Məhkəmə qərarları › İş №2(012)-6865/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6865/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6865/2021 26.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" QSC BOKT-un cavabdeh X4 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC BOKT cavabdeh X4 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 11 iyun 2012-ci il tarixli, 249 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2.478 manat, faiz borcu üzrə 1.937,25 manat olmaqla, cəmi 4.415,25 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC BOKT-un xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı fərmanına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC ilə İddiaçı MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Yuxarıda qeyd olunan xidməti müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X4 dair sənədlər S-FK-1114 saylı, 15 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə cavabdeh X5 arasında 11.06.2012-ci il tarixdə 249 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20% tətbiq edilməklə, 12 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir. 11.06.2012-ci tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdeh ayrılmış kredit hesabından istifadə etmişdir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixdən başlanır. 5.4-cü bəndinə əsasən “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 12 aydır. 5.5-ci bəndə əsasən kredit vəsaitinin istifadə müddəti 11 iyun 2013-cü il tarixdə bitib. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 20 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan borcu əsas borc üzrə 2.478 manat, faiz borcu üzrə 1.937,25 manat olmaqla cəmi 4.415,25 manat təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən, yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş, qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin cavabdeh qeyd olunan öhdəliyi bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən X1 11 iyun 2012-ci il tarixli, 249 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2.478 manat, faiz borcu üzrə 1.937,25 manat olmaqla, cəmi 4.415,25 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC BOKT-un xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçı "xxxx" QSC BOKT məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək, X1 əsas borc üzrə 2.347,49 manat, faiz borcu üzrə 1.937,25 manat, cəmi 4.284,74 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" QSC BOKT-un xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi X6 məhkəməyə ərizə təqdim edərək işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh X5 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxsin rəyini nəzərə alaraq, məhkəmə mülki işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: "xxxx" ASC-nin “Sənaye” filialı ilə X5 arasında bağlanmış 11 iyun 2012-ci il tarixli, 249 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank tərəfindən borcluya 12 ay müddətinə illik 20% ödəmək şərtilə 3.000 manat məbləğində kredit verilmişdir. 11.06.2012-ci il tarixli məxaric orderindən görünür ki, X5 həmin tarixdə "xxxx" ASCnin “Sənaye” filialından 3.000 manat məbləğində vəsaiti imza etməklə götürmüşdür. Hesabdan çıxarışdan görünür ki, X5 tərəfindən 11 iyun 2012-ci il tarixli, 249 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-yə sonuncu ödəniş 16.11.2012-ci il tarixdə 200 manat olmuşdur. 19/171 saylı, 15 fevral 2013-cü il tarixli bildirişdən görünür ki, X4 borcun ödənilməsi barədə "xxxx" ASC tərəfindən xəbərdarlıq edilmişdir. 01 yanvar 2017-ci il tarixli arayışından görünür ki, X2 11 iyun 2012-ci il tarixli, 249 saylı kredit müqaviləsi üzrə 2.478 manat əsas və 1.937,25 manat məbləğində faiz borcu vardır. 21 sentyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2019-cu il tarixli 2778 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış məlumatlarına əsasən 11 iyun 2012-ci il tarixli, 249 saylı kredit müqaviləsi üzrə X2 11 iyun 2013-cü il tarixə (müqavilə müddəti bitən tarixə) banka olan borcu - əsas borc üzrə 2.478,29 manat, faiz borcu 282,25 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. 09 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, X2 11 iyun 2012-ci il tarixli, 249 saylı kredit müqaviləsi üzrə 2.347,49 manat əsas və 1.937,25 manat məbləğində faiz borcu vardır. Cavabdeh X5 tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, iddia müddəti keçdiyinə görə iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin, (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir. Məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcudan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüququ şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələrdə bağlaya bilərlər. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İddia müddətinin tətbiq edilməsi və bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi həmin Məhkəmənin Dacia S.R.L. v. Moldovaya qarşı (ərizə № 3052/04, 18 mart 2008-ci il tarixli qərar) qərarında Məhkəmə qeyd etmişdir ki, iddia müddəti heç bir ayrı-seçkilik olmadan tətbiq edilməlidir. Əks təqdirdə, yekunlaşmalı olan hüquq münasibətlərinin dəyişdirilməsi hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edərdi (see, mutatis mutandis, Popov v. Moldova (no. 2), no. 19960/04, § 53, 6 December 2005). İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, "xxxx" ASC-nin “Sənaye” filialı ilə X5 arasında bağlanmış 11 iyun 2012-ci il tarixli, 249 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən X4 illik 20 faiz hesablanmaqla 12 ay müddətinə 3.000 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdehin banka olan borcu əsas borc üzrə 2.347,49 (iki min üç yüz qırx yeddi manat, qırx doqquz) manat, faiz borcu üzrə 1.937,25 (bir min doqquz yüz otuz yeddi manat, iyirmi beş) manat, cəmi 4.284,74 (dörd min iki yüz səksən dörd manat, yetmiş dörd qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən isə cavabdehin mübahisələndirilən kredit müqaviləsi üzrə müqavilə müddətinin sonuna əsas borcu 2.478,29 manat, faiz borcu 282,25 manat təşkil edir. Məhkəmə tərəfindən həmçinin müəyyən edilmişdir ki, 11.06.2012-ci il tarixli kredit müqaviləsi cavabdeh X5 ilə 12 ay müddətinə bağlanılmışdır və 11.06.2013-cü il tarixdə müqavilənin müddəti bitmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş 16 noyabr 2012-ci il tarixdə 200 manat məbləğində olmuş, həmin tarixdən sonra ödəniş olmamışdır. Həmin müqavilə ilə tələb 3 il müddətində verilməli olduğu halda, iddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə 08.10.2018-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ünvanlayaraq iddia müddəti keçdiyinə görə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" QSC BOKT-un cavabdeh X4 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməməli, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, məhkəmə mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaiti iddiaçı "xxxx" QSC BOKT-dan alınaraq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" QSC BOKT-un cavabdeh X4 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat pul vəsaiti iddiaçı "xxxx" QSC BOKT-dan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar