Məhkəmə qərarları › İş №2(012)-6273/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6273/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6273/2021 12.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, Kreditor SkyElektronics MMC-nin Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditor SkyElektronics MMC Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Borclu 1661 manat əsas və 20 manat dövlət rüsumunun SkyElektronics MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 275.1. maddəsinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. 275.2. maddəsinə əsasən, bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. 276.1. maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. 278.1. maddəsinə əsasən, məhkəməyə ərizə yazılı formada verilir. 278.2.5 maddəsinə əsasən, ərizədə tələbin əsaslığını təsdiq edən sənədlər göstərilməlidir. Poçt göndərişlərinin izlənməsi barədə rəsmi internet saytından çıxarılmış məlumatdan görünür ki, SS722837863AZ kod üzrə poçt zərfi 06.10.2021-ci il tarixdə poçt məntəqəsinə təqdim edilmiş, həmin tarixdə də Abşeron rayon Məhkəməsinə çatdırılmışdır. Odur ki, hazırki ərizənin verilməsi üçün yeni qəbul edilmiş “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənən məbləğdə dövlət rüsumu ödənilməlidir. Belə ki, Dövlət rüsumu haqqında Qanunun 8.2.-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin ərizəyə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, kreditor tərəfindən məhkəmə əmrinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə qanunun tələblərini mülki iş materiallarına əlavə edilmiş sənədlərlə paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, 01.10.2021-ci il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən məhkəmə əmrinin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğundan və hazırki məhkəmə əmrinin verilməsi barədə ərizə poçt məntəqəsinə 06.10.2021-ci il tarixdə təqdim edildiyindən, ərizə məhkəməyə 06.10.2021-ci il tarixdə daxil olduğundan və beləliklə sübutlar tam olmadığından məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul olunmasından imtina olunmalıdır. Mülki Prosessual Məcəllənin: 279.1. maddəsinə əsasən, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından bu Məcəllənin 153-cü maddəsi ilə müəyyən edilmiş əsaslar olduqda imtina edir. 279.2. maddəsinə əsasən aşağıdakı hal imtina üçün əsasdır: 279.2.2. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa; 279.3. maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göründüyü kimi, borcludan müqavilə əsasında ödənilməli olan borcun tutulmasını tələb edən kreditor məhkəmə əmrinin verilməsinə əsas olan dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etmədiyindən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbulundan imtina edilməsi qərarına gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 275-279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor SkyElektronics MMC-nin Borclu qarşı borcun tutulması haqqında məhkəmə əmrinin verilməsinə dair ərizənin icraata qəbul olunmasından imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar