Məhkəmə qərarları › İş №2(012)-768/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-768/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-768/2022 10.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 oğlundan iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 10352 manat əsas, 2158,06 manat faiz və 9,78 manat cərimə borcu olmaqla, cəmi 12519,84 manat və dövlət rüsumu olaraq ödənilmiş 128,05 manat məbləğində vəsaitin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 16.12.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 23% ödəmək şərtilə 10502 manat məbləğində kredit verilmiş, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Belə ki, onun 01.12.2021-ci il tarixinə iddiaçıya olan borcu 10352 manat əsas, 2158,06 manat faiz və 9,78 manat cərimə borcu olmaqla, cəmi 12519,84 manat təşkil edir. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbi ilə razı olduğunu bildirdilər. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan 16.12.2020-ci il tarixli əsas kredit və bank hesabı müqaviləsindən müəyyən edilir ki, borcverən "xxxx" KB ASC borcalan Cavabdeh1 100000 manat məbləğində, illik maksimum 32 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, 16.12.2030-cu il tarixədək müddət ərzində, bu müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlamaqla kredit verir və ona bank hesabı (cari, ssuda) açır. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birgə borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki işin materiallarında olan 16.12.2020-ci il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 "xxxx" KB ASC-dən istehlak məqsədləri üçün 60 ay müddətinə illik 23 % ödəmək şərtilə 10502 manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan 16.12.2020-ci il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında 16.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərilərinə götürür. Mülki işin materiallarında olan 01 dekabr 2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, borclu Cavabdeh1 "xxxx" KB ASC-yə 16.12.2020-ci il tarixli kredit müqaviləsi üzrə borcu 10352 manat əsas, 2158,06 manat faiz və 9,78 manat cərimə borcu olmaqla, cəmi 12519,84 manat təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin müəyyən edilən hallarına əsasən Cavabdeh1 müqavilə öhdəliklərinin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğu halda onları lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı "xxxx" KB ASC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Sadalanan maddi hüquq normasının tələblərinə və zaminlik müqaviləsinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 "xxxx" KB ASC qarşısında digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10352 manat əsas, 2158,06 manat faiz və 9,78 manat cərimə borcu olmaqla, cəmi 12519,84 manat məbləğində vəsait tutularaq "xxxx" KB ASC-yə ödənilməli, bununla da iddia təmin edilməlidir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, ödənilmiş 128,05 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10352 manat əsas, 2158,06 manat faiz və 9,78 manat cərimə borcu olmaqla, cəmi 12519,84 manat və dövlət rüsumu olaraq ödənilmiş 128,05 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar