Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-75/2023 28.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Həsən Hüseynovun iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpa olunması üçün tələb olunan 11442 manat pul və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Həsən Hüseynov iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli UNİ-3028 saylı daxili lizinq müqaviləsinə əsasən, X3 müvəqqəti sahiblik və istifadəsinə İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən, X7 illik 12% hesablanmaqla 48 ay müddətinə, hər ay sabit məbləğ olmaqla 389.74 manat, ümumilikdə isə 18708 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 18708 manatın 14800 manatını əsas məbləğ təşkil edir. xx.xx.2019-cu il tarixdə X7, X8 və İddiaçı ASC arasında UNİ-3028 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və daxili lizinq müqaviləsi üzrə X8 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixdə isə X8, Cavabdeh və İddiaçı ASC arasında UNİ-3028 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdehin müqavilə və ödəniş cədvəlinin şərtlərinə əməl etmədiyi üçün iddiaçı qarşısında öhdəliyi yaranmış və bu səbəbdən də, iddiaçı Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli 2(012)-1024/2021 saylı qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin olunmuş, daxili lizinq müqaviləsi ləğv edilmiş, avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılması və cavabdehdən 2813.51 manat borcun tutulması qət edilmişdir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş avtomobil xx.xx.2021-ci il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, avtomobilə 11442 manat ziyan dəymişdir. Eyni zamanda, mülki iş üzrə məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə razı deyildir və iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1024/2021 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, UNİ-3028 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, lizinq obyekti olan 2014-cü il buraxılışlı, “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılması, Cavabdeh daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2021-ci il tarixə 2107.85 manat əsas, 695.66 manat mükafat və 10 manat dəbbə pulu olmaqla, cəmi 2813.51 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmişdir. -AC № 869770 saylı xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2014-cü il buraxılışlı “Daewoo Gentra” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-nin mülkiyyətindədir. -Lizinq verən İddiaçı ASC ilə lizinq alan X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli UNİ-3028 saylı daxili lizinq müqaviləsindən görünür ki, bu müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüş, lizinq obyekti lizinq alan tərəfindən seçilmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən, bu lizinq müqaviləsinin əsas məbləğini 14800 manat təşkil edir. Lizinq alan bu müqavilə imzalandığı gün 0 manat lizinq ödənişini lizinq verənə ödəməyi öhdəsinə götürmüş, ödənilmiş 0 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğ 48 ay müddətində illik 12 faiz həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Müqavilənin 2.4-cü bəndinə əsasən, bu müqavilə, müqavilə şərtlərinin pozulması nəticəsində ləğv və ya xitam olunarsa lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır, lizinq obyekti lizinq verənin sahiblik və istifadəsinə geri qaytarılır, bu zaman lizinq obyektindən istifadəyə görə ödənilmiş lizinq ödənişləri və digər məbləğlər lizinq alan tərəfindən lizinq verəndən tələb edilə bilməz. -Daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizinq alan X7 daxili lizinq müqaviləsi üzrə lizinq ödənişinə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 389.74 manat ödəməyi öhdəsinə götürmüşdür. -İddiaçı ASC ilə öhdəlikləri ötürən X7, öhdəlikləri qəbul edən X8 arasında bağlanmış xx.xx.2019-cu il tarixli UNİ-3028 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X7 daxili lizinq müqaviləsi üzrə İddiaçı ASC qarşısında götürdüyü bütün öhdəlikləri onu qəbul edən X5 ötürməyi, X8 isə bu öhdəlikləri ötürən X6 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi öhdəsinə götürmüşdür. -İddiaçı ASC ilə öhdəlikləri ötürən X8, öhdəlikləri qəbul edən Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli UNİ-3028 saylı öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X8 daxili lizinq müqaviləsi üzrə İddiaçı ASC qarşısında götürdüyü bütün öhdəlikləri onu qəbul edən Cavabdeh ötürməyi, Cavabdeh isə bu öhdəlikləri ötürən X5 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul etməyi öhdəsinə götürmüşdür. -Daxili lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, lizinq alan Cavabdeh daxili lizinq müqaviləsi üzrə lizinq ödənişinə görə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 389.74 manat, sonuncu ay isə 389.77 manat ödəməyi öhdəsinə götürmüşdür. -Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu haqqında aktdan görünür ki, İddiaçı ASC “Daewoo Gentra” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin kredit borcu ödənilmədiyindən təhvil-təslimini aparmışdır. Avtomobil şəxsi ekskovator vasitəsilə gətirilmiş, avtomobilin qapısı açıqdır, sağ yan güzgüsü yoxdur, qabaq hissəsi və sağ tərəfi əzilmiş vəziyyətdədir, sağ qapıların şüşələri sınıqdır. Sürücü avtomobili təhvil verməyə gəlməmişdir. -İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli 403 saylı xəbərdarlıqdan görünür ki, ASC daxili lizinq müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borcun məhkəmə qaydasında tutulacağı barədə xəbərdarlıq etmişdir. -İddiaçı ASC tərəfindən verilmiş "xxxx" MMC servisə məxsus qüsur aktından görünür ki, “Daewoo Gentra” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 11442 manat hesablanmışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən İddiaçı ASC-adlı quruma VÖEN: ********* dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, hüquqi ünvanı AZ1012, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, ev 4, X9, qanuni təmsilçi X1 olmasına dair xx.xx.2017-ci il tarixli, **********366700 nömrə ilə çıxarış verilmiş, qurum Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən, «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 22 saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/9170 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Avtomobillərə Texniki Xidmət Salonu” tərəfindən təqdim edilmiş qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, ** PK *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1481 manat müəyyən edilmişdir. Belə ki, dəyişilməli hissələrin qiyməti - 681 manat, təmir-bərpa işlərinin qiyməti - 800 manat. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3896 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 1481 manat müəyyən edilmişdir. Belə ki, dəyişilməli hissələrin qiyməti - 681 manat, təmir-bərpa işlərinin qiyməti - 800 manat. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8306 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9140 manat müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 8052 manat, təmir-bərpa işlərinin qiyməti - 2150 manat. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən, illik 3% (2-6%) aşınma nəzərə alınmaqla, 7 il (2014-2021) istismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən, 6990 manat müəyyən edilir: /8652,0-3%/-6 dəfə. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 747.1. maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli UNİ-3028 saylı daxili lizinq müqaviləsinə əsasən, “Daewoo Gentra” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq obyekti kimi lizinq verən İddiaçı ASC tərəfindən lizinq alan X3 müvəqqəti sahiblik və istifadəsinə verilmiş, lizinq alan isə dəyəri 14800 manat dəyərində müəyyən edilmiş lizinq obyektinə görə 48 ay müddətinə, hər ay 389.74 manat muzd haqqı ödənilmək şərtilə lizinq ödənişlərini etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 146-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Mülki iş materiallarına əlavə olunmuş öhdəliklərin ötürülməsinə dair xx.xx.2019-cu il tarixli UNİ-3028 saylı müqaviləyə əsasən, lizinq alan (öhdəliklərini ötürən) X7 lizinq müqaviləsi üzrə öhdəliklərini X5, X8 isə xx.xx.2020-ci il tarixli UNİ-3028 saylı öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən, öhdəliklərini tam həcmdə öhdəlikləri qəbul edən şəxsə, yəni, Cavabdeh ötürmüş, sonuncu şəxs müqavilə üzrə öhdəlikləri tam həcmdə qəbul etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, lizinq alan-Cavabdeh lizinq verəndən lizinq obyekti olan minik avtomobilini lizinqə götürmüş və müqavilə üzrə öhdəiklərini icra etməyərək lizinq obyektindən təyinatına görə istifadə etməmiş, nəticədə, avtomobilin təhvil-təsliminə dair aktdan görünür ki, minik avtomobili istifadəyə yararsız şəkildə iddiaçının müvəqqəti duracağına yerləşdirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. Mülki iş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1024/2021 saylı qətnaməsinə əsasən, iddia ərizəsi qismən təmin edilərək daxili lizinq müqaviləsi ləğv edilmiş, lizinq obyekti olan minik avtomobilinin geri qaytarılması və 2107.85 manat əsas, 695.66 manat mükafat və 10 manat cərimə olmaqla, ümumilikdə, cəmi 2813.51 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda isə İddiaçı ASC avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbindən müəyyən olunur ki, lizinq obyekti olan “Daewoo Gentra” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 11442 manat hesablanmışdır ki, bu da mülki iş materiallarına əlavə olunmuş qüsur aktı ilə öz təsdiqini tapmışdır. Avtomobilin zədələnməsi nəticəsində onun bərpası üçün tələb olunan real xərclərin ümumi dəyərinin qeyd olunan tarixə bazar qiymətinin müəyyən edilməsi üçün mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8306 saylı rəyi ilə nəzəri hesablama yolu ilə, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 9140 manat müəyyən edilmişdir. Beləliklə, mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizaları təyin olunmuş və məhkəmə ekspert rəylərini paralel şəkildə qiymətləndirib Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8306 saylı rəyini əsas sübut növü kimi nəzərə alıb qiymətləndirir. Ona görə də məhkəmə iddia ərizəsinin qismən təmin edilərək avtomobilə 9140 manat zərərin dəyməsi qənaətinə gəlir. Eyni zamanda, mülki iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 250 (100+100+50=250) manat pul vəsaitinin 50 manat hissəsi iddiaçıya, 200 manat hissəsi isə cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, “Daewoo Gentra” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 9140 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh “Daewoo Gentra” minik markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 9140 (doqquz min yüz qırx) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatlarına görə 250 (iki yüz əlli) manat pul vəsaitindən 50 (əlli) manat hissəsi İddiaçı ASC-dən, 200 (iki yüz) manat hissəsi isə Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov