Məhkəmə qərarları › İş №2(012)-738/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-738/2022

08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-738/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndələri X1 və X2, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 6801,72 ABŞ dolları əsas və 3131,85 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9933,57 ABŞ dolları və ödənilmiş 138 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank cavabdehə 13 ay müddətinə, illik 25% olmaqla 7779 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Cavabdeh2 Qeze (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Bundan əlavə cavabdehin vəkili-nümayəndəsinin iddia müddətinin tətbiqiylə bağlı ərizəsi əsassızdır. Belə ki, cavabdehlərlə İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixində kredit şərtləri müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit şərtləri müqaviləsinin əsasında xx.xx.2015-ci il tarixində cavabdehlərlə hazırda mübahisələndirilən kredit müqaviləsi bağlanmışdır. Kredit sazişi müqaviləsində qeyd edilmişdir ki, bu saziş kreditləşmə və kredit şərtlərilə birlikdə müqavilə məfhumunu əmələ gətirir və bu saziş kredit şərtlərinin ayrılmaz tərkib hissəsidir. xx.xx.2014-cü il tarixində kredit şərtləri müqaviləsinin 8.1-ci bəndinə əsasən, müqavilə tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və əsas öhdəlik üzrə kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklər bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. xx.xx.2017-ci il tarixində cavabdehlərdən bankın xeyrinə borcun tutulması ilə bağlı məhkəmə əmri çıxarılmışdır. Beləliklə də, iddia müddətinin axımı həmin tarixdə kəsilmişdir. Cavabdeh1 məhkəmə əmrinə etiraz etmiş və iş baxılmamış saxlanılmışdır. Qeyd olunan kredit üzrə borc ABŞ dolları ilə olduğundan “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restrukturizasiya olunma ehtimalı vardır. Hesab edir ki, ABŞ dolları ilə borc müqavilələri üzrə mübahisənin məhkəmədən kənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyində həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə edilə bilməz. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı ASC-nin nümayəndəsi X3 digər nümayəndə ilə eyni məzmunda izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil məhkəmədə izahatında bildirdi ki, Cavabdeh1 2014-cü ildə İddiaçı ASC-dən 20000 ABŞ dolları məbləğində kredit götürmüş, ödənişlər etmiş və 3700 ABŞ dolları borcu qalmışdır. Devalvasiyadan sonra vətəndaş aldadılmış və 2015-ci ilin noyabr ayından yenidən daha yüksək məbləğə müqavilə bağlanmışdır. Sonuncu ödəniş 2016-cı il tarixində olmuşdur. Cavabdeh1 2-ci qrup əlildir və hərəkət imkanları yoxdur. 2017-ci ildə İddiaçı ASC cavabdehə qarşı borc tələbiylə məhkəməyə müraciət etmiş, daha sonra borcla bağlı ekspertiza keçirilmiş və Cavabdeh1 borcunun olmadığı müəyyən edilmişdir. O, iş təcrübəsi az olduğundan 2017-ci ildə məhkəmədə mülki işin baxılmamış saxlanılmasına etiraz etməmişdir. Odur ki, cavabdehin banka borcu qalmamışdır. Bundan əlavə o, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Bank tərəfindən verilmiş kredit borcu tam ödənildiyindən və eləcə də faizlərin hesablanıb tələb edilməsinə dair iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmək niyyətindədir. Əvvəla cavabdehin iddiaçıya heç bir borcu qalmamışdır, əgər belə olmasaydı beş ildən sonra Bank borc tələbi irəli sürməzdi. Məlumdur ki, bu sözügedən bankın ilk işi deyil. Sistemlərində nə baş veribsə vətəndaşları əsassız yerə məhkəmələrdə süründürürlər. Cavabdehin banka heç bir borcu olmadığından, eləcə də İddiaçı ASC-nin qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə Cavabdeh1 qarşı pul tələbinə dair hazırki mülki iş üzrə iddia müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, DF/73498/54/25 saylı kredit sazişindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən İddiaçı ASC Cavabdeh1 13 ay müddətinə, illik 25% olmaqla 7779 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, DF/73498/54/25 saylı kredit sazişi üzrə Cavabdeh1 6801,72 ABŞ dolları əsas və 3131,85 ABŞ dolları faiz borcu vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli, DF/73498/54/25 saylı kredit sazişi bağlanmışdır. Cavabdeh1 vəkili-nümayəndəsinin dediyi kimi Cavabdeh1 İddiaçı ASC-yə sonuncu dəfə 2016-cı il tarixdə ödəniş etmişdir. Bank isə bu günədək cavabdehə bir dəfə də olsun bildiriş yollamamış və borcu tələb etməmişdir. Hazırda Cavabdeh1 vəkili-nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı ASC-nin pul tələbinə dair iddia ərizəsi əsasında olan mülki iş üzrə iddia müddətini tətbiq edərək müddətin ötürülməsi səbəbindən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin vəkili-nümayəndəsinin ərizəsi təmin edilməli, iddiaçı bank müqavilə tələbləri üzrə olan 3 illik iddia müddətini ötürdüyündən,iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələblərinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinin tələblərinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinin tələblərinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinin tələblərinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinin tələblərinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə iddia tələbinin rədd edilməsi nəticəsinə gəldiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı ASC tərəfindən dövlət büdcəsinə ödənilmiş 138 manat dövlət rüsumu da iddiaçı təşkilatın özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 6801,72 ABŞ dolları əsas və 3131,85 ABŞ dolları faiz borcu olmaqla, cəmi 9933,57 ABŞ dolları və ödənilmiş 138 manat dövlət rüsumunun tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar