Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6132/2025 10.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 İlham oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.600 manat bank ödənişlərinin, krediti ödəmək üçün iş yoldaşından aldığı 2.000 manatın, dövlət rüsumu və digər cari sənədləşmə işləri üçün 500 manatın, mənəvi ziyan üçün 3.000 manat olmaqla, cəmi 31.100 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2019-cu ildə mağazada işləmişdir. 2020-ci ildə isə Cavabdeh da iddiaçının işlədiyi mağazada işə başlamışdır. Birlikdə işlədikləri dövrdə onların arasında səmimiyyət və dostluq yaranmışdır. 2023-cü ildə iddiaçı işdən ayrılmış və pandora mağazasında işə başlamışdır. 2024-cü ildə Zülfiyyə atasının müalicəsi və özünə məxsus evin sənədlərinin hazırlanması üçün pul lazım olduğunu, imkanı varsa adına kredit götürməsini xahiş etmişdir. Bu zaman cavabdeh vaxtında ödənişləri edəcəyinə vəd vermiş, iddiaçı da ona inanmışdır. Bundan sonra iddiaçı 13 dekabr 2024-cü ildə "xxxx" ASC-dən 10.000 (on min) manat, 16 dekabr 2024-cü ildə “Finca” kredit təşkilatından 3.500 (üç min beş yüz) manat və "xxxx" KB ASC-yə aid “U” kartdan hissəli şəkildə 5.000 (beş min) manat pul çəkib cavabdehə vermişdir. Bundan başqa cavabdeh 17 dekabr 2024-cü ildə manato.az-dan pul götürüb ona verməsini iddiaçıdan xahiş etmişdir. Bu zaman cavabdeh bu pulun ona özünə məxsus evin sənədlərini düzətdirmək üçün lazım olduğunu bildirmişdir. Təkid etdiyi üçün 700 manat götürüb cavabdehə vermişdir. 2025-ci ilin yanvar ayında isə Azpulmat-dan 500 (beş yüz) manat məbləğində kredit götürüb cavabdehə vermişdir. Cavabdeh "xxxx" ASC-nin ödənişini yalnız yanvar ayında 1 aylığını gecikdirərək ödəmiş, digər ödənişləri isə etməmişdir. Digər ödənişləri etməyə pulunun olmadığını bildirmişdir. İddiaçı məcburiyyət qarşısında qalıb ödənişləri özü etmişdir ki, adına gecikmə düşməsin. Mart ayının ödənişləri üçün banklar zəng etdiyindən iddiaçı məcburiyyət qarşısında qalıb iş yoldaşından 2.000 manat borc alıb kreditləri ödəmiş və cavabdehə ayın sonunda borcun qaytarmalı olmasını bildirmişdir. Cavabdeh də narahat olmamasını və borcu ödəyəcəyini vəd vermişdir. Lakin heç bir ödəniş etməmişdir. Cavabdehin ümumilikdə bank faizləri nəzərə alınmaqla kredit borcları kimi ödəməli olduğu məbləğ aşağıdakı kimidir: - "xxxx" ASC-yə 15.000 manat, “Finca” kredit təşkilatına 3.500 (üç min beş yüz) manat, “U” karta 5.500 (beş min beş yüz) manat, Manato.aza 800 (səkkiz yüz) manat və “Azpulmat”a 800 (səkkiz yüz) manat. Bundan başqa, iş yoldaşından cavabdehin borclu olduğu kreditləri ödəmək üçün aldığı 2.000 (iki min) manat borc pulu da ondan tələb edir. Eyni zamanda 183,30 (yüz səksən üç manat, otuz qəpik) manat dövlət rüsumunun, sorğu, ərizə və digər cari xərclər üçün ödədiyi 500 (beş yüz) manat pulun da cavabdehdən alınıb ona verilməsini tələb edir. Həmçinin bütün bu yaşadıqları üçün dəymiş mənəvi zərər qarşılığında 3.000 manat məbləğində cavabdehdən pul tələb edir. Göstərilənlərə əsasən Cavabdeh 25.600 manat bank ödənişlərinin, krediti ödəmək üçün iş yoldaşından aldığı 2.000 manatın, dövlət rüsumu və digər cari sənədləşmə işləri üçün 500 manatın, mənəvi ziyan üçün 3.000 manat olmaqla, cəmi 31.100 manat pulun alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh 25.600 manat bank ödənişlərinin, krediti ödəmək üçün iş yoldaşından aldığı 2.000 manatın, dövlət rüsumu və digər cari sənədləşmə işləri üçün 500 manatın, cəmi 28.100 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddia ərizəsində göstərdiyi banklardan və kredit təşkilatlarından götürdüyü kredit məbləğlərini bütöv şəkildə Cavabdeh vermişdir. Hazırda bankdan götürüb verdiyi məbləğləri faizi ilə birlikdə cavabdehdən tələb edir. İddia tələbində qeyd etdiyi 2.000 manatı isə götürülən kredit ödənişlərində gecikmə olmasın deyə, cavabdehin xahişi ilə iş yoldaşından borc götürmüş və kredit ödənişlərinə yönəltmişdir. Qeyd edilən 2.000 manatı cavabdeh hissəli şəkildə qaytaracağına söz versə də, vədinə əməl etmədiyindən həmin məbləği də özü hissəli şəkildə qaytarır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, həqiqətən İddiaçı iddia tələbində qeyd etdiyi kredit məbləğlərini banklardan və kredit təşkilatlarından götürüb ona vermişdir. Maddi imkanı olmadığından həmin məbləğləri qaytara bilməmişdir. Həmin məbləğləri iddiaçıya qaytaracaqdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 183,30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı banklardan və kredit təşkilatlarından müxtəlif məbləğlərdə kreditə pul götürüb Cavabdeh vermişdir. Həmçinin iddiaçı aylıq kredit ödənişlərinin gecikməməsi üçün cavabdehin xahişi ilə iş yoldaşından 2.000 manat məbləğində borc pul götürüb aylıq kredit ödənişlərinə yönəltmişdir. Hazırda iddiaçı cavabdehdən 25.600 manat bank ödənişlərinin, krediti ödəmək üçün iş yoldaşından aldığı 2.000 manatın, dövlət rüsumu və digər cari sənədləşmə işləri üçün 500 manatın, cəmi 28.100 manat məbləğində pulun alınıb ona verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh həqiqətən də iddiaçının banklardan və kredit təşkilatlarından kredit götürüb ona verdiyini, onun xahişi ilə iddiaçının iş yoldaşından borc alıb kredit ödənişlərinə yönəltdiyini, ümumilikdə hazırda iddiaçıya 28.100 manat borclu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 28.100 məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 183,30 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 28.100 (iyirmi səkkiz min yüz) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 183,30 (yüz səksən üç manat, otuz qəpik) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: F.Əyyubov
Məhkəmə qərarları › İş №2(012)-6132/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6132/2025
10.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver