Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-7059/2025 13.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil2, Cavabdeh nümayəndəsi X1 və vəkili-nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30225 manat maddi, 10000 manat mənəvi zərər olmaqla, cəmi 40225 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 211 manatın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilələrin ləğv olunması, müqavilə üzrə təşkil edilmiş avtoservisin inşasına sərf edilmiş 6000 manata görə 19587 manat, gəlirdən ödənilməmiş 30225 manat, mənəvi zərərə görə 10000 manat, dövlət rüsumuna görə ödənilmiş 361 manat kimi qəbul edilməklə, cəmi ümumi iddia tələbi üzrə 60173 manat pulun alınıb İddiaçı ödənilməsi və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilələrin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahatında İddiaçı ilə Cavabdeh arasında iki müqavilə bağlandığını, iddiaçının avtobus xətti işlətdiyini, tanış olduqdan sonra tərəflərin birlikdə iş qurmaq istədiklərini bildirdi və iddianın təmin edilməsini xahiş etdi, bundan əlavə hazırkı mülki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil1 izahat verərək, iddia tələbini qəbul etmədiklərini və Cavabdeh VÖEN-i olduğunu bildirdi və iddianın təmin edilməməsini xahiş etdi, həmçinin mülki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh nümayəndəsi X2 cavabdehin vəkili-nümayəndəsi Vəkil1 izahatında qeyd edilənləri təsdiq edərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, tərəflərin subyektiv tərkibi, iddia tələbinin və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmədə işin mübahisə edilməyən hallarından göründüyü kimi İddiaçı xx.xx.2005ci il tarixdən, Cavabdeh isə xx.xx.2010-cu il tarixdən vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, İddiaçı ilə Cavabdeh qarşılıqlı razılaşma ilə birgə avtoservis təsis edilməsi və fəaliyyəti məqsədilə xx.xx.2010-cu il tarixli müqavilələr bağlamışdırlar. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilələrin ləğv olunması, müqavilə üzrə təşkil edilmiş avtoservisin inşasına sərf edilmiş 6000 manata görə 19587 manat, gəlirdən ödənilməmiş 30225 manat, mənəvi zərərə görə 10000 manat, dövlət rüsumuna görə ödənilmiş 361 manat kimi qəbul edilməklə, cəmi ümumi iddia tələbi üzrə 60173 manat pulun alınıb ona ödənilməsi və onunla Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilələrin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddia tələbi faktiki olaraq gəlir, mənfəət əldə etmək məqsədi ilə məşğul olan subyektlər arasındakı müqavilələrdən irəli gələn tələblərlə bağlıdır və Cavabdeh adına olan VÖEN-in fəaliyyətini müvəqqəti dayandırması mübahisənin kommersiya məhkəməsində baxılmalı olmaması meyarı kimi əsas hesab edilə bilməz. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarının 13-cü bəndində göstərilmişdir ki,əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.6-cı maddəsinə əsasən, iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 26, 30-32, 263, 264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-7059/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-7059/2025
13.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver