Məhkəmə qərarları › İş №2(012)-643/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-643/2025

24.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-643/2025 24.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı Müvafik qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Müvafik qızının Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Müvafik qızı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(012)-126/2018 saylı qətnaməsi ilə təyin olunmuş 136.60 (yüz otuz altı manat 60 qəpik) manat sabit pul məbləğinin artırılaraq, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014cü il təvəllüdlü X5 və xx.xx.2015-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin və mediasiya xərci üçün ödədiyi 50 manat pulun cavabdehdən tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə Abşeron rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-cü il təvəllüdlü X4 anadan olmuşdur. Aralarında bağlanmış nikah Abşeron Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(012)-126/2018 saylı qətnaməsilə pozulmuşdur. Hazırki dövrə münasibətdə həmin məbləğ uşağın saxlanılması üçün yetərli deyil. Alimentin həmin məbləğdə müəyyən edilməsindən 6 ildən artıq müddət keçmişdir və bu müddət ərzində uşağın saxlanılması üçün tələb olunan minimum xərclər kifayət qədər artmışdır. Hal-hazırda uşağın böyüməsi, eləcə də, digər zəruri tələbatlarının artması ilə bağlı problemlər çoxalmış və həmin pulla uşağın saxlanılması çətinləşmişdir. Hazırda sözügedən qətnamə ilə qət edilmiş alimentin miqdarı uşağın saxlanılması üçün yetərli deyildir. Cavabdehin maddi vəziyyəti və qazancı yetərincədir. Bu səbəbdən də, mövcud bu tələblərlə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə Bakı 13 saylı Mediasiya Təşkilatında ilkin mediasiya prosessi keçirilmiş, cavabdehlə hər hansı razılıq olmadığı üçün, sözügedən mediasiya təşkilatı tərəfindən ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı Müvafik qızı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, hazırda işləmir. Anası xəstə olduğu üçün uşaqlara o baxır və işləyə bilmir. Məhkəmə iclasında Cavabdeh iddia ilə razılaşmadı və onun təmin olunmamasını xahiş etdi. O bildirdi ki, iddiaçı yeni ailə həyatı qurduğu üçün işdən çıxıb. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-T 155412 saylı və xx.xx.2015-ci il tarixli, A-İİİ 658058 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-126/2018 saylı, 11 iyul 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X3 arasında bağlanmış və Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci ıl təvəllüdlü X4 anası X1 yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçun 136,60 manat (yuz otuz altı manat altmış qəpik), cəmi 273,2 manat (iki yüz yetmiş üç manat iyirmi qəpik) sabit pul məbləğində aliment, habelə xx.xx.2015-ci il təvəllüdlü X4 3 yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə 30 manat məbləğində aliment tutulması, alimentin tutulmasının əvvəli xx.xx.2017-ci il tarixdən hesablanması, qətnamənin alimentə dair hissəsi dərhal icraya yönəldilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İş materiallarından görünür ki, tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikah qeyd etdirmiş və bu nikahdan onların xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-126/2018 saylı, 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında qeyd edilmiş nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçun 136,60 manat (yuz otuz altı manat altmış qəpik), cəmi 273,2 manat (iki yüz yetmiş üç manat iyirmi qəpik) sabit pul məbləğində aliment, habelə xx.xx.2015-ci il təvəllüdlü X4 3 yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə 30 manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda İddiaçı Müvafik qızı bu məbləğin hər uşaq üçün 235 manat, cəmi 470 manata qaldırılmasını tələb edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli Qərarının 8.4-3-cü bəndində göstərilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik baş verməmişdir. İddiaçı isə onun hər hansı gəlirlərinin olması və ya artması barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, əvvəlki qət edilən hər uşaq üçün 136,60 manat alimentin məbləğinin 235 manata qaldırılmasına heç bir hüquqi əsas yaranmamışdır. Bu hallara məcmu halda qiymət verən məhkəmə iddianı əsaslı hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, uşaqlar üçün yaşayış minimumunun artması bu əsasla verilmiş iddia tələbinin təmin edilməsinə əsas vermir. Beləliklə, tərəflərin maddi və ailə vəziyyəti, saxlanması üçün aliment tutulan uşağın yaşı və tələbatı, onun saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları nəzərə alınmaqla, məhkəmə hesab edir ki, hazırki halda Abşeron Rayon Məhkəməsinin 2(012)-126/2018 saylı, 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının dəyişdirilməsi cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Başqa sözlə, iddiaçı öz tələbinin dəlillərini kifayət qədər əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı Müvafik qızı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı aliment miqdarının artırılması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Müvafik qızının Cavabdeh qarşı aliment miqdarının artırılması barədə iddia tələbi təmin edilməsin. Mediasiya xərci İddiaçı Müvafik qızına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar