Məhkəmə qərarları › İş №2(012)-727/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-727/2025

26.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-727/2025 26.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Elchın İsmaılovun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Elchın İsmaılovun cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Elchın İsmaılov cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində blok 2c-də, 4B nömrəli binanın, 2 otaqdan ibarət olan 40 saylı mənzilin dəyəri olaraq "xxxx" MTK tərəfindən xx.xx.2013-cü il tarixli çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqaviləsinə əsasən ondan əlavə alınmış 4815 manat və iddia ərizəsini məhkəmədə təqdim etməsi üçün ödədiyi 70 manat dövlət rüsumunun və vəkilə ödədiyi 322 manat pulun "xxxx" MTKdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Elchın İsmaılovun vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, iddiaçı Elchın İsmaılov xx.xx.2013-cü il tarixdə "xxxx" MTK-dən “Çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilə” əsasında ünvan 1 ünvanında 69 kv.m mənzili 32000 manat pul məbləğinə (1 kv.m üçün 463 manat) təmirsiz mənzil almışdır. İddiaçı Azərbaycan Respublikasında yaşamadığı üçün mənzilin təmirinə uzun zaman sərf etmişdir. Ona görə də mənzilə dair çıxarışın verilməsi ilə bağlı Sumqayıt 1 saylı “Asan Xidmət” Mərkəzinə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Publik hüquqi şəxsə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Lakin sözügedən idarədə mənzil üzərində hüququn dövlət qeydiyyatı aparılarkən məlum olmuşdur ki, mənzilin sahəsi cavabdeh tərəfindən əsassız olaraq artıq göstərilmişdir. Belə ki, "xxxx" MTK-nın iddiaçı ilə bağladığı müqavilədə 69 kv.m olmasına baxmayaraq, təqdim edilən çıxarışda isə 58,60 kv.m olduğu qeyd edilmişdir. Cavabdeh sözügedən mənzilin sahəsini 10,4 kv.m artıq göstərməklə iddiaçıdan 69 kv.m sahəsi olan mənzilin dəyəri şəkildə əlavə pul alaraq əsassız şəkildə varlanmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestrindən çıxarış verilərkən mənzilin texniki göstəriciləri verilmiş texniki pasportda öz əksini tapmışdır. "xxxx" MTK tərəfindən tətbiq edilən alqı-satqı müqaviləsi şərtlərində qeyd edilən, lakin 10,4 kv.m əskik olan 4815 manat məbləği və kommunal ödənişlərdə hesablanmış artıq ödənişin iddiaçıya geri ödənilməsinin təmin edilməsi, əks təqdirdə məhkəmə müraciət etməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilata pretenziya məktubu göndərilmişdir. xx.xx.2023-cü il tarixli pretenziya məktubuna cavabda cavabdeh təşkilat mənzilin kvadratının 69,02 kv.m olduğunu göstərmişdir. Bununla pretenziya məktubunun əsassız olduğunu əsaslandırmışlar. İddiaçının məktubundan sonra elə həmin təşkilatın öz işçiləri gəlib onun mənzilinə baxış keçirmiş, profilaktik söhbət aparmış və bildirmişlər ki, mənzilin ölçüsü 69,02 kv.m-dir. Cavabdeh təşkilat 4815 manat artıq pul almışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Həmçinin ekspert rəyində mənzilin ümumi sahəsinin 59,243 kv.m olduğu müəyyən edilmişdir. Hesab edirlər ki, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi əsassız olaraq varlanmış və cavabdeh təşkilat tərəfindən ondan mənzilə görə 4815 manat artıq pul alınmışdır. Həmçinin evin kvadratına uyğun olmaqla əlavə olaraq kommunal xərclər də tərəflərindən ödənilmişdir. Bundan əlavə o, cavabdeh təşkilat tərəfindən iddia müddətinin hazırkı iddia tələbinə tətbiq edilməsinə dair ərizə ilə bağlı bildirir ki, qeyd edilən ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, cavabdeh təşkilat tikinti normalarını kənara qoyub öz mənafelərinə uyğun olaraq iddiaçı Elchın İsmaılov ilə münasibət qurmuşdur. İddiaçı ona məxsus mənzilə çıxarış almaq üçün müvafiq orqana müraciət edənədək mənzilin ümumi sahəsinin neçə kv.m olduğunu bilməmişdir. Hətta iddiaçının mülkiyyətində olan mənzilə sayğac belə çəkmək istəməmişdirlər. Hazırda iddiaçının ailəsi təzyiq altındadır. Tərəflər arasında uzun müddət ərzində danışıqlar aparılmış, lakin bunun heç bir nəticəsi olmamışdır. Hesab edirlər ki, hazırkı iddia tələbini irəli sürmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir. Çünki iddiaçı mənzilə dair çıxarış alanadək mənzilin ölçüsündə yol verilmiş qüsur barədə məlumatlı ola bilməzdi. İddiaçı hüququnun pozulduğunu bildikdən sonra cavabdeh şirkətə qarşı pretenziya vermişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini, cavabdeh təşkilatın iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X4 izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, mənzil MTK-nın yığıncağının səs çoxluğu əsasında verdiyi qərarı ilə şəxslərə verilir. Tərəflər arasında mənzil ilə bağlı bağlanmış müqavilənin 9.1.3-cü maddəsində mənzilin sahəsinin oxdan-oxa satıldığı bildirilmişdir. Onlar ev ilə bağlı sənədləri eyni ölçü ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsə göndərmişdirlər, lakin sözügedən qurum tərəfindən mənzilin sahəsi azaldılmışdır. Bildirdiyi kimi oxdan-oxa hesabladıqda mənzilin ümumi sahəsinin 69 kv.m olduğu müəyyən olunur. Həmçinin digər MTK-larda da mənzilin sahəsi oxdan-oxa hesablanılır. Əlavə olaraq qeyd edir ki, qarşı tərəf mənzilin sahəsi barədə yığıncaqda məlumatlandırılmışdır. Bundan əlavə o, iddia müddətinin hazırkı iddia tələbinə tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, Elchin İsmaılov ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində blok 2c-də, 4B nömrəli binanın, 2 otaqdan ibarət olan 40 saylı mənzilə dair xx.xx.2013-cü il tarixdə çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Mənzilə çıxarışın 2022-ci il tarixdə verilməsinə baxmayaraq, mübahisələndirilməyən haldan göründüyü kimi iddiaçı hazırkı iddianı mənzilin ona təhvil verilməsindən 10 ildən çox müddət keçdikdən sonra qaldırmışdır. Yəni iddiaçı iddia ərizəsi ilə 2024cü il tarixdə məhkəməyə müraciət etmişdir. Halbuki mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzili təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olur. Mülki Məcəllənin 776.1-ci maddəsinin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. Tərəflər arasında bağlanmış 16 aprel 2013-cü il tarixli müqavilənin şərtlərinə əsasən cavabdeh öhdəlik götürmüşdür ki, inşa etdiyi binanı şərtləşdirdikləri ölçüdə və qaydada tikərək təhvil verməlidir. İşin müəyyən edilmiş və mübahisələndirilməyən hallarından görünür ki, sifariş 10 il bundan əvvəl icra edilmişdir. Həmçinin qarşı tərəfin izahatlarından və işin müəyyənləşdirilmiş hallarından görünür ki, iddiaçı tərəf ailəsi ilə birlikdə həmin mənzildən 10 ildən çoxdur ki, yaşayır. Eləcə də hazırkı işdə iddiaçı mənzili təmir etdiyi halda onu qəbul etməsi məhkəmənin müəyyən etdiyi halıdır. İddiaçı özü də mənzili daha gec tarixdə ona təhvil verməsini iddia etməmişdir. Həmçinin qeyd edilməlidir ki, mənzili təmir edən iddiaçının mənzilin real sahəsi barədə məlumatı olmuş, ən azı o, mənzilin qəbul etdikdən sonra, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqaviləyə uyğun ölçülərdə olmasını yoxlamaq imkanında olmuşdur. Nəticə etibarı ilə göründüyü kimi iddiaçı tərəfindən Mülki Məcəllənin 776.1-ci maddəsində göstərilən iddia müddətləri pozulmuşdur. Odur ki, göstərilənləri nəzərə alaraq, o, iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan podratçı "xxxx" Mənzil Tikinti Kooperativi ilə payçı X3 (Elchın İsmaılov) arasında bağlanmış xx.xx.2013-cü il tarixli Çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69 kv.m olan mənzili 1 kv.m üçün 463 manat hesablanmaqla, cəmi 32000 manat pul məbləğinə təmirsiz vəziyyətdə olan mənzili almışdır. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli payçılıq vəziyyəti barədə arayışın surətindən görünür ki, payçı X3 (Elchın İsmaılov) Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış kompleksində 4b nömrəli binada, 2c blokda 2 otaqlı, sahəsi 69 kv.m olan 40 saylı mənzilin ümumi dəyərini tamamilə ödəmişdir və hazırda onun MTK-ya mənzil üzrə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 58,6 kv.m olan mənzil dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ üzrə Elchın İsmaılovun adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2025-ci il tarixli, 10/1363 saylı ekspert rəyindən görünür ki, Abşeron rayonu, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 4B ünvanında yerləşən 40 nömrəli mənzilin ümumi sahəsinin (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”ında qeyd olunan azaltma əmsalı tətbiq edilməklə) 59,243 m2 olduğu müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tətqiqatı zamanı müəyyən edilir ki, iddiaçı Elchın İsmaılov ilə "xxxx" MTK arasında xx.xx.2013-cü il tarixli müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı cavabdeh MTK-dan ünvan 1 ünvanında 69 kv.m mənzili 32000 manat pul məbləğinə (1 kv.m üçün 463 manat hesablanmaqla) təmirsiz mənzil almış, 2014-cü ildən mənzili təmir etdirmiş və həmin mənzilə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində xx.xx.2022-ci il tarixdə hüquqlarını dövlət qeydiyyatından keçirərək mülkiyyət hüququ əldə etmişdir. Həmçinin məhkəmədə sübutların tətqiqatı zamanı müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2013cü il tarixli müqaviləyə görə cavabdeh təşkilat "xxxx" MTK iddiaçıya ümumi sahəsi 69 kv.m olan mənzili təhvil verməli olduğu halda 59,243 kv.m olan mənzil verməklə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinin tələblərini, həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndini pozmaqla heç bir hüquqi əsası olmadan, ümumilikdə, 4517 manat (69 kv.m - 59,243 kv.m = 9,757 kv.m; 9,757 kv.m x 463 manat = 4517 manat) əldə etməklə əsassız varlanmış və iddiaçıya maddi ziyan vurulmuşdur. Qeyd olunan bu xüsusatlar iddia ərizəsi, iddiaçı tərəfin vəkili-nümayəndəsinin izahatı və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyun 2025-ci il tarixli, 10/1363 saylı ekspert rəyi ilə tam təsdiqini tapır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki işin məhkəmə gedişatında cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi məhkəməyə rəsmi qaydada iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən mənzilin ona təhvil verilməsindən 10 ildən çox müddət keçdikdən sonra iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmədə sübutların tətqiqatı zamanı işin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqavilə” mahiyyətinə görə həmin müqavilənin yaşayış sahəsinin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması işin mübahisə edilməyən hallarıdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən podrat müqaviləsi üzrə icranın qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı mübahisə predmeti olan mənzilə xx.xx.2022-ci il tarixdə çıxarış əldə etməsinə baxmayaraq həmin mənzilin iddiaçıya təhvil verilməsindən 10 ildən çox vaxt keçmiş, lakin iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələbinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan iddia müddətini tənzimləyən normalara əsaslanaraq hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Elchın İsmaılov tərəfindən dövlət büdcəsinə ödənilmiş 70 manat dövlət rüsumu və 322 manat məbləğində vəkil xərci də iddiaçının özünə aid edilməlidir. Bundan əlavə məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 25 iyun 2025-ci il tarixli, 10/1363 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci iddiaçı Elchın İsmaılovdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Elchın İsmaılovun cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus yaşayış kompleksində blok 2c-də, 4B nömrəli binanın, 2 otaqdan ibarət olan 40 saylı mənzilin dəyəri olaraq "xxxx" MTK tərəfindən xx.xx.2013-cü il tarixli çoxmənzilli yaşayış binasının tikinti haqqında fərdi müqaviləsinə əsasən ondan əlavə alınmış 4.815 manat və iddia ərizəsini məhkəmədə təqdim etməsi üçün ödədiyi 70 manat dövlət rüsumunun və vəkilə ödədiyi 322 manat pulun "xxxx" MTKdan tutularaq ona ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70 manat dövlət rüsumu və 322 manat vəkil xərci iddiaçıya aid edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 25 iyun 2025-ci il tarixli, 10/1363 saylı məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci iddiaçı Elchın İsmaılovdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X2, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK- CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar