Məhkəmə qərarları › İş №2(012)-6427/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6427/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6427/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 01 noyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 14.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İMEİ Kodu **********98896 Samsung Galaxy A50 markalı telefon üçün Cavabdeh onun xeyrinə 377 (üç yüz yetmiş yeddi) manat məbləğində ödənilməmiş hissə və 37 (otuz yeddi) manat məbləğində cərimə olmaqla, cəmi 414 (dörd yüz on dörd) manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 14.05.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh "xxxx" MMC-dən İMEİ Kodu **********98896 Samsung Galaxy A50 markalı telefon almışdır. Cavabdeh müqavilə əsasında üzərinə düşən öhdəliyi icra etməkdən yayınmışdır. Belə ki, alqı-satqı qiyməti 882 (səkkiz yüz səksən iki) manat olan İMEİ Kodu **********98896 Samsung Galaxy A50 markalı telefon üçün 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ isə 505 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 19 oktyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş: -İddiaçı "xxxx" MMC-ilə Cavabdeh arasında bağlanmış 14.05.2019-cu il tarixli 00662502 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən, 16 aya 55 manat ödəmək şərti ilə İMEİ Kodu **********98896 Samsung Galaxy A50 markalı telefon almışdır. -14.05.2019-cu il tarixli Bildiriş və təhvil-təslim aktından görünür ki, Cavabdeh - İMEİ Kodu **********98896 Samsung Galaxy A50 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. -Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, 14.05.2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh hal-hazıra qədər 505 manat ödəniş etmiş, nəticədə onun aldığı alqı-satqı qiyməti 882 (səkkiz yüz səksən iki) manat olan İMEİ Kodu **********98896 Samsung Galaxy A50 markalı telefon üçün cəmi 414 (dörd yüz on dörd) manat borc olmaqla, ondan 377 (üç yüz yetmiş yeddi) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə borcu təşkil etmişdir. -"xxxx" MMC tərəfindən verilmiş 28.05.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh qısa bir zamanda öhdəliyini yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında 14.05.2019-cu il tarixli kredit müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Belə ki, Cavabdeh İMEİ Kodu **********98896 Samsung Galaxy A50 markalı telefon üçün 377 (üç yüz yetmiş yeddi) manat məbləğində ödənilməmiş hissə və 37 (otuz yeddi) manat məbləğində cərimə olmaqla, cəmi 414 (dörd yüz on dörd) manat pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-nə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzlərindən müəyyən edilir ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh arasında 14.05.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 377 (üç yüz yetmiş yeddi) manat məbləğində ödənilməmiş hissə və 37 (otuz yeddi) manat məbləğində cərimə olmaqla, cəmi 414 (dörd yüz on dörd) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar