Məhkəmə qərarları › İş №2(012)-609/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-609/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-609/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə 14 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.05.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********06785 olan Xiaomi A1 markalı telefon üçün 344 manat ödənilməmiş hissə, 106 manat cərimə, 29.01.2019-cu il tarixli müqaviləyə əsasən, Alyans Verona markalı çarpayı, 2 ədəd tumba, dolab, termo, Doshek Uretan üçün 2304 manat ödənilməmiş hissə, 495 manat olmaqla ümumilikdə 3249 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh «xxxx» MMC ilə bağladığı 12.05.2018-ci il və 29.01.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********06785 olan Xiaomi A1 markalı telefon və Alyans Verona markalı çarpayı, 2 ədəd tumba, dolab, termo, Doshek Uretan almış və nəticədə 3249 manat borcu yaranmışdır. Belə ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.05.2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 768 manat, İMEİ Kodu **********06785 olan Xiaomi A1 markalı telefon üçün 344 manat ödənilməmiş hissə, 106 manat cərimə, 29.01.2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2640 manat olan Alyans Verona markalı çarpayı, 2 ədəd tumba, dolab, termo, Doshek Uretan üçün 2304 manat ödənilməmiş hissə, 495 manat cərimə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 199 manat təşkil edir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, qismən qəbul edir. Belə ki, mebeli Bəhruz adlı şəxsə borc vermişdir. 1000 manatını o, qalan 1000 manatını isə Bəhruz adlı şəxs ödəməli idi. İddiaçı təşkilatdan telefon və digər məişət əşyalarını kreditə götürdükdən sonra Rusiya Federasiyasına işləmək üçün etmişdir. Lakin sənədlərində problem olduğuna görə Bakı deportasiya edilmişdir. O, Bakıya gələndə artıq ölkədə pandemiyaya görə bütün iş yerləri bağlı idi və həmin ərəfədə ailə üzvlərinin səhhətlərində problemlər yarandığına görə borcu vaxtında ödəyə bilməmişdir. O, bər-bər olaraq işləyir. Borcu ödəməkdən boyun qaçırmır və imkanı olduğu halda borcunu ödəyəcəkdir. İş materiallarında olan K00138715 saylı, 12.05.2018-ci il tarixli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh İMEİ Kodu **********06785 olan Xiaomi A1 markalı telefon almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 00491425 saylı, 29.01.2019-cu il tarixli müqavilədən görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh Alyans Verona markalı çarpayı, 2 ədəd tumba, dolab, termo, Doshek Uretan almış və onun qiymətini ödəniş cədvəlində qeyd olunmuş qaydada hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 20 avqust 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, 12.05.2018-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 344 manat ödənilməmiş hissə, 106 manat cərimə, 29.01.2019-cu il tarixli müqaviləyə əsasən Alyans Verona markalı çarpayı, 2 ədəd tumba, dolab, termo, Doshek Uretan üçün 2304 manat ödənilməmiş hissə, 495 manat cərimə olmaqla ümumilikdə 3249 manat borcu vardır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında K00138715 saylı, 12.05.2018-ci il tarixli və 00491425 saylı, 29.01.2019-cu il tarixli müqavilələr bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. K00138715 saylı, 12.05.2018-ci il tarixli və 00491425 saylı, 29.01.2019-cu il tarixli müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icra geçikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 7390.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, K00138715 saylı, 12.05.2018-ci il tarixli və 00491425 saylı, 29.01.2019-cu il tarixli müqavilələrə əsasən, hesablanmış 106 manat və 495 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək K00138715 saylı, 12.05.2018-ci il tarixli müqaviləyə əsasən 2 manat, 00491425 saylı, 29.01.2019-cu il tarixli müqaviləyə əsasən 5 manat məbləğində olmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-675-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 12.05.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********06785 olan Xiaomi A1 markalı telefon üçün 344 manat ödənilməmiş hissə, 2 manat cərimə, 29.01.2019-cu il tarixli müqaviləyə əsasən, Alyans Verona markalı çarpayı, 2 ədəd tumba, dolab, termo, Doshek Uretan üçün 2304 manat ödənilməmiş hissə, 5 manat cərimə olmaqla ümumilikdə 2655 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar