Məhkəmə qərarları › İş №2(012)-765/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-765/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-765/2023 13.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək ev üçün və evin təmirinə görə ödədiyi ümumilikdə 39325 manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödədiyi 208 manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt “Grand Park” yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə 31 yanvar 2017-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən “Grand Park” yaşayış kompleksində yerləşən C binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 60,50 kv.m. olan 2 otaqdan ibarət olan 70 nömrəli mənzili oğlu Cavabdeh1 üçün almışdır. Evə 11.800 manat ilkin ödəniş etmiş, bundan sonra isə ev üçün 17 ay hər ay 458 manat, bir ay isə 503 manat ödəniş etmiş və ödənişləri öz imzası ilə təsdiq etmişdir. Bu halı təsdiq edən müvafiq müqavilə də mövcuddur. Həmçinin bildirmişdir ki, evin təmirini də özü etmişdir. Evin təmirinə görə ustaya 5500 manat, təmirə isə 12.500 manat xərc çəkmiş və çəkdiyi xərclər barədə ödəniş qəbzlərini (hesab-faktura) məhkəməyə təqdim edəcək. Hal-hazırda Cavabdeh1 və onun keçmiş həyat yoldaşı Cavabdeh2 onun pulunu qaytarmır və ona olan borclarından boyun qaçırırlar. Bu səbəbdən də həmin pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə gedişatında X3 məhkəməyə müraciət edərək həmin mənzilə görə ödədiyi 916 manat pulun Cavabdeh1 və Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən “Grand Park” yaşayış kompleksində yerləşən C binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 60,50 kv.m. olan 2 otaqdan ibarət 70 nömrəli mənzilə görə ödənilmiş pullarla bağlı məhkəmənin qəbul edəcəyi qərar onun da maraqlarına toxuna bilər. Belə ki, o, həmin mənzilə görə hər ay 458 manat olmaqla, iki ay üçün cəmi 916 manat pul ödəmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X3 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 həm iddiaçının, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbini qəbul etdiyini və təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi-vəkili Nümayəndə2 hər iki iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Cavabdeh2 bildirdi ki, xx.xx.2014-cü ildə Cavabdeh1 ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Məryəm adlı qızları var. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikah qeydiyyatları pozulmuşdur. ünvan 1 ünvanında yerləşən “Grand Park” yaşayış kompleksində yerləşən C binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 60,50 kv.m. olan 2 otaqdan ibarət 70 nömrəli mənzilə görə “Yaşayış evinin tikintisinin sərmayələşdirilməsi” barədə 31 yanvar 2017-ci il tarixli müqavilə üzrə ödənişlər birgə nikah dövründə onunla Cavabdeh1 tərəfindən birgə ödənilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 23 saylı arayışından görünür ki, həmin müqavilə üzrə Cavabdeh1 borcu mövcud deyil. 2019-cu ildə mənzilin yerləşdiyi binanın tikintisi başa çatmışdır. Öz vəsaitləri hesabına evi yüksək səviyyədə təmir etdirmiş və 2020-ci ilin fevral ayında Cavabdeh1 ilə birlikdə mənzillərinə köçmüşlər. Cavabdeh1 ilə münasibətləri pisləşdiyi üçün 2022-ci ilin iyun ayının əvvəllərində qızı ilə birlikdə həmin mənzildən çıxmağa məcbur olmuşdur. Həmin mənzildə 2/3 hissədə payının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir və hazırda iş məhkəmənin icraatındadır. Keçmiş həyat yoldaşı Cavabdeh1 "xxxx" ASC-də, özü isə 2013-cü ildən Sumqayıt "xxxx" Mərkəzində işləyir. Hər ikisi yüksək əmək haqqı almış, birgə gəlirləri ilə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmişlər. O, yeddi il ərzində 91228,39 manat əmək haqqı almış və bu müddət ərzində özü iki belə ev almaq imkanına malik olmuşdur. O və keçmiş əri gündəlik işdə olduqları üçün bəzən ödənişləri keçmiş ərinin atasına vermişlər ki, "xxxx" MMC-yə ödənişləri etsin. Lakin bu pul vəsaitləri onların özünə məxsus olmuş, keçmiş qayınatası onlardan götürüb ödənişi icra etmişdir. Qayınatası təqaüdçüdür və əlavə heç bir gəliri yoxdur. Belə bir vəziyyətdə o ödəniş etmək iqtidarında olmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iddia əsassız olduğu üçün təmin edilməməlidir. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2014-cü ildə bağlanmış nikah pozulmuşdur. İşdə olan "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış Sumqayıt “Grand Park” yaşayış evinin tikintisinin sərmayələşdirilməsi barədə 31 yanvar 2017-ci il tarixli müqavilədən müəyyən edilir ki, sərmayəçi Cavabdeh1 ünvan 1 ünvanında yerləşən “Grand Park” yaşayış kompleksinin sərmayələşdirilməsində iştiak etmiş, icraçı "xxxx" MMC isə yaşayış evi istifadəyə verildikdən sonra C binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 60,50 kv.m. olan 2 otaqdan ibarət 70 nömrəli mənzilin sərmayəçi Cavabdeh1 verilməsini öhdəsinə götürmüş və Cavabdeh1 tərəfindən qoyulan sərmayənin ümumi məbləği 39.325 manat müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş arayışlardan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən “Grand Park” yaşayış kompleksinin C binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 60,50 kv.m. olan 2 otaqdan ibarət olan 70 nömrəli mənzilə görə icraçı "xxxx" MMC-yə İddiaçı 20.089 manat, X3 916 manat ödəniş etmişdir. İşdə olan 1 saylı Sumqayıt regional "xxxx" Mərkəzinin və Azərbaycan Beynəlxalq Bankı ASC-nin Sumqayıt filianının 08 dekabr 2022-ci il tarixli arayışlarından müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2014-cü ildən xx.xx.2022-ci ilədək 1 saylı Sumqayıt regional "xxxx" Mərkəzində Vətəndaşların qəbulu işinin təşkili sektorunda baş mütəxəssis vəzifəsində çalışmış və bu müddət ərzində əmək haqqının ümumi miqdarı 84.042,76 manat təşkil etmişdir. İşdən görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 14 avqust 2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Tərəflərin birgə nikahı dövründə 31 yanvar 2017-ci il tarixli müqavilə əsasında Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən “Grand Park” yaşayış kompleksinin C binasının 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 60,50 kv.metr olan 2 otaqdan ibarət 70 nömrəli mənzil əldə edilmiş və mənzilə görə ümumilikdə 39325 manat məbləğində ödəniş edilmişdir (ilkin ödəniş 11800, qalan ödənişin isə aylar üzrə ödənilməsi yolu ilə, sonuncu ödəniş xx.xx.2022-ci il tarix olmaqla). Həmçinin müəyyən edilmişdir ki, mənzilə görə "xxxx" MMC-yə edilən ödənişin 20089 manat məbləği İddiaçı, 916 manat məbləği isə X3 tərəfindən həmin MMC-də ödənilmişdir. Onlar iddia edirlər ki, tərəflərindən ödənilmiş pul vəsaitləri onların özlərinə məxsus olmuşdur və cavabdehlərə borc kimi vermişlər. İddiaçı, həmçinin iddia edir ki, mənzilin təmir xərclərini də o çəkmişdir. O, bununla bağlı məhkəməyə bir neçə qaimə-faktura təqdim etmişdir. Hazırda iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin pulları cavabdehlərdən tələb edirlər. Cavabdeh1 həm iddiaçının, həm də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbini qəbul edir. Cavabdeh2 isə hər iki iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı və X3 tərəfindən həyata keçirilmiş ödənişlər üzrə pul vəsaitləri sonunculara deyil, ona və keçmiş həyat yoldaşına məxsus olmuşdur, mənzilin təmir xərclərini də onlar öz hesablarına qarşılamışlar. Keçmiş qayınatası İddiaçı və keçmiş qaynı X1 ona və keçmiş həyat yoldaşına məxsus pulla "xxxx" MMC-də ödənişi həyata keçirmişlər. Məhkəmə işin mübahisəli hallarına qiymət verilməsi üçün tərəflərin ilkin və hazırki münasibətlərinin və davranışlarının xarakterini, onların gəlirlərinin həcmini, ödənişlərin həyata keçirilmə qaydasını, tərəflər arasında hazırda mövcud olan digər məhkəmə mübahisələrini və iş üzrə digər diqqət çəkən məqamları nəzərə almışdır. Bununla bağlı məhkəmə ilkin olaraq qeyd edir ki, mübahisəli mənzil hazırki iş üzrə cavabdehlərin birgə nikahı dövründə əldə edilmiş və mənzilə görə ödənişlər hissə-hissə xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixədək 5 il müddətində icra edilmişdir. Həmin müddət ərzində isə iş üzrə cavabdehlər nikah münasibətlərində olmaqla hazırki mübahisəli mənzilə görə ödənişlərini müstəqil həyata keçirməyə kifayət edəcək məbləğdə əmək haqqı almışlar. Həmçinin bu müddət ərzində hazırki iş üzrə tərəflərin münasibətləri normal olmuş və aralarında əmlak xarakterli hər hansı mübahisə yaranmamışdır. 2022-ci ildə hazırki iş üzrə cavabdehlərin münasibəti pisləşmiş və xx.xx.2022-ci il tarixdə nikahları məhkəmə qaydasında pozulmuşdur. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 keçmiş əri Cavabdeh1 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payın müəyyən edilməsi tələbi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən cəmi 13 gün sonra keçmiş qayınatası İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bu hallara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə cavabdehlərin mənzilin alınması üçün maliyyə vəziyyətləri kifayət qədər yetərli olduğundan mənzil üzrə ödənişlərin cavabdehlərin əvəzindən hazırki iş üzrə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən öz vəsaitləri hesabına edilməsi inandırıcı və real deyil. Digər tərəfdən, iddia edildiyi kimi, İddiaçı ödənişləri cavabdehlərin əvəzindən borc kimi öz vəsaiti hesabına etmişdirsə və bu, kifayət qədər xeyli müddəti (5 il) əhatə edirsə, hazırki iddianı daha öncədən deyil, məhz oğlu ilə gəlininin nikahları pozulduqdan və keçmiş gəlini oğluna qarşı əmlak tələbinə dair iddia qaldırdıqdan dərhal sonra verməsi belə qənaətə gəlməyə əsas verir ki, hazırki iddia formal xarakterlidir. Məhkəmə mənzilin təmirinə görə çəkilmiş xərcləri təsdiq edən sübut kimi iddiaçı tərəfindən təqdim edilmiş qaimə-fakturalara da qiymət verərək hesab edir ki, həmin qaiməfakturalar mənzilin təmiri xərclərini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, qaimə-fakturalarda göstərilən materialların məhz mübahisəli mənzilin təmiri üçün istifadə edilməsini təsdiq edən heç bir əlavə sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bu hallara qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olmaqla formal xarakter daşıyır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına əsasən mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, məhkəmə yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarlarına əsasəb əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.1 və 324.4-cü maddələri). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiaları təmin edilməsin. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar