Məhkəmə qərarları › İş №2(012)-6126/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6126/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6126/2021 16.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Bank VTB (Azərbaycan) ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 10.06.2020-ci il tarixli 282405-1- 33385 saylı Nağd pul krediti müqaviləsi üzrə Cavabdeh əsas borca görə 3912.72 manat, faiz borcuna görə 295.13 manat, cərimə borcuna görə 271.70 manat olmaqla cəmi 4479.55 manat borcun və 30,40 manat dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASCnin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Bank VTB (Azərbaycan) ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qismən ödəniş edildiyi nəzərə alınaraq iddiaçı Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 10.06.2020-ci il tarixli 282405-1-33385 saylı Nağd pul krediti müqaviləsi üzrə Cavabdeh əsas borca görə 3274.63 manat, faiz borcuna görə 23.22 manat, cərimə borcuna görə 271.70 manat olmaqla cəmi 3569.55 manat borcun və 30,40 manat dövlət rüsumunun Bank VTB (Azərbaycan) ASC-nin хeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank VTB (Azərbaycan) ASC-nin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10.06.2020-ci il tarixli 282405-1- 33385 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən cavabdehə illik 21 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5000 manat kredit verilmişdir. Lakin borclu öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş və nəticədə cavabdehin banka əsas borca görə 3912.72 manat, faiz borcuna görə 295.13 manat, cərimə borcuna görə 271.70 manat olmaqla cəmi 4479.55 manat borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kreditalanın vəzifəsidir. Hazırda, cavabdeh tərəfindən kredit müqaviəsi üzrə banka qismən ödənişlər edilmiş, əsas borca görə 3274.63 manat, faiz borcuna görə 23.22 manat, cərimə borcuna görə 271.70 manat olmaqla cəmi 3569.55 manat borcu qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 10.06.2020-ci il tarixli 282405-1-33385 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən ona illik 21 faiz hesablanması şərti ilə 36 ay müddətinə 5000 manat kredit verilmişdir. Maddi sıxıntıları olduğundan kredit müqaviləsi üzrə banka ödənişlərində gecikmələri yaranmışdır. Hazırda, o, ödəniş etmək iqtidarındadır. Belə ki, bank tərəfindən tələb olunan borc məbləği ilə qismən razıdır, lakin cərimənin ödənilməsində güzəşt olunmasını məhkəmədən xahiş edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Borcverən Bank VTB (Azərbaycan) ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 10.06.2020-ci il tarixli 282405-1-33385 saylı Nağd pul krediti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh illik faiz dərəcəsi 21% olmaqla 36 ay müddətinə, 5000 manat kredit verilmişdir. -Nağd pul krediti müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını bir ay sonradan, yəni 10.07.2020-ci il tarixdən başlayaraq, 12.06.2023-cü il tarixinədək hər ay banka 188.41 (sonuncu ay 185.54 manat) ödəməklə qaytarmalıdır. -10.06.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, bank tərəfindən Cavabdeh 5000 manat pul vəsaiti verilmişdir. -Bank VTB (Azərbaycan) ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə olan borcu əsas borca görə 3274.63 manat, faiz borcuna görə 23.22 manat, cərimə borcuna görə 271.70 manat olmaqla cəmi 3569.55 manat təşkil edir. -Bank VTB (Azərbaycan) ASC tərəfindən borcalan Cavabdeh ünvanlanmış 12.08.2021-ci il tarixli pretenziyadan görünür ki, bank tərəfindən borcalana kredit müqaviləsi üzrə borc 3 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Bank VTB (Azərbaycan) ASC – adlı quruma, VÖEN **********, 162 dövlət qeydiyyatı nömrəsi ilə 06.06.2003-cü il tarixdə qeydə alınmış və 23.06.2021-ci il tarixli, **********991100 nömrə ilə çıxarış verilmiş, əvvəlki təsisçisi X2r. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Əliyev X3 rayonu Xırdalan şəhəri Yataqxana məhəllə 27, 1B saylı evdə qeydiyyatdadır. -Dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin Məhkəməyə verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka əsas borca görə 3274.63 manat, faiz borcuna görə 23.22 manat, cərimə borcuna görə 271.70 manat olmaqla cəmi 3569.55 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 271.70 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 10.06.2020-ci il tarixli 282405-1-33385 saylı Nağd pul krediti müqaviləsi üzrə 3274.63 manat əsas borc üzrə hesablanmış 271.70 manat məbləğində cərimənin azaldılaraq 20 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış 10.06.2020-ci il tarixli 282405- 1-33385 saylı Nağd pul krediti müqaviləsi üzrə cavabdeh tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq ondan iddiaçının xeyrinə 3274.63 manat əsas, 23.22 manat faiz, 20 manat cərimə olmaqla, ümumilikdə cəmi 3317.85 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 10.06.2020-ci il tarixli 282405-1-33385 saylı Nağd pul krediti müqaviləsi üzrə 3274.63 (üç min iki yüz yetmiş dörd manat altmış üç qəpik) manat əsas, 23.22 (iyirmi üç manat iyirmi iki qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə olmaqla, ümumilikdə cəmi 3317.85 (üç min üç yüz on yeddi manat səksən beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30,40 (otuz manat qırx qəpik) manat iddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar