Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-612/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə2, Cavabdehlərin vəkili-nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 39000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 207 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh1 ilə xeyli vaxtdır ki, yaxın münasibətləri olmuş, sonradan bu münasibətlər ailəvi dostluğa çevrilmişdir. Onlar yaxın tanış olduqları üçün birlikdə “onlayn” mebel satışına başlamaq qərarına gəlmişlər. Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 onun həyat yoldaşı Şəbnəm Əliyevadan dəfələrlə borca pul istəmiş və yoldaşı da onu tanıdığına və dostluq münasibəti olduğuna görə istədiyi məbləğdə borc vermişdir. Cavabdeh2 həmin borcları qaytararaq onların inam və etibarını qazana bilmişdir. 12 yanvar 2023-cü il tarixdə Cavabdeh1 4 günə qaytarmaq adı ilə ondan 39000 manat pul borc almışdır. Ona inandığına görə borca görə qəbz alınmamışdır. Lakin həmin müddət keçməsinə baxmayaraq Cavabdeh1 pulu qaytarmamışdır. Dostluq münasibətləri olduğuna görə o, bir müddət gözləmişdir. Ancaq o, pulu ödəməmiş və aralarında mübahisələr yaranmışdır. Ötən müddət ərzində dəfələrlə Cavabdeh1 pulunu tələb etsə də o, müxtəlif vədlər verərək xeyli müddət keçməsinə baxmayaraq borcu qaytarmamışdır. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir və iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək məhkəmədən Cavabdeh1 və Cavabdeh2 39000 manat pul vəsaitinin, məhkəmə xərci olaraq ödənilmiş 207 manat dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 900 manat pul məbləğinin müştərək qaydada tutularaq, İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, habelə onun vəkili-nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və onun təmin edilməsini xahiş etdilər. Cavabdehlərin vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, iddiaçı cavabdehlərə borc versə də, Bəyim xanım 2-3 dəfə ödəniş etməklə faizi də içində olmaq şərtilə cəmi 60-80000 manat pulu qaytarmışdır. İddiaçının borc tələb etməsi üçün subyektiv hüququ yoxdur və buna görə də iddia rədd olunmalıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 borc verilmiş 39000 manat pulun geri qaytarılmaması barədə İddiaçı ərizəsi əsasında araşdırma aparılmışdır. Ərizə mülki xarakterli olduğundan qeydə alınaraq dəftərxanaya təhvil verilmişdir. Faktla əlaqədar aidiyyəti məhkəmə orqanına müraciət etmək tövsiyə edilmişdir. İş materiallarında olan çoxsaylı Watsapp mobil tətbiqinin fotoşəkillərindən və səs yazılarından görünür ki, tərəflər arasında 39000 manat borcun qaytarılmaması barədə mübahisə vardır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında borc verilməsilə bağlı münasibətlər olmuş, onlar arasında yazılı müqavilə bağlanmamış, şifahi razılaşmaya əsasən hər iki cavabdeh iddiaçıdan 39000 manat borc almış, lakin onu hazırki tarixədək qaytarmamışlar. Hər iki cavabdeh borcu qaytaracaqları barədə iddiaçı qarşısında öhdəlik götürmüş, lakin onu icra etməmişlər. Borcun məbləği və öhdəliyin mahiyyəti barədə işdə kifayət qədər sübutlar vardır. Məhkəmə iclasında da cavabdehlərin nümayəndəsi borcun alınmasını, lakin sonradan faiz də tətbiq edilməklə 60-80000 manat pul qaytarıldığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İlk növbədə qeyd olunmalıdır ki, tərəflər arasındakı münasibətlər borc münasibətləri olsa da, borcun verilməsinin qanunvericiliklə müəyyən edilmiş formasına, yəni yazılı müqaviləyə riayət edilməmiş, borc müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Bununla belə, borcun verilməsi məhkəmə iclasında öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasındakı əqd etibarsız əqd hesab edilməli, tərəflər arasındakı münasibətlərə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilməklə 39000 manat pul cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 39000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddiaçıya hazırda heç bir borcunun olmaması barədə cavabdeh tərəfin dəlili iş materialları ilə təsdiq olunmur. Cavabdehlər bu barədə mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişlər. Bundan başqa, işdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı hazırki mübahisənin həllinə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 900 manat, iddia qaldırmaq üçün isə rüsum kimi 207 manat vəsait ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən keyfiyyətli hüquqi yardımla təmin edilmək məqsədilə iddiaçı tərəfindən ödənilmiş həmin məbləğ də cavabdehlərdən onun xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 207 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 39000 manat, vəkil üçün ödənilmiş 900 manat və dövlət rüsumu üçün 207 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-612/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-612/2024
01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver