. İş materiallarında olan 15.09.2021-ci il tarixli İddiaçı tərəfindən yazılmış, İddiaçı, Cavabdeh1 və Babayev Elçin tərəfindən imzalanmış ərizədən görünür ki, İddiaçı Cavabdeh1 ilə aralarında sentyabr ayının 1-ə kimi olan 53000 manat borcu, adına olan evi və qızılları qaytarmış, əvəzinə Masazır qəsəbəsi, Zərifə Əliyeva küçəsində olan evi girov götürmüşdür. Ev satılanda isə 53000 manatı və 01.09.2021-ci ildən qızıla olan faizləri götürəcəyini bildirmişdir. İş materiallarında olan AN-İ № ******* saylı, 09 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,015 ha olan torpaq sahəsini alıcı X6 50000 manata satmağı, alıcı X9 isə bunun müqabilində 50000 manat məbləği satıcı İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İddiaçı iddia ərizəsində və iddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdehərin ümumilikdə 53000 manat pul götürdüklərini, bununla bağlı yazılı razılaşma olduğunu, razılaşmaya əsasən, Masazır qəsəbəsində yerləşən evi satdıqdan sonra iddiaçı 53000 manat məbləğində pulu və qızıllara görə hesablanmış faizləri götürəcəyini, lakin mənzilin 50000 manata satıldığını, həmin vaxtı da cavabdehlərin satılan mənzilin üzərindən pul götürdükləri üçün cavabdehlərin 4000 manat əlavə olaraq pul ödəməli olduğunu, bu barədə tərəflər arasında qəbz yazıldığını, hazırda cavabdehlərin pulunu ödəməkdən imtina etdyni, cavabdehlər qızıla görə ümumilikdə 1500 manat və razılaşmalarına görə isə əlavə 4000 manat məbləğində pul ödəməli olduqlarını, iddiaçının lombard müdiri olduğundan hər ay 10 % olmaqla 4000 manatın üzərinə faizlər hesablanmaqla üç ay ərzində 1200 manat təşkil etdiyini, ümumilikdə cavabdehlərin 4000 manat əsas borc, 1200 manat faiz borcu, qızıllara görə isə borclu olduqları faiz borc 1500 manat, ümumilikdə 6700 manat məbləğində pul ödəməli olduqlarını göstərmiş və Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini tənzimləyən 21-ci maddəsinə və mülki hüquq pozuntulatı tənzimləyən 1096,1097-ci maddələrinə istinad edilməklə iddianın təmin olunması xahiş olunmuşdur. Lakin,məhkəmədə sübutların tədqiqatı zamanı iddiaçının və onun nümayəndəsinin göstərdikləri işin faktiki halları ilə uyğunluq təşkil etmədiyi müəyyən edilmişdir. Belə ki,tədqiq olunmuş işin faktiki hallarından görünür ki,tərəflər əvvəldən bir-birlərini tanımış,əvvəllər də iddiaçı ilə Cavabdeh1 arasında müəyyən öhdəlik münasibətləri yaranmış, Cavabdeh1 30.04.2021-ci il tarixində 0.0047 ha torpaq sahəsində olan 2 otaqlı evi iddiaçının adına keçirərək 15000 manat, müəyyən müddətdən sonra isə Cavabdeh1 qızil- zinət əşyaları girov qoyaraq 14700 manat, ümumilikdə 29700 manat pul iddiaçıdan götürmüş,sonradan iddiaçı 0.0047 ha torpaq sahəsində olan 2 otaqlı evi və qızil- zinət əşyalarını Cavabdeh1 qaytararaq, ümumilikdə 29700 manat pulun müqabilində Cavabdeh3 adına olan Abşeron rayonu,Masazır kəndi ünvnında yerləşən daşınmaz əmlakı adına keçirmiş və İddiaçı həmin əmlakı 09 oktyabr 2021-ci il tarixdə 50000 manata sataraq cavabdehlərin borcunu əvəzləşdirmişdir.Göstərilən bu xüsusatlar cavabdehlərin izahatı ilə yanaşı, iş materiallarında olan tərəflər arasında yazılmış 09.10.2020-ci il tarixli, 25.08.2021-ci il tarixli,15.09.2021-ci il tarixli yazılarla,15.09.2021-ci il tarixli və 09.10.20231-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələri ilə təstiq olunur.Lakin,cavabdehlərin iddiaçıdan 53000 manat pul götürməsi, ümumilikdə cavabdehlərin hal-hazırda iddiaçıya 6700 manat məbləğində ziyan vurması, iddia ərizəsində göstəriləndən və iddiaçının nümayəndəsinin izahatından başqa digər hər hansı bir sübutla təstiqini tapmır. Digər tərəfdən iş materiallarında olan 09.10.2021-ci il tarixli alqı-satqı müqaviləinin arxasında cavbdeh Cavabdeh2 tərəfindən 54000 manat borclarından 50000 manatın ödənildiyi, 4000 manat borcun qalması barədə yazdığı qeyd, yuxarıda qeyd olunduğu kimi, işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə həmin yazını sübut kimi qəbul edilməsini mümkün hesab etməmişdir. Beləliklə işin faktiki halları ilə cavabdehlərin hərəkətlərində Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinin, Mülki Məcəllənin 1096-cı və 1097-ci maddələrində nəzərdə tutulmuş əsaslar və sübutlar müəyyən edilmədiyindən məhkəmə iddianın təmin olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui- istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Elçin qızından və X2 müştərək qaydada ümumilikdə 6700 manat borc məbləği, dövlət rüsumunun əvəzi olaraq 100 manat, vəkilə ödənilmiş 100 manat və iddianın təmin tədbiri barədə ərizəyə görə ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar