Məhkəmə qərarları › İş №2(012)-660/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-660/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-660/2021 28.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı Soyuducu, HOFFMANN markalı Soba üçün 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 106 (yüz altı) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, Mi markalı notübook çantası, PANASONİC markalı ev telefonu üçün 111 (yüz on bir) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İndesit markalı Soyuducu, Tefal markalı Ütü, Panasonic markalı Ətçəkən, iki ədəd Panasonic markalı Termopot, SAMSUNG markalı Tozsoran, KARCHER markalı Tozsoran üçün 2016 (iki min on altı) manat ödənilməmiş hissə, 307 (üç yüz yeddi) manat dəbbə; Ümumilikdə 2936 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2936 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2966 manat Cavabdeh alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh, “xxxx” MMC ilə xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrinə əsasən, Samsung markalı soyuducu, HOFFMANN markalı Soba, Mi markalı notebook çantası, PANASONİC markalı ev telefonu, İndesit markalı Soyuducu, Tefal markalı Ütü, Panasonic markalı Ətçəkən, iki ədəd Panasonic markalı Termopot, SAMSUNG markalı Tozsoran, KARCHER markalı Tozsoran almış və nəticədə 2936 (iki min doqquz yüz otuz altı) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2135 (iki min yüz otuz beş) manat (18 ay x 118 manat + 11 manat ilkin ödəniş) Samsung markalı Soyuducu, HOFFMANN markalı Soba üçün ümumilikdə 477 (dörd yüz yetmiş yeddi) manat olmaqla ondan, 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 106 (yüz altı) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 144 (yüz qırx dörd) manat (12 ay x 12 manat + 0 manat ilkin ödəniş) Mi markalı notebook çantası, PANASONİC markalı ev telefnu üçün ümumilikdə, 136 (yüz otuz altı) manat olmaqla ondan, 111 (yüz on bir) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2304 (iki min üç yüz dörd) manat (18 ay x 128 manat + 0 manat ilkin ödəniş) İndesit markalı Soyuducu, Tefal markalı Ütü, Panasonic markalı Ətçəkən, iki ədəd Panasonic markalı Termopot, SAMSUNG markalı Tozsoran, KARCHER markalı Tozsoran üçün ümumilikdə, 2323 (iki min üç yüz iyirmi üç) manat olmaqla ondan, 2016 (iki min on altı) manat ödənilməmiş hissə, 307 (üç yüz yeddi) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 2085 manat təşkil edir. Cavabdehə iddiaçı tərəfindən edilmiş müraciətlər heç bir nəticə verməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 00308935 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 18 aya 118 manat aylıq icarə haqqı + 11 manat ilkin ödəniş ödəmək şərti ilə Samsung markalı Soyuducu, HOFFMAN markalı Soba almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00965895 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 12 aya 12 manat aylıq kredit haqqı + 0 manat ilkin ödəniş ilə Mi markalı notebook çantası, PANASONİC markalı ev telefonu almışdır. -“xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 00965869 nömrəli müqavilədən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 18 aya 128 manat aylıq kredit haqqı + 0 manat ilkin ödəniş ilə İndesit markalı Soyuducu, Tefal markalı Ütü, Panasonic markalı Ətçəkən, iki ədəd Panasonic markalı Termopot, SAMSUNG markalı Tozsoran, KARCHER markalı Tozsoran almışdır. -xx xxxxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımi qaydada yerinə yetirilməmiş, sonuncu hal-hazıra qədər 2085 manat ödəniş etmiş, nəticədə onun aldığı Samsung Soyuducu və HOFFMANN Soba üçün 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 106 (yüz altı) manat dəbbə, cəmi 477 manat, X4, Panasonic Dect üçün 111 (yüz on bir) manat ödənilməmiş hissə, 25 (iyirmi beş) manat dəbbə pulu, cəmi 136 manat, İndesit Soyuducu, Tefal ütü, Panasonic Ətçəkən, Panasonic Termopot, Panasonic Termopot, SAMSUNG Tozsoran və KARCHER Tozsoran üçün 2016 (iki min on altı) manat ödənilməmiş hissə, 307 (üç yüz yeddi) manat dəbbə pulu, cəmi 2323 manat, ümumilikdə 2936 manat borc manat təşkil etmişdir. -xx xxxx 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, “xxxx”MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu qısa bir zamanda ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra emədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə iş materiallarında olan sənədlərdən və məhkəmə iclasında tədqiq olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı “xxxx” MMC-dən yuxarıda qeyd olunan müqaviləyə əsasən dəyərini hissə-hissə ödəmək şərti ilə Samsung Soyuducu və HOFFMANN Soba, X4, Panasonic Dect, İndesit Soyuducu, Tefal ütü, Panasonic Ətçəkən, Panasonic Termopot, Panasonic Termopot, SAMSUNG Tozsoran və KARCHER Tozsoran almış, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən hər üç müqavilə üzrə əsas borca müqavilədə nəzərdə tutulmuş qaydada dəbbə pulu hesablanmışdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair xx xxxx 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə bağlanmış xx.xx.2019-cu il tarixli 00308935 nömrəli müqavilə üzrə 371 manat ödənilməmiş hissə üzrə hesablanmış 106 manat məbləğində cərimənin azaldılaraq 5 manat, xx.xx.2019-cu il tarixli 00965895 nömrəli müqavilə üzrə 136 manat ödənilməmiş hissə üzrə hesablanmış 111 manat məbləğində cərimənin azaldılaraq 5 manat və xx.xx.2019-cu il tarixli 00965869 nömrəli müqavilə üzrə 2016 manat ödənilməmiş hissə üzrə hesablanmış 307 manat məbləğində cərimənin azaldılaraq 5 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. xx xxxxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı Soyuducu, HOFFMANN markalı Soba üçün 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 376 (üç yüz yetmiş altı) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Mi markalı notebook çantası, PANASONİC markalı ev telefon üçün 111(yüz on bir) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 116 (yüz on altı) manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İndesit Soyuducu, Tefal ütü, Panasonic Ətçəkən, Panasonic Termopot, Panasonic Termopot, SAMSUNG Tozsoran və KARCHER Tozsoran üçün 2016 (iki min on altı) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 2021 (iki min iyirmi bir) manat borc, cəmi 2513 (iki min beş yüz on üç) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 2543 (iki min beş yüz qırx üç) manat borc Cavabdeh alınaraq “xxxx” MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən Samsung markalı Soyuducu, HOFFMANN markalı Soba üçün 371 (üç yüz yetmiş bir) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 376 (üç yüz yetmiş altı) manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Mi markalı notebook çantası, PANASONİC markalı ev telefon üçün 111(yüz on bir) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 116 (yüz on altı) manat borc, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İndesit Soyuducu, Tefal ütü, Panasonic Ətçəkən, Panasonic Termopot, Panasonic Termopot, SAMSUNG Tozsoran və KARCHER Tozsoran üçün 2016 (iki min on altı) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə, cəmi 2021 (iki min iyirmi bir) manat borc, cəmi 2513 (iki min beş yüz on üç) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 2543 (iki min beş yüz qırx üç) manat borc Cavabdeh alınaraq “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar