Məhkəmə qərarları › İş №2(012)-622/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-622/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-622/2021 26.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 027L**********50 saylı X2nin və xx.xx.2018-ci il tarixli 027R********** saylı kredit razılaşmasının ləğv edilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 2284.47 manat məbləğində kredit borcu, 290.21 manat məbləğində faiz borcu və 795.24 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3369 (üç min üç yüz altmış doqquz) manat 92 (doxsan iki) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 027L**********50 saylı X2nə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. X2 üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 027R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə xx.xx.2018-ci il tarixindən xx.xx.2019cu il tarixinə qədər aylıq faiz dərəcəsi 2.1667%, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinə qədər 2 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1715.53 manat ödəmiş, onun 2284.47 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 251 gün üçün hesablanmış faiz borcu 290.21 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 251 gün üçün hesablanmış cərimə 795.24 manat təşkil edir. X2 üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Qeyd edilənlərə əsasən, İddiaçı QSC iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onların faktiki olduqları yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə İcra Nümayəndəliklərinin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -İddiaçı QSC-ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 027L**********50 saylı X1 görünür ki, Bank tərəfindən Cavabdeh1 120 ay müddətinə xx.xx.2028-ci il tarixdən gec olmayaraq verilməklə 50000 (əlli min) manat məbləğində kredit xətti açılmışdır. -İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 027L**********50 saylı X2 üzrə xx.xx.2018-ci il tarixli, 027R********** saylı Kredit Razılaşmasından görünür ki, cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. -Kreditin verilməsi-köçürmə barədə xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1, 4000 (dörd min) manat kredit məbləğini İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən imza edərək qəbul etmişdir. -xx.xx.2018-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 027S**********01 saylı və xx.xx.2018-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 027S**********01 saylı zaminlik müqavilələrindən görünür ki, Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən X3 irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə zamin məsuliyyəti öz üzərlərinə götürmüşlər. -xx.xx.2020-ci il tarixdə verilmiş borca dair cədvəldən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə xx.xx.2018-ci il tarixli, 027R********** saylı Kredit Razılaşması üzrə xx.xx.2020-ci il tarixinə 2284.47 manat məbləğində kredit borcu, 290.21 manat məbləğində faiz borcu və 795.24 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3369.92 manat məbləğində borcu mövcud olmuşdur. -Mülki işin materiallarında olan xəbərdarlıq məktublarından və xəbərnamələrdən görünür ki, borcalan Cavabdeh1 və zaminlər X4 və X5 İddiaçı QSC tərəfindən müvafiq qaydada kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədikləri barədə xəbərdar edilmişlər. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borcalan Cavabdeh1 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə işin araşdırılan hallarını və tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı bank qarşısında, digər cavabdeh olan Cavabdeh1 ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iddia ərizəsi, iddiaçının nümayəndəsinin izahatı və digər sənədlərlə müəyyən edildi ki, Cavabdeh1 Banka xx.xx.2018-ci il tarixli, 027R********** saylı Kredit Razılaşması üzrə xx.xx.2020-ci il tarixinə cərimə borcu 795.24 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 2284.47 manat məbləğində əsas borc üzrə hesablanmış 795.24 manat məbləğində cərimənin azaldılaraq, 50 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Eyni zamanda iddia tələbində İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 027L**********50 saylı X2nin və xx.xx.2018-ci il tarixli 027R********** saylı kredit razılaşmasının ləğv edilməsi hissəsində məhkəmə qeyd edir ki, hazırda kredit müqaviləsinin ləğvi həmin müqavilənin şərtlərinə uyğundur və kredit razılaşmasında isə razılaşmanın müddəti 24 ay müəyyən edildiyindən müddətin qurtarması ilə əlaqədar razılaşmanın ləğv edilməsinə lüzum qalmamışdır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər Cavabdeh3 və Cavabdeh2 isə borclunun əvəzinə hər hansı ödəniş etməmişlər və bununla da cavabdehlər kredit xətti və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, İddiaçı» QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli, 027R********** saylı Kredit Razılaşması üzrə yaranmış borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 027L**********50 saylı X2 ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2018ci il tarixli, 027R********** saylı Kredit Razılaşması üzrə xx.xx.2020-ci il tarixinə 2284.47 (iki min iki yüz səksən dörd manat qırx yeddi qəpik) manat məbləğində kredit borcu, 290.21 (iki yüz doxsan manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 2624.68 (iki min altı yüz iyirmi dörd manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar