Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6107/2021 09.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X2 kаtibliyi ilə, İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, TBC Kredit BOKT ilə Cavabdeh arasında bağlanmış 12.02.2020-ci il tarixli BAKU2-23473-18083 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borca görə 736.85 manat, faiz borcuna görə 36.85 manat, cəriməyə görə 243.5 manat olmaqla cəmi 1019 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq YeloBank Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 12 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən “TBC Kredit” Bank olmayan kredit təşkilatından illik 19 faizlə 21 ay müddətinə 2000 manat kredit verilmişdir. “TBC Kredit” Bank olmayan Kredit təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış tələbin güzəşti barədə 27 fevral 2020-ci il tarixli müqaviləyə 27 fevral 2020-ci il tarixli 1 saylı əlavə sazişə əsasən Cavabdeh ilə “TBC Kredit” Bank olmayan Kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsinə əsasən borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 29.09.2021-ci il tarixədək Cavabdeh banka 12 fevral 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 736.85 manat əsas, 38.65 manat faiz və 243.5 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 1019 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, “TBC Kredit” Bank olmayan kredit təşkilatı ilə bağladığı 12.02.2020-ci il tarixli BAKU2- 23473-18083 saylı kredit müqaviləsinə əsasən TBC Kredit Bank olmayan Kredit təşkilatından o, illik 19%-lə 21 ay müddətinə 2000 manat kredit götürmüşdür. Kredit müqaviləsi üzrə ödənişlərini əvvəllər vaxtlı-vaxtında icra etsə də, sonradan maddi çətinliyi yarandığından ödəniş edə bilməmişdir. Hazırda işlədiyindən ödəniş etmək qabiliyyəti vardır. İddiaçı tərəfindən tələb olunan ödəniş məbləği ilə razıdır, lakin cərimə borcu məbləğinin yüksək hesablandığını hesab etdiyindən həmin məbləğ hissəsində güzəşt edilməsini xahiş edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -TBC Kredit Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 12.02.2020-ci il tarixli BAKU2-23473-18083 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə, bu müqavilənin tərkib hissəsi olan müvafiq razılaşmalarla müəyyən edilən şərtlərə uyğun olaraq borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə illik ən çoxu 50 faiz dərəcəsilə hesablanmaqla faizlər ödənilmək və təminatlılıq və ya belə təminatsız və maksimal məbləği barədə müvafiq dəyişiklik edilməyənə qədər 2000 manat kredit verilməsi mümkünlüyünü nəzərdə tutmuşdur. -TBC Kredit Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 03.12.2020-ci il tarixli razılaşmadan və 08.12.2020-ci il tarixli tələbin güzəşti barədə müqavilədən görünür ki, TBC Kredit Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 12.02.2020-ci il tarixli BAKU2-23473-18083 saylı kredit müqaviləsi üzrə tələb hüququ Yelo Bank ASC-yə verilmişdir. -12.02.2020-ci il tarixli BAKU2-23473-18083 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcları 12.02.2020-ci il tarixdən başlayaraq, 12.08.2021-ci il tarixinədək hər ay banka 129 (sonuncu ay 120.68 manat) ödəməklə qaytarmalıdır. -YeloBank ASC-nin 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12.02.2020-ci il tarixli BAKU2-23473-18083 saylı kredit müqaviləsi üzrə banka əsas borca görə 736.85 manat, faiz borcuna görə 36.85 manat, cəriməyə görə 243.5 manat olmaqla cəmi 1019 manat borcu vardır. -12.02.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, TBC Kredit Bank olmayan Kredit təşkilatı tərəfindən 2000 manat pul vəsaiti Cavabdeh hesabına köçürülmüşdür. -YeloBank ASC tərəfindən kredit alan Cavabdeh ünvanlanmış 20.09.2021-ci il tarixli 15819 saylı xəbərdarlıqdan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və 03.02.2021-ci il tarixli, **********461600 nömrə ilə çıxarış verilmiş, əvvəlki qanuni təmsilçi X4, hazırki qanuni təmsilçi isə X5r. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC – adlı quruma, VÖEN **********, 203 dövlət qeydiyyatı nömrəsi ilə 25.02.1994-cü il tarixdə qeydə alınmış və 25.06.2021-ci il tarixli, **********620100 nömrə ilə çıxarış verilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 25.11.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 22.09.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri Ş.Qurbanov küçəsi dalan 8, 41A saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi borclu Cavabdeh bankdan kredit müqaviləsi üzrə borc götürmüş və kredit götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.1. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin araşdırılan hallarını və tədqiq edilmiş sübutları qiymətləndirib hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 243.5 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 736.85 manat əsas borc üzrə hesablanmış 243.5 manat cərimənin azaldılaraq 5,00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından kredit müqaviləsi ləğv edilməli, kredit müqaviləsi üzrə əsas borca görə 736.85 manat, faiz borcuna görə 36.85 manat, cəriməyə görə 5.00 manat olmaqla cəmi 778.7 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Yelo Bank ASC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. TBC Kredit Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 12.02.2020-ci il tarixli BAKU2-23473-18083 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 12.02.2020-ci il tarixli BAKU2-23473-18083 saylı kredit müqaviləsi üzrə əsas borca görə 736.85 (yeddi yüz otuz altı manat səksən beş qəpik) manat, faiz borcuna görə 36.85 (otuz altı manat səksən beş qəpik) manat, cəriməyə görə 5.00 (beş) manat olmaqla cəmi 778.7 (yeddi yüz yetmiş səkkiz manat yetmiş qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat YeloBank Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov