Məhkəmə qərarları › İş №2(012)-756/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-756/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-756/2023 20.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 11340 manat borc və ödənilmiş 126 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona 10000 manat borcu vardır. 25 noyabr 2021-ci il tarixdə cavabdeh bu barədə qəbz yazaraq öz imzası ilə qızıllarla birlikdə 10000 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh hər ay 500 manat borcu ödəməyi öhdəsinə götürsə də hazırki günə kimi borcu qaytarmamışdır. Bu illər ərzində cavabdeh ona xeyli ziyan vurmuşdur. O, lombard müdirəsi kimi borcunun 3000 manatını lombarddan girov bileti ilə götürmüşdür. Hazırda, cavabdeh ona borclu olduğu puldan 3000 manatını ödəmişdir. Cavabdehin hazırda, borcu 7000 manat təşkil edir. Eyni zamanda, cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada faizlər ödəməlidir. Belə ki, həmin pul onda qalsaydı lombard kimi ayda 5%-lə verə bilərdi. Hazırda, həmin məbləğ əldən çıxmışdır. Götürdüyü 7000 manata görə cavabdeh hər ay 350 manat faiz ödəməlidir. Bu məbləğ 3850 manat təşkil edir. Eyni zamanda, Mərkəzi Bankın uçot dərəcəsinə uyğun olaraq illik 9% ödəməlidir. Bu məbləğ də 490 manat təşkil edir. Ümumilikdə, cavabdehin 11340 (3850+7000+490) manat borcu vardır. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də cavabdeh pulu geri qaytarmamışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət etmiş Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbləri ilə razı olduğunu bildirərək qətnamə çıxarılmasını, eyni zamanda, xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbləri ilə münasibətini, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Cavabdeh tərəfindən tərtib edilməklə imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, o, 3500 manat ödəmiş, xx.xx.2021-ci il tarixdə yenidən 7000 manat götürmüş və borc qızıllarla birlikdə 10000 manat məbləğ təşkil edir, hər ay 500 manat ödəyəcəkdir. -ƏİX seriya nömrəli 327467 saylı girov biletinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə qızıl-zinət əşyalarını girov qoymaqla 3000 manat kredit götürmüş və girovun çıxarılması müddəti xx.xx.2021-ci il tarixi müəyyən edilmişdir. -xx.xx.2021-ci il tarixli girov müqaviləsinə əlavədən görünür ki, Cavabdeh lombarddan götürdüyü 10000 manat kredit faizini 40 gün (30 gün öz vaxtı və 120 gün gecikmə) ardıcıl olaraq vaxtında ödəmədiyi halda lombard tərəfindən ona heç bir xəbərdarlıq edilmədən və iştirakı təmin edilmədən girovda olan əşyaların lombardın mülkiyyətinə keçirilməsinə etiraz etməmişdir. -Bakı şəhəri 14 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə 8i-2945 reyestr nömrəsi ilə təsdiq edilmiş Cavabdeh tərəfindən verilmiş **********945 saylı ərizədən görünür ki, Cavabdeh ona qarşı irəli sürülmüş iddia ərizəsi ilə razı olduğunu bildirmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu H.Məmmədov küçəsi 9 saylı evdə, Cavabdeh isə Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 20-ci küçə 5 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş yazılı qəbz əsasında müəyyən olunmuşdur ki, Cavabdeh imzası ilə təsdiq edilmiş qəbz əsasında İddiaçı 10000 manat borc almış və həmin borcu hər ay 500 manat olmaqla hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin borcu qaytarmaq şərtilə ilə götürməsinə baxmayaraq, qeyd olunan borcun geri qaytarılmasını təmin etməmiş, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən əlyazma formasında yazılıb imzalanmaqla iddiaçıya verdiyi qəbz və eyni zamanda, notarial qaydada təsdiq olunmuş etiraf xarakterli ərizəsi işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur, ona görə də etiraf kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən, bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən, başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur.

326. maddəsinə əsasən, birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki iş materiallarından göründüyü kimi, borcun olmasına dair yazılı qəbz və notarial qaydada təsdiq olunmuş etiraf xarakterli ərizə cavabdehin iradə ifadəsi əsasında tərtib olunmuş, onun imzası ilə təsdiq edilmiş qəbz birtərəfli əqd olaraq cavabdehdə iddiaçı qarşısında vəzifələr yaratmış və cavabdeh bu vəzifələrin yerinə yetirilməsi öhdəliyini daşımışdır. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən, iddiaçı yuxarıda qeyd edilən məbləğdə pul vəsaitini borc şəklində cavabdehə verməklə öhdəliklərini yerinə yetirsə də, cavabdeh həmin borcu vaxtında qaytarmamaqla öhdəliklərinin icrasından yayınmışdır. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya borcunun olmasına dair cavabdehin notarial qaydada təsdiq olunmuş etiraf ərizəsini qəbul edərək həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, Cavabdeh 11340 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 11340 (on bir min üç yüz qırx) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 126 (yüz iyirmi altı) manat olmaqla, ümumilikdə, cəmi 11466 (on bir min dörd yüz altmış altı) manat pul vəsaiti alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar