Məhkəmə qərarları › İş №2(012)-726/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-726/2025

10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-726/2025 10.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən zamin kimi kredit üzrə əmək haqqından tutulmuş 8249,01 manat məbləğində pul vəsaitinin və ödənilmiş 103 manat dövlət rüsumunun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh Dövlət Gömrük Komitəsində onun iş yoldaşı olmuşdur, belə ki, adıçəkilən dövlət orqanında Kadrlar şöbəsinin rəisi vəzifəsində işləmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli, GK 024-05 nömrəli müqaviləyə əsasən kredit ayrılmış, o, həmin müqavilə üzrə zamin olmuşdur. Cavabdeh kredit ödənişlərini etməmiş və gecikmələri olmuşdur. O isə zamin olduğundan "xxxx" ASC kredit ödənişlərini və gecikmələrini onun əmək haqqından tutmuşdur. Həmin kredit üzrə onun əmək haqqından 8249,01 manat pul tutulmuşdur. Cavabdeh onun əmək haqqından tutulmuş ödənişləri tələb etsə də cavabdeh pulu verməkdən boyun qaçırır. Hazırda Cavabdeh işləyir və əmək haqqı da yüksək məbləğdədir. O, dəfələrlə pulunu cavabdehdən tələb etsə də cavabdeh ona pulunu ödəməmiş və ödəməkdən boyun qaçırmışdır. Həmçinin cavabdeh puldan heç bir ödəniş etməmişdir və hazırda buna heç bir cəhd də etmir. O, bir neçə dəfə cavabdehdən pulunu tələb etsə də cavabdeh müxtəlif bəhanələr uyduraraq ondan tutulmuş pulu ona qaytarmaqdan yayınır, son vaxtlar isə cavabdeh ondan gizlənir, çağırışlarına cavab vermir. Bu səbəbdən o, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, o, pulunu reqres qaydasında cavabdehdən geri tələb etməli, həmçinin ödədiyi dövlət rüsumu cavabdehdən alınaraq ona ödənilməlidir. Bundan əlavə bildirir ki, Cavabdeh hazırda Fövqəladə Hallar Nazirliyində işləyir. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 19 sentyabr 2024-cü il tarixli, 3999 nömrəli arayışdan görünür ki, "xxxx" ASC-nin Yasamal filialı ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, GK № 024-05 nömrəli müqaviləyə əsasən Cavabdeh kredit ayrılmışdır. Həmin müqavilə üzrə zamin qismində İddiaçı olmuşdur. Kredit üzrə ödənişlərdə gecikmələr olmuş və zaminin əmək haqqından tutularaq ödənilmişdir. Zamin - İddiaçı bu kredit üzrə əmək haqqından 8249,01 manat tutulmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 425.2-ci, 442-ci, 448.1-ci, 475.1-ci və 1114.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli, GK № 024-05 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə kredit ayrılmış, İddiaçı isə sözügedən müqavilə üzrə zamin qismində iştirak edərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə cavabdeh ilə birlikdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdeh banka olan borcu üzrə ödəniş etməkdə gecikmələrə yol verməsi səbəbindən bank tərəfindən İddiaçı əmək haqqından 8249,01 manat məbləğində pul tutulması iddiaçının məhkəmədə verdiyi izahatı, həmçinin iş materiallarında olan sənədlər ilə tam təsdiq olunur. Cavabdeh banka olan borcuna görə iddiaçının əmək haqqından tutulmuş qeyd edilən məbləğdə pul vəsaitini iddiaçıya ödəyəcəyini vəd etmiş, lakin xeyli müddət keçməsinə baxmayaraq pulu indiyədək qaytarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 8249,01 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 103 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 8249,01 manat məbləğində pul vəsaiti və 103 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar