Məhkəmə qərarları › İş №2(012)-677/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-677/2023

25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-677/2023 25.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli, 2(012)-442/2016 saylı qətnaməsinə əsasən 13 avqust 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 108 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh 2001-ci ildə faktiki nikaha daxil olaraq ailə qurmuşdur. Faktiki nikahdan 01 dekabr 2003-cü il təvəllüdlü X3 və 13 avqust 2006-cı il təvəllüdlü X4 dünyaya gəlmişdir. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətlərində soyuqluq yaranmış və ayrılmışlar. Cavabdeh uşaqların saxlanılmasında heç bir maddi köməklik göstərmədiyi üçün 2015-ci ildə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli, 2(012)-442/2016 saylı qətnaməsi ilə 01 dekabr 2003-cü il təvəllüdlü X3 və 13 avqust 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Sonradan cavabdehlə barışmış və 08 dekabr 2021-ci il tarixdə nikahı rəsmiləşdirmişlər. Lakin bundan 5-6 ay sonra cavabdeh yenidən ailəsini tərk edərək getmişdir. Hazırda hər iki övladı onun himayəsindədir və onların bütün maddi ehtiyaclarını tək başına qarşılamaq məcburiyyətində qalmışdır. Gündəlik məişət və həkim xərclərinin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Bu səbəbdən alimentin miqdarının artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonradan İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək ərizə ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli, 2(012)- 442/2016 saylı qətnaməsinə əsasən 13 avqust 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 108 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, hər ay 220 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edib səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini göstərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli, 2(012)-442/2016 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 01 dekabr 2003-cü il tarixdə anadan olmuş X1 və 13 avqust 2006-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 108 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə verilməsi, hazırkı miqdarda alimentin tutulmasının əvvəlinin 03 dekabr 2015-ci il tarixdən hesablanması qət edilmişdir. İşdə olan AZ-İİ 472720 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə nikaha girmişlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Hazırda bu məbləğ 220 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Elcan adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. Məhkəmə Elcan adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli, 2(012)-442/2016 saylı qətnaməsinə əsasən 13 avqust 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş hər ay 108 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq, hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 33,44 manat məbləğində dövlət rüsumuna görə pul dövlət nəfinə cavabdehdən tutulmalı, mediasiya prosesi üçün ödənilmiş 50 manat pul isə Cavabdeh tutularaq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 yanvar 2016-cı il tarixli, 2(012)-442/2016 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 13 avqust 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət nəfinə 33,44 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar