Məhkəmə qərarları › İş №2(012)-655/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-655/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-655/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat pulun, eləcə də 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə hər hansı bir tanışlığı yoxdur və olmamışdır. Yaxın dostu Fəzail Quliyevə 16 may 2023-cü il tarixdə mobil tətbiq vasitəsi ilə özünə məxsus olan “Kapital Bank“ ASC tərəfindən verilmiş 4169-7377-0567- 4691 nömrəli kartdan 1000 manat pul göndərmək istəmişdir. Bu zaman mobil tətbiqin texniki səhvi ucbatından skaner Fazil Quliyevin kart nömrəsini düzgün skan etməmiş və qeyd olunan məbləğ naməlum hesaba köçürülmüşdür. Bu məqsədlə ona məxsus pul məbləğinin hara və kimə köçürülməsini araşdırmaq məqsədilə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət etmişdir. Çoxsaylı sorğu və araşdırmalardan sonra məlum olmuşdur ki, mobil tətbiqin texniki səhvi ucbatından həmin məbləğ ünvan 1 ünvanında yaşayan Cavabdeh "Kapital Bank“ ASC tərəfindən verilmiş “540408*******4641 nömrəli karta köçürülmüşdür. Bu faktla bağlı onun müraciəti əsasında ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin müstəntiqi X2 tərəfindən təhqiqat aparılmış, Cavabdeh məsələ barədə izahatı alınmışdır. Cavabdeh yuxarıda qeyd olunan faktları etiraf etmiş və həqiqətən 1000 manat pul vəsaitinin özünə məxsus karta köçürüldüyünü təsdiq etmişdir. Eyni zamanda, həmin pulu xərclədiyini qeyd etməklə qaytarmaq imkanının olmadığını bildirmişdir. Bütün bunlar Nərimanov Rayon Polis İdarəsinin 13 iyun 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında öz əksini tapmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və onun rədd edilməsini xahiş etdi. O qeyd etdi ki, hesab kartına 1000 manat pulu iddiaçı yox, yaxın tanışı göndərmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə iclasında şahid kimi ifadə verən X1 qeyd etdi ki, ustadır və İddiaçı xidmət göstərdiyi üçün 1000 manat pul almalı idi. Pulu iddiaçı ona kart vasitəsilə göndərməli idi, lakin İddiaçı ona bildirmişdir ki, kartda problemlər çıxdığı üçün göndərə bilmir. Pulu sonradan İddiaçı ona nağd qaydada ödəmişdir. Mülki işin materiallarında olan ********* saylı xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, 416973* *****4691 saylı hesab kartından 540408******4641 saylı hesab kartına (alan şəxs za......s......) 1000 manat vəsait ödənilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, kart hesabından 1000 manat pulun səhvən köçürülmasi barədə İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. araşdırılma aparılarkən Cavabdeh izahatında göstərmişdir ki, "xxxx" tərəfindən verilmiş hazırda nömrəsini 540408******4641 olaraq xatırladığı bank kartı ona məxsus olmuş və istifadəsində olmuşdur. 16 may 2023-cü il tarixdə qeyd etdiyi bank kartının balansına 1000 manat pul köçürülmüşdür. Həmin ərəfədə sevgili münasibətlərində olduğu Camal adlı şəxs ona 1000 manat pul göndərməli idi. O, həmin pulun Camal adlı şəxs tərəfindən göndərildiyini düşünüb pulları xərcləmişdir. Hazırda maddi imkanı olmadığına görə qeyd olunan 1000 manat pulu geri qaytara bilmir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı mobil tətbiq (Birbank) vasitəsilə 1000 manat pulu səhvən Cavabdeh məxsus hesab kartına köçürmüş, bunun nəticəsində isə cavabdeh əsassız varlanmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan İddiaçı hesabına 1000 manat pul əldə etdiyindən onu qaytarmalıdır. Belə ki, Mülki Məcəllənin 14.2.7-ci maddəsinə görə əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə iclasında tamamilə öz təsdiqini tapmış, cavabdeh iddiaçıya məxsus kart hesabından 1000 manat pul almasını, lakin onu xərclədiyindən hazırda qaytara bilməyəcəyini etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 1000 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, iddiaçı hazırki iddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına 30 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri, yəni 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 manat və dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar