Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6181/2021 10.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı X6 Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı X6 Cəmiyyətinin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cəmiyyəti cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.08.2019-cu il tarixli Özəl (1) F7_1198/K-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada kredit müqaviləsi üzrə 1628.69 manat əsas, 96.21 manat faiz, 481.12 manat cərimə olmaqla cəmi 2206.02 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Turanbank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X6 Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X6 Cəmiyyətinin Neftçilər filialı ilə Cavabdeh arasında bağlanmış 19.08.2019-cu il tarixli Özəl (1) F7_1198/K-19 saylı kredit müqaviləsinə əsasən, faiz dərəcəsi 23% faiz olmaqla 24 ay müddətinə 5000 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasının təminatı kimi TuranBank ASC ilə Zamin arasında 19.08.2019-cu il tarixli Özəl (1) F7_1198/Z-19 saylı zaminlik müqaviləsi imzalanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh kredit müqaviləsinə əsasən 19.08.2021-ci il tarixinədək 1628.69 manat əsas, 96.21 manat faiz, 481.12 manat cərimə borcu olmaqla, ümumilikdə 2206.02 manat borcu vardır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 46% olmaqla cərimə faizi ödəyir. Hazırda, cavabdehlərin kredit müqaviləsi üzrə 1628.69 manat əsas, 96.21 manat faiz, 481.12 manat cərimə olmaqla cəmi 2206.02 manat borcu vardır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı X6 Cəmiyyətinin Neftçilər filialı ilə bağladığı 19.08.2019-cu il tarixli Özəl (1) F7_1198/K-19 saylı kredit müqaviləsinə əsasən, ona faiz dərəcəsi 23% faiz olmaqla 24 ay müddətinə 5000 manat kredit verilmişdir. Cavabdeh Zamin 19.08.2019-cu il tarixli zaminlik müqaviləsi üzrə onun bank qarşısında kredit borcuna zamin dayanmışdır. Pandemiya dövründə maddi vəziyyəti pisləşdiyindən kredit müqaviləsi üzrə ödənişlərində gecikmələri yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kredit verən Turanbank ASC ilə kredit alan Cavabdeh arasında bağlanmış 19.08.2019-cu il tarixli Özəl (1) F7_1198/K-19 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -19.08.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan Cavabdeh kredit müqaviləsi üzrə bankdan 5000 manat krediti imza edərək təhvil almışdır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını 19.09.2019-cu il tarixdən başlayaraq, 19.08.2021-ci il tarixinə kimi hər ay banka 261.87 manat, (sonuncu ay isə 261.74 manat) ödəməklə qaytarmalıdır. -Kreditor Turanbank ASC ilə kredit alan Cavabdeh, Zamin arasında bağlanmış 19.08.2019-cu il tarixli Özəl (1) F7_1198/Z-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Turanbank ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh 19.08.2019-cu il tarixli Özəl (1) F7_1198/K-19 saylı kredit müqaviləsi üzrə 1628.69 manat əsas, 96.21 manat faiz, 481.12 manat cərimə olmaqla cəmi 2206.02 manat borcu vardır. -Turanbank ASC tərəfindən Cavabdeh və Zamin ünvanlanmış 24.12.2020-ci il tarixli pretenziyadan görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Asan-Sumqayıt tərəfindən verilmiş 10.04.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 09.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Ağdam rayonu Pərioğullar sahəsi 48 saylı evdə qeydiyyatdadır. -Asan3 tərəfindən verilmiş 28.02.2017-ci il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 09.06.2021-ci il tarixli arayışdan görünür ki, Zamin Ağdam rayonu Pərioğullar sahəsində qeydiyyatdadır. -Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 08.09.2021-ci il tarixli 02/1102 saylı məktubdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan qəsəbəsi Gənclər şəhərciyi 1 saylı evin 46 saylı mənzilində, Zamin isə Qaradağ rayonu Müşviqabad qəsəbəsi 1 saylı evin 23 saylı mənzilində müvəqqəti məskunlaşmışdır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, Zamin bank qarşısında, digər Cavabdeh ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 481.12 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 19.08.2019-cu il tarixli Özəl (1) F7_1198/K-19 saylı kredit müqaviləsi üzrə 1628.69 manat əsas borc üzrə hesablanmış 481.12 manat məbləğində cərimənin azaldılaraq 5.00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.08.2019-cu il tarixli Özəl (1) F7_1198/K-19 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada kredit müqaviləsi üzrə 1628.69 manat əsas, 96.21 manat faiz və 5.00 manat cərimə olmaqla cəmi 1729,90 manat borc və 30 manat dövlət rüsumu iddiaçı X6 Cəmiyyətinin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 19.08.2019-cu il tarixli Özəl (1) F7_1198/K-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 19.08.2019-cu il tarixli Özəl (1) F7_1198/K-19 saylı kredit müqaviləsi üzrə 1628.69 (min altı yüz iyirmi səkkiz manat altmış doqquz qəpik) manat əsas, 96.21 (doxsan altı manat iyirmi bir qəpik) manat faiz və 5.00 (beş) manat cərimə olmaqla cəmi 1729,90 (min yeddi yüz iyirmi doqquz manat doxsan qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu iddiaçı X6 Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-6181/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6181/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver