Məhkəmə qərarları › İş №2(012)-625/2021

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-625/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-625/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2755 manat əsas, 152,46 manat cərimə borcu olmaqla cəmi 2907,46 manat, iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaiti və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, fiziki şəxs X4 ilə Cavabdeh arasında bağlanmış “Nisyə” alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2855 manat dəyərində nisyə aldığı malın 100 manatını ilkin olaraq ödəmiş, qalan 2755 manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC ilə fiziki şəxs fiziki şəxs X4 arasında imzalanan “Faktorinq” müqaviləsi və həmin müqaviləyə əlavə olunan “Saziş”ə əsasən fiziki şəxs X3 Cavabdeh qarşı olan 2755 manat məbləğindəki tələb hüququ “xxxx” MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun “xxxx” MMC-yə keçməsi barədə “Nisyə” alqı-satqı müqaviləsi üzrə “Alıcı”ya müvafiq bildiriş təqdim edilmişdir. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, cavabdeh bugünə qədər ödəniş etməmiş və bugünki tarixə 2755 manat əsas borcu və 152,46 manat cərimə borcu yaranmışdır. Odur ki, 2755 manat əsas, 152,46 manat cərimə borcu olmaqla, cəmi 2907,46 manat məbləğində pul vəsaiti, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Cavabdeh tutulub iddiaçı “xxxx” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə ilə müraciət edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə şərh olunan hüquq normasını, iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq, mülki işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti - “satıcı”, Cavabdeh - “alıcı” olmaqla bağlanmış AGN000033 saylı, xx xxxx 2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, sonuncuya ümumilikdə alqı-satqı qiyməti 2855 manat olan mebel dəstini ilkin ödənişi kimi 100 manat və qalıq 2755 manat borcu hər ay ödəmək şərti ilə 18 ay müddətinə nisyə satılmışdır. Məmin müqavilənin 2.4.4-cü bəndinə əsasən mal alan borcu vaxtında ödəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məblğin 5% miqdarında dəbbə pulu ödəməlidir. İşdə olan “xxxx” MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdeh MMC-yə olan borcunu 3 gün müddətində ödəmədəyi təqdirdə məhkəməyə müraciət ediləcəkdir. İşdə olan xx xxxx 2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, “Manolya” mebel yataq dəsti həmin tarixdə Cavabdeh təhvil verilmişdir. İşdə olan “xxxx” MMC ilə fiziki şəxs X4 arasında imzalanmış R-210/19 saylı, xx xxxxxxx 2019-cu il tarixli “Faktorinq” müqaviləsi və həmin müqaviləyə əlavə olunan “Saziş”dən görünür ki, fiziki şəxs X3 Cavabdeh qarşı olan 2755 manat məbləğindəki tələb hüququ “xxxx” MMC-yə keçmişdir. İşdə olan “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin həmin tarixə iddiaçıya olan əsas borcu 2755 manat, cərimə borcu 152,46 manat olmaqla, cəmi borcu 2907,46 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, nisyə alqı-satqı müqaviləsi adlandırılır. İş materialları ilə müəyyən edilir ki, satıcı “xxxx” MMC tərəfindən alıcı Cavabdeh məişət avadanlığını ilkin ödəniş və qalıq borcu hər ay ödəmək şərti nisyə satılmış olsa da, alıcı tərəfindən müqavilə şərtləri pozulmuş və buna görə də, onun satıcıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1, 445.2, 445.2.1 və 445.2.2-ci maddələrinin ümumi məzmununa əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh MMC qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Nəticə etibarilə məhkəmə hesab edir ki, Cavabdeh 2755 manat əsas, 152,46 manat cərimə borcu olmaqla, cəmi 2907,46 manat məbləğində pul vəsaiti alınaraq “xxxx” MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələb təmin edildiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 30 manat pul vəsaitinin və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzi cavabdehdən tutulub, iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2755 (iki min yeddi yüz əlli beş) manat əsas, 152,46 (yüz əlli iki manat, qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 2907,46 (iki min doqquz yüz yeddi manat, qırx altı qəpik) manat pul vəsaiti, iş üzrə dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti və 0.40 (qırx qəpik) manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının əvəzi tutularaq, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə, 1 ay müddətində isə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar