Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-716/2024 18.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı X5 cavabdehlər Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə və Cavabdeh2 qarşı kirayə müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin geri qaytarılması barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə qarşı mənzilin geri qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Stansiya Sumqayıt, Qaçqın şəhərciyi, bina 2 ünvanında yerləşən 11 nömrəli mənzilə dair Cavabdeh2 ilə bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi və həmin mənzilin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Stansiya Sumqayıt, Qaçqın şəhərciyi, bina 2 ünvanında yerləşən 11 nömrəli mənzil Dövlət qaçqınkomla arasında bağlanmış xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinə əsasən humanitar məqsədlə məcburi köçkün olaraq həmin ev ona verilmişdir. Beləliklə o, fiziki məhdudiyyətli oğlu ilə birlikdə Stansiya Sumqayıt, Qaçqın şəhərciyi, bina 2 ünvanında yerləşən 11 nömrəli mənzildə yaşamışdır. Xəstəliyi ilə əlaqədar bir müddət qızının yanında qalıb, orada müalicə almışdır. Lakin, evinə qayıdarkən həmin mənzilin başqa şəxslə kirayə müqaviləsi bağlandığını öyrənmiş və bu ahıl yaşında ağlaya-ağlaya zorla yaşadığı mənzildən oğlu ilə birlikdə çıxarılmışdır. Həmin qəsəbədə 60-a yaxın şəxs evlərini kirayə verib, ümumiyyətlə 40 ailə evinin qapısını bağlayıb və orada yaşamır. Buna baxmayaraq, Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti onlara qarşı heç bir tədbir görməmiş, yalnız onun mənzilini əlindən almışlar. Onun kimsəsizliyindən istifadə edərək heç bir hüquqi əsasları olmadan yaşadığı mənzil başqasına verilmişdir. Həmin ərazidə 68 mənzil tikilib və hazırda boşdur, həmin mənzilləri müəyyən maraqlar qarşılığında istənilən şəxslərə verilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinə əsasən, Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi, Kirayə verənin tələbi ilə yalnız məhkəmə qaydasında ləğv edilə bilər. Qeyd edlən mənzilə dair onunla bağlanmış kirayə müqaviləsinin ləğv edilməsi barədə heç bir məhkəmə Qərarı olmadığı halda cavabdeh tərəfınən bu haqsızlığa məruz qalmışdır. Bu ahıl yaşında və xəstə halı ilə himayəsində fiziki məhdudiyyətli övladı ola-ola dəmir vaqonda yaşamağa məhkum edilmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Daha sonra iddiaçı X9 iddia tələbinə dəqiqləşmə verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən, xüsusi təyinatlı yaşayış sahəsinə dair vətəndaş Cavabdeh2 ilə bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilə dair onunla bağlanmış xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilərək, həmin mənzilin onun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı X5 nümayəndəsi-vəkili Vəkil iddia tələbinə dəqiqləşmə verərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən, xüsusi təyinatlı yaşayış sahəsinə dair vətəndaş Cavabdeh2 ilə bağlanmış kirayə müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin onun istifadəsinə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında iddiaçı X9 iddia tələbini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan xüsusi təyinatlı yaşayış sahəsinin 1 saylı, xx.xx.2019-cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, məcburi köçkün X9 və 1 nəfərdən ibarət ailə üzvü (oğlu X6) Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, “st.Sumqayıt” ərazisində, məcburi köçkünlər üçün inşa edilmiş 1001 ailəlik yaşayış kompleksində 2 nömrəli binada 11 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. İş materiallarında olan xüsusi təyinatlı yaşayış sahəsinin 2/11 saylı, xx.xx.2021-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, məcburi köçkün Cavabdeh2 və 2 nəfərdən ibarət ailə üzvləri (oğlu X10 və qızı X7) Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, “st.Sumqayıt” ərazisində, məcburi köçkünlər üçün inşa edilmiş 1001 ailəlik yaşayış kompleksində 2 nömrəli binada 11 nömrəli 2 otaqlı mənzillə təmin edilmişdir. İş materiallarında olan 361 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Stansiya ünvan 2 ünvanı Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən 08 fevral 2019-cu il tarixdə Laçın rayonundan olan məcburi köçkün X9 və oğlu X2 verildiyinə baxmayaraq 10 oktyabr 2020-cı il tarixdən 10 noyabr 2021-ci il tarixədək göstərilən mənzildə yaşayış olmamışdır. Odur ki, həmin mənzil boşaldılaraq Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Qubadlı rayonundan məcburi köçkün Cavabdeh2, X10 və X3 verilmişdir. İş materiallarında olan 965 saylı, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-cı il 24 fevral tarixli 65 nömrəli qərarı ilə "Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi QAYDASİ” təsdiq edilmişdir. Bu Qayda məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi qaydasını müəyyən edir. Aparılan araşdırma nəticəsində X9 və X8 tərəfindən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi “QAYDASİ”nın 3-cu hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtlərini pozduqları və mənzildə yaşamadıqları müəyyən edilmişdir. Departamentin ərazi üzrə mənzil kommunal istismar sahəsinin əməkdaşlarının dəvəti əsasında Ə.M.Hümbətova yaşamadıqları mənzilə gəlmiş özünün iştirakı ilə 1T nömrəli mənzilin qapıları açılmış və o, mənzildə yaşamadıqları üçün özlərinə məxsus əşyaları sözügedən mənzildən çıxarıb götürmüşdür. Beləliklə, Abşeron rayonu, Stansiya Sumqayıt ərazisində məcburi köçkünlər üçün inşa edilmiş 1001 ailəlik yaşayış kompleksində bina 2-də 11 nömrəli mənzildən sözügedən şəxslərin yaşamadığı öz təsdiqini tapdığından onlarla bağlanılmış müqaviləyə xitam verilmişdir. Həmin mənzil xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında ağır şəraitdə (zirzəmidə) məskunlaşmış Qubadlı rayonundan məcburi köçkün X1 və ailə üzvlərinə yaşamaları üçün verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsi xüsusi təyinatlıdır və məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fonduna aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0.2-ci maddəsinə görə xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsilə bağlı münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 17.3.2.-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 91.1.5-ci maddəsinə görə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 nömrəli qərarına görə Kirayəçi müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkün olduqda, Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda; Kirayəçi və ailə üzvləri (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə Kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan Kirayəçinin himayəsində olanlar, müstəsna hallarda məhkəmə qaydasında Kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşayış sahəsindən əsas yaşayış yeri kimi istifadə etmədikdə; Kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrı təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi Kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasının 2.9-cu bəndinə görə kirayə müqaviləsi məcburi köçkünün ona verilmiş yaşayış sahəsində qalma müddətinə şamil edilir və məcburi köçkün yaşayış sahəsindən çıxdıqda və ya çıxarıldıqda, onunla bağlanılmış kirayə müqaviləsi ləğv edilir. Həmin Qaydanın 3.2-ci bəndinə görə məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə, Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. İşdən göründüyü kimi, mübahisə predmetini Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh2 ilə Abşeron rayonu, “st.Sumqayıt” ərazisində, məcburi köçkünlər üçün inşa edilmiş 1001 ailəlik yaşayış kompleksində 2 nömrəli binada 11 nömrəli 2 otaqlı mənzillə dair kirayə müqaviləsi təşkil edir. İşdəki mötəbər sənədlərdən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti eyni mənzilə dair İddiaçı ilə kirayə müqaviləsini ləğv edilmədən mənzillə bağlı digər Cavabdeh2 ilə kirayə müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti X9 ilə bağlanmış xx.xx.2019-cu il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin birtərəfli qaydada ləğv edilməsi nəzərdə tutulmadığından, yuxarıda sadalanan normalara görə kirayə verən kirayə müqaviləsinin ləğvi üçün məhkəməyə müraciət etməli idi. Başqa sözlə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin qanunvericiliyin tələblərinə riayət etmədən Cavabdeh2 ilə bağladığı kirayə müqaviləsi etibarsızdır. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlakla bağlı bu qaydada kirayə müqaviləsi bağlana bilməz və X5 hazırki tələbi əsaslıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Abşeron rayonu, “st.Sumqayıt” ərazisində, məcburi köçkünlər üçün inşa edilmiş 1001 ailəlik yaşayış kompleksində 2 nömrəli binada 11 nömrəli 2 otaqlı mənzil ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X4 arasında bağlanmış 2/11 saylı, xx.xx.2021-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi etibarsız hesab edilməli, həmin mənzil X5 istifadəsinə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, “st.Sumqayıt” ərazisində, məcburi köçkünlər üçün inşa edilmiş 1001 ailəlik yaşayış kompleksində 2 nömrəli binada 11 nömrəli 2 otaqlı mənzil ilə bağlı Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə X4 arasında 2/11 saylı, xx.xx.2021-ci il tarixdə bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi etibarsız hesab edilsin. Abşeron rayonu, “st.Sumqayıt” ərazisində, məcburi köçkünlər üçün inşa edilmiş 1001 ailəlik yaşayış kompleksində 2 nömrəli binada 11 nömrəli 2 otaqlı mənzil X5 istifadəsinə geri qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-716/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-716/2024
18.03.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver