Məhkəmə qərarları › İş №2(012)-729/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-729/2025

14.03.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-729/2025 14.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və mənzilə köçürülmə” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, payı üzərində ½ hissəsində hüquqları tanınan ünvan 1 ünvanında yerləşən 12 saylı mənzildən istifadəsinə yaradılan maneənin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2017-ci il tarixdə, 1 saylı Bakı “ASAN xidmət” Qeydiyyat Şöbəsində 340 qeydiyyat nömrəli nikaha daxil olmuşlar. Cavabdehlə birgə nikahdan 03 yanvar 2018-ci il təvəllüdlü X11 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)- 724/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən də göründüyü kimi cavabdehlə aralarında olan nikahın pozulması qət edilmişdir. Belə ki, cavabdehlə 12 sentyabr 2020-ci il tarixdə, yəni birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil əldə etmişlər. "xxxx" MTK ilə Əliyeva (Axiyeva) Zinyət Rafiq qızı arasında 12 sentyabr 2020-ci il tarixdə bağlanmış müqavilənin 3.2-ci maddəsindən də göründüyü kimi mübahisəli mənzilin alınması üçün 57.000 manat məbləğində pul ödənilmişdir. O, cavabdehlə 12 sentyabr 2020-ci il tarixdə, yəni birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil üzərində payının müəyyən edilməsi üçün iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-701/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ünvan 2 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının 12 saylı mənzilinə dair pay üzərində 1/2 pay nisbətində onun, 1/2 pay nisbətində isə Cavabdeh payı tanınmışdır. Yəni qeyd edilənlərdən də göründüyü kimi mübahisəli əmlak üzərində ½ hissədə pay haqqı mövcuddur. Lakin hazırda cavabdeh pay haqqı tanınan mənzildən istifadəsinə süni maneələr yaradır. Həmin mənzili tanımadığı şəxslərin istifadəsinə verir. O, hazırda pay haqqı tanınan, mülkiyyət hüququ olan əmlakdan istifadə edə, mənzilə daxilə ola bilmir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müracitə etmək zərurəti yaranmışdır. Daha sonra İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 12 saylı mənzildən istifadəsinə yaradılan maneənin Cavabdeh qadağan edilməsi və onun ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddia tələbinə etiraz edərək bildirdi ki, tərəflərdən heç biri mübahisəli mənzildə yaşamır. Mənzilin açarı cavabdehdə deyil. Cavabdehə əl ilə yazılmış kağızla satılmış evə görə verdiyi pulu qaytarmağa çalışırlar. İddiaçı tərəf iddia tələbini Mülki Məcəllə ilə əsaslandırmışdır. Lakin bu iddialar Mənzil Məcəlləsi ilə tənzimlənir. İddiaçının həmin evə mülkiyyət hüququ yoxdur. İddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-2(012)-724/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X12 ilə cavabdeh İddiaçı arasında 1 saylı Bakı şəhəri "ASAN Xidmət’ X13 tərəfindən 18 fevral 2017-cı ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 340 №-si ilə qeyd edilmiş nikahın pozulması, cavabdeh İddiaçı X4 xeyrinə 03 yanvar 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 191 (yüz doxsan bir) manat sabit pul məbləğində aliment tutulması, aliment tutulmasının əvvəli 10 noyabr 2022ci il tarixdən hesablanması, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-701/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, ünvan 2 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının 12 saylı mənzilinə dair pay üzərində 1/2 pay nisbətində İddiaçı, 1/2 pay nisbətində isə Cavabdeh hüquqları tanınması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3519/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-701/2024 nömrəli qətnaməsi ləğv edilməsi, iddia qismən təmin olunması, "xxxx" MTK tərəfindən inşa edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, ev № 3-də yerləşən 12 №-li mənzilə dair "xxxx" MTK ilə Axiyeva (Əliyeva) Zinyət Rafiq qızının arasında bağlanmış xx.xx.2020-ci il tarixli 43 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda Axiyeva (Əliyeva) Zinyət Rafiq qızı və İddiaçı hər birinin payı ½ (ikidə bir) hissə müəyyən olunması, iddianın qalan hissəsi təmin edilməməsi, hər bir tərəfin çəkdiyi məhkəmə xərci onun özünə aid edilməsi qət edilmişdir. İş materiallarında olan 12 sentyabr 2020-ci il tarixli 43 saylı müqavilədən görünür ki, X2 qəsəbəsində inşa edilən 11 mərtəbəli yaşayış evi № 3, mərtəbə 3, ümumi sahəsi 84,7 m2 olan 2 otaqlı 12 saylı mənzili "xxxx" MTK-dan 57.000 manata almışdır. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MTK tərəfindən Vəkil2 ünvanlanmış məktubdan görünür ki, Əliyeva(Axiyeva) Zinyət Rafiq qızı və İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin pay hüquqlu ilə üzvü olmamışdır. "xxxx" MTK-ya məxsus Bina 3 mənzil 12də Əliyeva (Axiyeva) Zinyət Rafiq qızı və İddiaçı ilə MTK arasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Göstərilən mənzilə dair, daxili qaydalara uyğun müvafiq pul məbləği MTK-nın hesabına köçürülməmişdir. 20 dekabr 2010-cu ildə daxili kredit əsasında X6 tərəfindən 29,645 manata alınmışdır. 12 sentyabr 2020-ci ildə öz aralarında razılaşma yolu ilə X3 həmin mənzili 57.000 manata X1. 2020-ci ildən nikahları pozulana kimi İddiaçı və Əliyeva (Axiyeva) X9 MTK-ya məxsus Bina 3 mənzil 12-də yaşamışdılar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmiş və onların birgə nikahından 03 yanvar 2018-ci il təvəllüdlü X11 adlı bir övladı vardır. Həmçinin tərəflər birgə nikah zamanı "xxxx" MTK tərəfindən inşa edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, ev № 3-də yerləşən 12 №li mənzili əldə etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3519/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx" MTK tərəfindən inşa edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi, ev № 3-də yerləşən 12 №-li mənzilə dair "xxxx" MTK ilə Axiyeva (Əliyeva) Zinyət Rafiq qızının arasında bağlanmış xx.xx.2020-ci il tarixli 43 nömrəli müqavilədən əmələ gəlmiş hüquqda Axiyeva (Əliyeva) Zinyət Rafiq qızı və İddiaçı hər birinin payı ½ (ikidə bir) hissə müəyyən olunması qət edilmişdir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən 12 saylı mənzildən istifadəsinə yaradılan maneənin Cavabdeh qadağan edilməsi və onun ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə köçürülməyi xahiş edir. Cavabdeh tərəf isə öz növbəsində iddia tələbinə etiraz edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə bütün hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş arvadı onu yaşadığı evdən qanuni əsas olmadan məhrum edib. Qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli mənzilə dair gözlənilən mülkiyyət (gözlənti) hüququ mövcuddur ki, cavabdehin hərəkətləri buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada qismən sübut edə bilmişdir. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından nüəyyən edilir ki, tərəflər 2020-ci ildən mübahisəli mənzildə yaşamışdırlar. Həmçinin tərəflərin hər birinin mübahisəli mənzilə dair bağlanmış müqavilədən irəli gələn hüquqa payları məhkəmənin qanuni qüvvəsini almış qətnaməsinə əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bunlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilə köçürülməsi hissəsində əsaslı hesab edilməlidir. Bununla belə, məhkəmə qeyd etməyi lazım bilir ki, iddia tələbi iddiaçının mənzildən istifadəsinə yaradılan maneənin Cavabdeh qadağan edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı qeyd edilən maneənin nədən ibarət olması barədə mötəbər sübutları məhkəməyə təqdim etməmiş və bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməldir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və iddiaçı Axiyev X10 rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi, ev 3 ünvanında yerləşən 12 saylı mənzilə köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Axiyev X10 rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi, ev 3 ünvanında yerləşən 12 saylı mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar